AZ

Enerji təhlükəsizliyi böhranı: sərmayəsiz qlobal neft bazarı çökmə riskindədir

Beynəlxalq Enerji Agentliyinin (IEA) son hesabatı dünya enerji bazarının gələcəyi ilə bağlı ciddi xəbərdarlıqdır. Hesabata əsasən, neft və qaz hasilatının təbii azalması fonunda lazımi investisiyalar edilmədiyi halda, hər il bazardan Braziliya və Norveçin birgə illik hasilatına bərabər miqdarda neft çıxarıla bilər. Bu isə enerji təhlükəsizliyi, bazar sabitliyi və iqlim siyasəti üçün çoxsaylı risklər doğura bilər.

Son 10 ildə “upstream” investisiyalarında dalğalanmalar müşahidə olunur. 2014-cü ildə neftin qiymətlərindəki kəskin enişdən sonra qlobal sərmayələr 40%-dən çox azalmış, yalnız 2018–2019-cu illərdə müəyyən bərpa prosesi baş vermişdi. 2020-ci ildə pandemiya dövründə dünya üzrə “upstream” yatırımları 350 milyard dollar səviyyəsinə düşmüşdü ki, bu da son onilliyin ən aşağı göstəricilərindən biri idi. 2023–2024-cü illərdə müəyyən artım qeydə alınsa da, hələ də 2010-cu illərin əvvəlindəki səviyyəyə çatmayıb.

Hazırda neft və qaz sektoruna qoyulan sərmayələrin təxminən 90%-i mövcud yataqlardakı hasilat azalmasını kompensasiya etməyə yönəlir. Yalnız kiçik bir hissə isə artan qlobal tələbatı qarşılamaq üçün istifadə olunur. Bu tendensiya o deməkdir ki, yeni yataqların işlənməsi və texnoloji inkişaf kifayət qədər dəstəklənmir.

Hasilat azalmasının əsas səbəblərindən biri enerji sektorunun getdikcə daha mürəkkəb resurslara – şist yataqlarına və dərin dəniz ehtiyatlarına yönəlməsidir. Şist yataqlarında hasilat çox sürətli olsa da, həmin quyuların məhsuldarlığı kəskin şəkildə azalır. Dərin dəniz yataqlarında isə yüksək xərclər və texniki çətinliklər investisiyaların geri dönüşünü ləngidir.

Əgər bu meyl davam edərsə, qlobal enerji bazarında üç əsas nəticə qaçılmaz görünür. Birincisi, neftin qiymətləri sürətlə yüksələcək. Tarixi nümunələr göstərir ki, hər dəfə hasilat təklifində çatışmazlıq yarananda qiymətlərdə kəskin sıçrayışlar baş verir. 2022-ci ildə Rusiyaya qarşı sanksiyalar fonunda Avropada enerji böhranı buna bariz nümunədir. İkincisi, enerji idxalına yüksək asılılığı olan Avropa İttifaqı və Asiya ölkələri ən çox risk altında qalacaq. Üçüncüsü, bazardakı qeyri-sabitlik iqlim hədəflərinə də təsir edəcək, çünki ölkələr sabit enerji təchizatı olmadan bərpa olunan mənbələrə keçidi sürətləndirə bilməzlər.

Bərpa olunan enerji mənbələrinin rolu isə bu məqamda xüsusi önəm kəsb edir. Son illərdə günəş və külək enerjisi sahəsinə yatırımlar artıb: 2024-cü ildə dünya üzrə bərpa olunan enerji layihələrinə 600 milyard dollardan çox sərmayə qoyulub. Çin təkcə günəş panellərinin istehsalında qlobal bazarın 80%-nə sahibdir, Avropa isə külək enerjisinə yönəlmiş iri həcmli layihələrlə fərqlənir. Lakin bərpa olunan enerji mənbələri hələ də neft və qazın yerini tam əvəz edə bilmir. Qlobal enerji balansında neftin payı 30%, qazın payı isə 24% təşkil edir. Günəş və külək isə birlikdə yalnız 12–13%-lik paya malikdir.

Seçilən
21
aznews.az

1Mənbələr