AZ

Belə xalq yoxdur - azərbaycanlıların bu xüsusiyyəti hesabına problem həll edildi...


Aydın Mirzəzadə: “Bütün dünya ölkələri Azərbaycan xalqının bu əzmini danışır, müzakirə edir”

Məlum olduğu kimi, Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun bir neçə kəndində olub. Xocalı kəndlərinin sakinləri ilə görüşən dövlət başçısı onları doğma Qarabağ torpağına qayıtmaları münasibətilə təbrik edib.

Dövlət başçısı qeyd edib ki, bütün dünya bu gün Azərbaycan haqqında danışır: “Öz doğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən və qalib gələn ikinci ölkə yoxdur... Qələbəmizi təmin edən xalqımızın iradəsidir, xalqımızın öz doğma torpağına olan bağlılığıdır, bizim müştərək iradəmizdir, bizim döyüşkən xasiyyətimizdir”.

Doğrudan da, Azərbaycanın qələbəsi, zəfəri bütün dünya ölkələrinin dilindədir. Hər kəs öz torpağı uğrunda Azərbaycan qədər vuruşan, şəhid verən, qalib olan ikinci ölkənin olmadığını dilə gətirir.

Maraqlıdır, Azərbaycan xalqının öz torpağına bağlılığı qələbələrimizdə necə rol oynadı?

“Buna xalqımızın birliyi, mətinliyi, torpaq sevgisi, düzgün lider seçə bilmə qabiliyyəti və öz obası uğrunda canından keçmək mətanəti səbəb oldu”

Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan xalqı işğal altında olan torpaqları öz gücünə azad etdi: “Buna xalqımızın birliyi, mətinliyi, torpaq sevgisi, düzgün lider seçə bilmə qabiliyyəti və öz obası uğrunda canından keçmək mətanəti səbəb oldu. Xalqımız heç bir zaman Ermənistanın Azərbaycan torpağına qarşı iddiasını qəbul etməyib. 1988-1991 ci illərdə Sovet İttifaqının tərkibində olarkən belə maksimum şəkildə bu məsələyə müqavimət göstərdi. Ancaq Moskvanın Ermənistanı dəstəkləməsi torpaqlarımızın bir hissəsinin işğalına səbəb oldu. 1991-1993-cu illərdə dövlətimizin yenicə ayaq üstə dayanması, hakimiyyətdə siyasi komandaların bir-birini əvəz etmə istəyi də torpaq itkisi ilə nəticələndi. Ancaq ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dövlətimiz nəfəs almağa başladı, güclü Azərbaycan yarandı. Onun siyasətini ölkə başçısı İlham Əliyev davam etdirir.Beynəlxalq aləmdə Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı. Xalqın birliyinə böyük dəstək verildi. Ümumiyyətlə, xalq-hakimiyyət birliyi erməni iddiaları qarşısında dəmir divara çevrildi. 44 gün ərzində Azərbaycan torpaqları işğaldan azad edildi. Antiterror əməliyyatı zamanı isə Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin edildi. 8 avqustda Vaşinqtonda imzalanan sənəd tarixi bir dövrün əsasını qoydu. Bütün bunlar tək işğal altında olan torpaqları azad etməyib, eyni zamanda, həmin ərazilərin bərpasına da böyük əzmlə yanaşılmasına səbəb olub. Məlumdur ki, o ərazilərdə 50 mindən çox insan yaşayır, keçmiş məcburi köçkünlər böyük sevinclə öz yurdlarına geri qayıdır. İnsanların yaşayışı üçün hər bir şərait təmin edilib, edilir. Bununla yanaşı, Qarabağda beynəlxalq tədbirlər də keçirilir. Bütün bunlar xalqımızın əzmi ilə bağlıdır. Doğrudan da, bütün dünya ölkələri Azərbaycan xalqının bu əzmini danışır, müzakirə edir”.

Günel CƏLİLOVA

Seçilən
44
baki-xeber.com

1Mənbələr