1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bolqarıstanda rusiyalı iş adamı İqor Qreçuşkin həbs edilib. İstintaqın versiyasına görə, iş adamına məxsus olan və ammonium-nitrat daşıyan "Rhosus" gəmisinin 2020-ci ildə Beyrut limanında baş vermiş partlayışla əlaqəsi olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Euronews" nəşri Bolqarıstan ədliyyə rəsmilərinə istinadən məlumat verib.
Qeyd olunub ki, eyni zamanda Kipr vətəndaşlığına da sahib olan Qreçuşkin ötən həftə yaşadığı Kiprdən gələrkən Sofiya hava limanında saxlanılıb. İş adamının Livana ekstradisiyası üçün hazırlıqlar görülür.
Xatırladaq ki, 2020-ci ildə Beyrut limanında güclü partlayış baş verib. Partlayış zamanı ən azı 218 nəfər ölüb, 6 000-dən çox insan yaralanıb. Şəhərin bir neçə ərazisi tamamilə xarabalığa çevrilib, dəymiş ziyan milyardlarla dollar dəyərində qiymətləndirilib.
Livanın Ali Müdafiə Şurası daha sonra müəyyən edib ki, Beyrut limanının anbarında qaynaq işləri zamanı 2014-cü ilin sentyabrında "Rhosus" adlı gəmidən müsadirə edilmiş ammonium-nitrat partlayıb.