Sahil Kərimli: “Bu reallıqlar dünya ictimaiyyəti tərəfindən də artıq düzgün qiymətləndirilir”
Finlandiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristi Narinen sentyabrın 15-də “Hərtərəfli Təhlükəsizlik və Qarşıdurma – 2025” beynəlxalq konfransı çərçivəsində “Ermənistan xəbərləri” – NEWS.am saytının müxbirinə müsahibəsində bildirib ki, qarabağlılar (Qarabağdan köçən ermənilər-İ.S) öz həyatlarını Ermənistanda qurmalıdırlar.
ATƏT-in Minsk Qrupunun buraxılması məsələsinə toxunan səfir deyib: “Bu, Ermənistan və Azərbaycan hökumətlərinin qərarı idi və ATƏT də, təbii ki, məmnuniyyətlə buna əməl etdi”.
“Hansı beynəlxalq mexanizmlərin Qarabağ xalqının (?) (Qarabağdan könüllü köçüb gedən ermənilər nəzərdə tutulur-İ.S) hüquqlarını təmin edə biləcəyi” ilə bağlı suala Narinen belə cavab verib: “Mən hesab edirəm ki, Minsk Qrupu uzun müddət fəaliyyət göstərməyən bir struktur idi, sadəcə olaraq mövcud idi. Praktikada, açığını desəm, ondan heç bir alət kimi istifadə oluna bilməzdi. Dağlıq Qarabağdan köçən insanlara gəldikdə isə, mən hesab edirəm ki, bizim edə biləcəyimiz ən yaxşı şey Ermənistana dəstək olmaqdır, Ermənistanın bu reabilitasiyasını, onun iqtisadi və sosial imkanlarını, bu xalqın siyasi və sosial imkanlarını gücləndirməkdir, onlar həyatlarını burda qurmalıdır. Əgər biz uzunmüddətli perspektivdən danışırıqsa, indi heç bir mühakimə yürütmək mümkün deyil”.
Finlandiyanın Ermənistandakı səfiri çox ağıllı söz deyib və bildirib ki, Qarabağdan gedən ermənilər həyatlarını Ermənistanda qurmalıdırlar, onların geri qayıtması məsələsi müzakirə mövzusu deyil.
Bu gün dünyada, beynəlxalq aləmdə o reallığı daha yaxşı başa düşürlər, nəinki Ermənistanda. Artıq dünya başa düşür ki, ermənilər öz həyatlarını Ermənistanda davam etdirməlidirlər.
“Finlandiyalı diplomat məsələyə olduqca gerçək bir yanaşma sərgiləyib və bununla ermənilərə lazımı mesajı verib”
Siyasi ekspert Sahil Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, Qarabağdan könüllü şəkildə Ermənistana getmiş ermənilərin sosial müdafiəsi və həyat şəraitlərinin yaxşılaşdırılması ilk növbədə Ermənistan dövləti tərəfindən təmin edilməlidir. S.Kərimlinin sözlərinə görə, bir qədər keçmişə qayıtsaq onu demək olar ki, Azərbaycanın suveren ərazisi olan Qarabağda vaxtilə yaşayan ermənilərə Azərbaycan dövləti Azərbaycan vətəndaşlığını qəbul edib bizim qanunlar əsasında bu ərazilərdə yaşamağı dəfələrlə təklif etdi. “Azərbaycan dövləti erməni əsilli Azərbaycan vətəndaşlarının da təhlükəsizliyinə daim zəmanət verirdi, onların Azərbaycan vətəndaşı kimi bu ərazilərdə yaşamasını təmin edəcəyini bəyan edirdi. Amma biz nə gördük? 2023-cü ilin sentyabrında baş tutan lokal antiterror tədbirlərinə qədər Azərbaycan ərazilərində yaşayan erməni əsilli şəxslər nəinki bizim ölkənin qanunlarına tabe olmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədilər, hətta separatçı və radikal meyllər nümayiş etdirməklə vəziyyəti daha da gərginləşdirdilər. Antiterror tədbirlərindən sonra həmin erməni əsilli şəxslər özləri öz istəkləri ilə Ermənistana qayıtdılar. Təbiidir ki, bu gün Ermənistan dövləti bu şəxslərin sosial müdafiəsi, onların öz həyatlarını Ermənistanda qurmaları üçün lazım olan tədbirləri görməlidir. O şəxslərin artıq geriyə dönüşü mümkün deyil. Çünki vaxtilə Azərbaycan dövləti dəfələrlə öz xoş niyyətlərini ortaya qoydu, onlara təhlükəsizlik zəmanəti verdi, vətəndaşlıq təklif etdi, amma həmin insanlar buna razı olmadılar. Əlbəttə ki, Azərbaycan ərazilərini tərk etdikdən sonra onlar üçün yeni səhifə açılıb, Ermənistan ərazisində, yaxud üçüncü, dördüncü ölkələrin ərazisində istədikləri kimi məskunlaşa və yaşaya bilərlər. Şübhəsiz, bu reallıqdır və bu reallıq təəssüf ki, Ermənistandakı bəzi dairələr tərəfindən düzgün qiymətləndirilmir. O qüvvələr bu kartdan istifadə edərək radikal və separatçı meyllərini ortaya qoyurlar, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinə maneçilik törətməyə çalışırlar. Bu cür neqativ çağırışlar edərək vəziyyəti gərginləşdirmək niyyəti güdürlər.
Amma bu reallıqlar dünya ictimaiyyəti tərəfindən də artıq düzgün qiymətləndirilir. Yəni əksər diplomatlar, siyasi dairələr gerçəkliyi qəbul edir və Qarabağdan könüllü köçüb gedən ermənilərin həyatının Ermənistanla bağlı olduğunu bəyan edirlər. Finlandiyalı diplomat məsələyə olduqca gerçək bir yanaşma sərgiləyib və bununla ermənilərə lazımı mesajı verib. Beynəlxalq alən bunu yaxşı anlayır, başa düşür və qəbul edir ki, həmin erməni əsilli şəxslər öz ölkələrində qalıb yaşasalar daha yaxşı olar”-deyə S.Kərimli qeyd etdi.
İradə SARIYEVA