AZ

Ermənistanın ordusuna ən real qiyməti Paşinyan özü verdi...


Ramil Məmmədli: “Paşinyanın etirafı tamamilə reallığı əks etdirir”

Ermənistan Azərbaycan ordusunu üstələyə bilməz. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Mürəkkəb Təhlükəsizlik və Davamlılıq 2025” konfransında bildirib.

Baş nazir qeyd edib ki, Ermənistana ordu lazım deyil: “Ordu nə qədər güclü olursa olsun, yenə də Azərbaycan ordusunu, üstəlik güclü müttəfiqləri olan Azərbaycan ordusunu üstələyə bilməz. Biz daim deyirdik: bizə güclü ordu lazımdır. Amma bu da elə bir məqamdır ki, özümüzə sual verməliyik: “Güclü ordu” nə deməkdir? Bu, müttəfiqlərlə birgə olan ordu deməkdir, yoxsa müttəfiqsiz? Əgər müttəfiqlərlədirsə, bir sıra suallar yaranır. Əgər müttəfiqsizdirsə, yenə də suallar yaranır. İndi geriyə baxaraq anlayıram ki, anlayışları dəqiqləşdirmək həyati zərurətdir. Əsas sual isə budur: Ermənistan dövləti, Ermənistan Respublikası öz ordusu qarşısında hansı vəzifəni qoyur?”.

“Bəli, Ermənistan Azərbaycan ordusunu üstələyə biləcək gücə, potensiala və resurslara malik deyil”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Paşinyanın etirafı reallığı əks etdirir: “Bunu şərtləndirən bir sıra faktorlar var. Birincisi iki ölkə arasında əhalinin sayında olan fərqlə bağlıdır. Azərbaycanın əhalisi 10,1 milyon nəfərdən çoxdur. Ermənistanda əhalinin sayı heç 3 milyon deyil. Biz Rusiya-Ukrayna müharibəsində əhali arasında böyük fərqin müharibənin gedişinə necə ciddi təsir etdiyini görürük. Rusiyanın əhalisi 3 dəfə çox olduğundan Ukraynada ciddi canlı qüvvə çatışmazlığı var. İkincisi, güclü ordu yaratmaq üçün güclü iqtisadiyyata, böyük maliyyə resurslarına malik olmaq lazımdır. Bu gün bunların heç biri Ermənistanda mövcud deyil. Ermənistanı himayə edən dövlətlərin bunu onların yerinə edəcəyi real deyil. Çünki ötən 30 ildə dünyada, o cümlədən Cənubi Qafqazda çox şey dəyişib. Üçüncüsü, Ermənistanın açıq dənizə çıxışı yoxdur. Məsələn, hansısa açıq dənizə çıxışı olsaydı Fransa və yaxud da digər bir dövlət bu ölkəni ən müasir silahlarla təmin edə bilərdi. Dördüncüsü, Ermənistanın ərazisi kiçik olduğu üçün strateji dərinlik problemi var. Yəni silah anbarlarını ölkənin dərinliklərində saxlamaq, gizlətmək imkanı yoxdur. Beşincisi, Azərbaycanın həm əhalisi çoxdur, həm maliyyə resursları böyükdür, həm də Türkiyə kimi NATO ölkəsi olan müttəfiqi var. Türkiyə ABŞ-dan sonra NATO-da ikinci böyük orduya malikdir. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, Paşinyanın etirafı tamamilə reallığı əks etdirir. Bəli, Ermənistan Azərbaycan ordusunu üstələyə biləcək gücə, potensiala və resurslara malik deyil”.

Vidadi ORDAHALLI

Seçilən
45
baki-xeber.com

1Mənbələr