AZ

7 il əvvəl 165 min nəfər idi, indi 130 min qalıb... Problem böyüyür...


İlham Əhmədov: “Uşaqların sayı artdıqca, tədrisin keyfiyyəti aşağı düşür və düşəcək”

Sentyabrın 15-də Azərbaycanda 2025-2026-cı tədris ilinə start verilib. Elm və Təhsil Nazirliyindən bildirilib ki, sentyabrın 15-də təqribən 2.2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayıb: “2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1.6 milyon şagirdin təhsil alacağı gözlənilir. Onlardan 130 mindən çoxu birinci sinif, təqribən 160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq”.

Son illər Azərbaycanda doğuşun kəskin azalması ilə bağlı birinci sinfə gedən uşaqların sayında da ciddi azalma müşahidə edilir. Məsələn, 7 il əvvəl 2018-ci ildə orta məktəblərin birinci sinfinə 165 mindən çox uşaq yollanıb. Bu il isə onların sayı 130 mindən artıq olub. Nəticədə 1-ci sinfə gedənlrin sayı 35 min azalıb. Ancaq buna baxmayaraq, Bakı məktəblərində sıxlıq azalmır. Niyə?

Şagirdlərin sayının azalması fonunda Bakı məktəblərində şagird sıxlığının artması miqrasiya ilə bağlıdır”

Sözügedən məsələyə aydınlıq gətirən təhsil sahəsi üzrə ekspert İlham Əhmədov “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “Həqiqətən də ölkədə dünyaya gələn uşaqların sayı ilbəil azalır. 2010-cu ildən sonra hər il doğulan uşaqların sayında 5-10 min nəfər azalma var. Sözügedən azalma tempi bugünə qədər davam edir. Ona görə də bu gün birinci sinfə gedənlərin sayı 7 il bundan əvvəl gedənlərin sayından 35 min nəfər azdır. Hesab edirəm ki, bu, təhlükəli tendensiyadır və hökumət bu barədə düşünməlidir. Azalmanı önləmək üçün kompleks tədbirlər görülməlidir və sosial güzəştlər edilməlidir. Məsələ ondadır ki, qonşu dövlətlərdə doğumu stimullaşdırmaq üçün xüsusi qərarlar qəbul edilir. Bunun nəticəsində əhalinin azalması önlənilir. Şagirdlərin sayının azalması fonunda Bakı məktəblərində şagird sıxlığının artması isə miqrasiya ilə bağlıdır. Problem ondadır ki, regionlardan Bakıya axın dayanmaq bilmir. Qeydiyyatları rayonlarda olsa da Bakıda yaşayırlar. Hər il rayonlarda onlarla məktəb bağlanır. Bu səbəbdən Bakıda və şəhərətrafı kənd və qəsəbələrdə məktəblərdə ciddi şagird sıxlığı müşahidə edilir. Elə şəhərətrafı yaşayış massivləri var ki, orada məktəb yoxdur. Orada yaşayanlar uşaqlarını digər məktəblərə aparır. Təbii ki, məktəblərdə sıxlıq varsa, bu, tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Regionlarda sosial-iqtisadi vəziyyət inkişaf edərsə, bu, Bakıya axının azalması ilə nəticələnəcək və məktəblərdə bu dərəcədə sıxlıq olmaz. O baxımdan, regionların sosial-iqtisadi inkişafına diqqət artmalıdır. Xüsusən aqrar sektorun inkişaf etdirilməsi vacibdir. Nəticədə həm Bakıda, həm də məktəblərdə sıxlıq azalacaq. Ən nəhayət, sıxlıqla əlaqədar Bakıda yeni məktəblərin, korpusların tikilməsinə ehtiyac var. Bu günlərdə Təhsil İnstitutunun direktoru çıxışında bildirdi ki, sinifdə uşaqların sayının artması keyfiyyətə təsir etmir. Ondan əvvəl də nazir bənzər fikir səsləndirmişdi. Fikrimcə, bu, səhv fikirdir. Sinifdə keyfiyyət uşaqların sayı ilə düz mütənasibdir. Uşaqların sayı artdıqca, tədrisin keyfiyyəti aşağı düşür və düşəcək. Üstəlik, uşaqlara keyfiyyətsiz dərsliklərlə dərs keçilir və onlar repetitor yanına gedirlər. Bu isə o deməkdir ki, məktəblərdə sıxlıq kimlərəsə sərf edir”.

Vidadi ORDAHALLI

Seçilən
55
baki-xeber.com

1Mənbələr