AZ

Qadın fotolarını “Tik-Tok”da paylaşdı, ərinin qəzəbi ilə üzləşdi — TƏFƏRRÜAT

Abşeron rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin dekabrın 2-də rayonun Nübar qəsəbəsində baş verib. Şəki rayon sakini, 1993-cü il təvəllüdlü Ruslan həmin gün saat 23 radələrində yaşadıqları fərdi evdə həyat yoldaşı Ülkər ilə mübahisə edib. 

Onların arasında mübahisə qısqanclıq zəminində yaranıb. Mübahisə zamanı Ruslan arvadının sifət nahiyəsinə qəsdən bir dəfə yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Ruslanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, dekabrın 1-də,  bazar günü günorta evdə olarkən Ülkərin “Tik-Tok” hesabında hər hansı bir istifadəçinin canlı yayımına qoşulduğunu gördüm və ona iradımı bildirdim. “Tik-Tok” səhifəsinin ad və kodunu alaraq öz telefonum ilə hesabına daxil oldum”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 2-də, saat 23 radələrində evdə olarkən Ülkərin “Tik-Tok” hesabında silinmiş şəkillər bölümündə şəkillərə baxarkən tanımadığı bir oğlanla birlikdə çəkilmiş şəkillərini görüb: “Bu zaman Ülkəri oyadıb qonaq otağına apardım və şəkli göstərərək açıqlama istədim. Ülkər şəklin köhnə olduğunun bildirdi. Bu zaman əsəblərimi cilovluya bilmədim və onu bir dəfə yumruq zərbəsi ilə vurdum. Zərbədən  onun burnu sınaraq qanadı. Sonra ona kömək etməyi təklif etsəm də, qəbul etmədi. Ülkər qardaşı Rasimə zəng vuraraq hadisə barədə məlumat verdi. Rasim anası Təhminə ilə birlikdə yaşadığımız evə gəldi. Onu xəstəxanaya apradılar. Hadisədən sonra Ülkər uşaqlarla birlikdə Xırdalan şəhərinin Quşçuluq massivində yaşayan anasıgildə qaldı”. 

İş üzrə zərərçəkmiş Ülkərin sözlərinə görə, Ruslanın  başqa qadınlarla münasibətlərini bilib və boşanmaq istədiyini bildirib: “Dekabrın 1-də evdə olarkən mənim “Tik-Tok” şəbəkəsində bir istifadəçinin canlı yayımına qoşulduğumu gördü. Buna görə irad bildirdi və səhifəmin ad və giriş kodunu özündə qeyd etdərək mübahisə etdi. sonra evdən getdi. Ertəsi gün, axşam saatlarında təxminən saat 23 radələrində evdə yatarkən Ruslan evə gəldi. Məni oyadaraq digər yataq otağına apararaq telefonda şəkil göstərdi. Yanımdakı oğlanın kim olduğunu soruşdu. Mən heç cavab verməmiş yumruqla burnumdan vurdu. Zərbənin təsirindən burnum sınaraq qanadı. Özümdən getdim. Özümə gəldikdə təcili yardım maşınında olduğumu gördüm”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilin.

Təqsirləndirilən şəxs üzərinə cəza çəkmə müddətində yaşayış yerini saat 20:00-dan 07:00-dək tərk etməsi qadağan olunub. Ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi tapşırılıb. 

Bundan başqa, ona cəza müddətində Abşeron rayonu ərazisi hüdudlarını tərk etməsi də qadağan edilib. Məhkəmə qərarı olmadan yaşayış yerini  dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə əlavə vəzifə kimi təqsirləndirilən şəxs üzərinə kütləvi və digər tədbirlər  təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.

Fariz Məlikli
Demokrat.az
Seçilən
18
1
demokrat.az

2Mənbələr