BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Türkiyədə Ağrı, Ermənistanda Ararat adlanan dağın təsviri Ermənistanın pasport ştamplarından götürüləcək.
Bunu Ermənistan parlamentinin "Vətəndaş müqaviləsi" fraksiyasının katibi Artur Hovhannisyan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti "qonşu ölkələri təhlükəli mesajlarla narahat etməmək üçün" bu addımı atır.
Türkiyədə yerləşən bu dağ Ermənistanda əsas milli simvol hesab olunur və Ermənistanın gerbində də onun təsviri var.
Paşinyanın tənqidçiləri Ermənistan hakimiyyətinin bu və ümumiyyətlə, milli rəmzlərə münasibətinin dəyişdiyini bildirirlər.
Artur Hovannisyan həmçinin deyib ki, "Ermənistan suveren dövlətdir və ölkəni beynəlxalq aləmdə təmsil edən dövlət möhürlərində Ermənistan Respublikasının simvolikası əks olunmalıdır.
Ermənistan Respublikası öz dövlət rəmzlərini rəhbər tutur və dövlət möhürü məhz dövlət rəmzlərini əks etdirməlidir".
Müxalif "Hayastan" fraksiyasının lideri Seyran Ohanyan Paşinyn hakimiyyətinin milli eyniyyətlə bağlı bütün simvolları ləğv etməyə çalışmasından narahat olduğunu bildirib.
Ohanyan: "Ararat dağı qonşu dövlətlərə heç bir ərazi iddiası ifadə etməyən simvolik obrazdır.
Bu simvollar təkcə tarixi irsimizin bir hissəsi deyil, bu - milli eyniyyətimizin təməl elementləridir", - deyib.
O, Ermənistan hökumətinin bu addımları təzyiq altında atdığını və Türkiyənin şərtlərinin təmin edilməsinə yönəlmiş ardıcıl siyasətinin bir hissəsi kimi nəzərdən keçirdiyini deyib.
Video açılmasa, Youtube-da izləyin.