Yusif Bağırzadə: Gürcüstanın əsas hədəfi Abxaziya və Cənubi Osetiyanı geri qaytarmaqdır
“3+3” formatı Moskva–Tbilisi münasibətlərinin göstəricisi olacaq
Gürcüstanda qəbul edilən “xarici agentlər” haqqında qanunu Qərb dairələri demokratik dəyərlərə zidd və Rusiyaya yönəlik bir addım kimi qiymətləndirirlər. Lakin rəsmi Tbilisi bu tənqidlərin Gürcüstanın daxili işlərinə müdaxilə olduğunu bildirir. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu kontekstdə sərt açıqlama verərək bildirib ki, heç kimin, o cümlədən Avropa İttifaqının ölkəsinə təzyiq göstərməyə haqqı yoxdur. Onun sözlərinə görə, gürcü xalqına yuxarıdan aşağı baxmaq qəbuledilməzdir və bəzi Qərb ölkələrinin Gürcüstana “demokratiya dərsi” keçməsinə ehtiyac yoxdur. Bu bəyanatlar isə Aİ-Gürcüstan münasibətlərindəki gərginliyin daha da dərinləşdiyini göstərir.
Politoloq Yusif Bağırzadə Sherg.az-a Aİ-Gürcüstan və digər ölkələrinrəsmi Tiblisiyə qarşı olan münasibətindən danışıb:

"2024-cü ilin oktyabr ayında Gürcüstanda keçirilən parlament seçkiləri ərəfəsində hakimiyyətin qəbul etdiyi “xarici agentlər” haqqında qanun Avropa İttifaqı, ABŞ və Gürcüstan arasında münasibətlərin sərinləşməsinə səbəb oldu. Həm ABŞ siyasətçiləri, həm də Avropa İttifaqı komissarları Gürcüstanın demokratiya yolundan geri çəkildiyini, Rusiyaya meyilləndiyini və ölkədə avtoritar rejimin formalaşdığını bəyan etdilər. Bunu isə Gürcüstanın əsas partiyası olan “Gürcü Arzusu”nun rəhbərləri xoş qarşılamadılar. Nəticədə, Avropa İttifaqı institutları ilə Gürcüstan arasında gərginlik yaşandı.
Gürcüstan vətəndaşları hazırda vizasız rejim çərçivəsində Avropa İttifaqına üzv ölkələrə və ABŞ-a səfər edə bilirlər. Lakin bu gün Avropa İttifaqı rəsmi Tbilisi ilə əldə olunmuş vizasız rejimi ləğv etməyi müzakirə edir. Bu isə bizimlə qonşu olan Gürcüstanla Avropa İttifaqı münasibətlərinə ciddi zərbə vurur.
Biz istəyirik ki, qonşu ölkələrdə, xüsusilə də Gürcüstanda stabillik hökm sürsün. Lakin mövcud vəziyyətdə Avropa İttifaqının Gürcüstanın daxili işlərinə qarışması ürək açan hal deyil. Çünki bu, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin də qeyd etdiyi kimi, ölkənin daxili işlərinə qarışmaq deməkdir.
Politoloq bu gün Gürcüstanın əsas hədəfinin itirilmiş torpaqlar olan Abxaziya və Cənubi Osetiyanın yenidən ölkə tərkibinə qaytarmaq istədiyi olduğunu söyləyib:
"Böyük ehtimalla Gürcüstan hakimiyyəti ilə Rusiya hökuməti arasında bu məsələyə dair gizli danışıqlar aparılır. Söhbət əsasən Abxaziyanın geri qaytarılmasından gedir.
Son zamanlar Rusiya rəsmiləri “3+3” formatını yenidən gündəmə gətirdilər. Əgər Gürcüstan bu formatda iştirak edərsə, bu, Tbilisi ilə Moskva arasında müəyyən razılığın əldə olunduğu anlamına gələ bilər. Lakin Gürcüstan bu formatda Rusiyanın iştirakını əsas gətirərək iştirakdan imtina edərsə, bu, iki ölkə arasında heç bir razılaşmanın mövcud olmadığını ifadə edəcək".