AZ

Səyyad Aran: "AFFA həmişə səhv edir, yığma Qurban Qurbanova tapşırılmalıdır" - MÜSAHİBƏ

Milli Məclisin deputatı Səyyad Aranın Sportnet.az-a müsahibəsi

- İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra Azərbaycan millisinin Ukrayna ilə 1:1 hesablı heç-heçə etdiyi oyunu izlədiniz?

- Bəli. Ukrayna ilə oyunda uşaqlar can qoydular. Bu, onu göstərdi ki, futbolçular əvvəlki baş məşqçi Fernandu Santuşu istəmirdilər. Santuşun kənarlaşdırılması ilə uşaqlar özlərinə gəldilər və Ukrayna kimi komanda ilə heç-heçə oynadılar, diş göstərdilər. Yəni, hiss olunurdu ki, komanda Santuşu istəmir. Santuşdan onlar heç nədə bəhrələnmədilər. Bu adam yeganə əcnəbi baş məşqçi oldu ki, uzun müddət baş məşqçi kimi çalışmasına baxmayaraq, Azərbaycan millisi heç bir qələbə qazanmadı. Bu cür rüsvayçı bir adla Azərbaycan komandasından ayrıldı. Belə şey olar? Sən bu komanda ilə bir dənə də qələbə qazanmayasan.

- Azərbaycan millisinə kim rəhbərlik etməlidir?

- Mən qəti bu düşüncədəyəm ki, dünyada tanınan, böyük futbol istedadı, ölkədə və Avropada nüfuzu olan Qurban Qurbanov millinin başına gəlməlidir. Valeri Lobanovski vaxtilə həm Ukraynanın "Dinamo Kiyev" komandasının, həm də SSRİ millisinin baş məşqçisi idi. İndi biz bu təcrübədən istifadə etməliyik və komandanı Qurbana tapşırmalıyıq. Bu, yeganə düzgün çıxış yoludur. Əcnəbi mütəxəssisin gəlişinin qəti əleyhinəyəm. Nə qədər müəyyən dərəcədə zəif olsa da, dünya miqyasında tanınmasa da özümüzün yerli baş məşqçimizin olması daha məqsədəuyğundur. Bu adam komandanı əməlli-başlı qəbul edib hazırlaya bilər. Onlara 3 il vaxt vermək lazımdır. 6 aydan sonra nəticə istəmək sözün əsl mənasında savadsızlıq və məntiqsizlikdir. Niyə hamıya - Berti Foqtsa 6 il, Robert Prosineçki və Canni De Byaziyə 3 il dözdülər. Qurbana da dözmək lazımdır. Çünki onun istedadı var və o Azərbaycan futbolunun mentalitetini daha yaxşı anlayır və bilir. Buna görə fikrimcə, Qurban Qurbanov olsa, işlər qaydaya düşər. Biz Qurbana tapşırmalıyıq komandanı və onun işinə yaxın getməməliyik. O özü komandanı formalaşdıracaq və “Qarabağ” kimi, millini də əsl bir komanda edəcək.

– Bəs B variantınız varmı? Məsələn, namizəd qismində Ayxan Abbasov, Rəşad Sadıqovun adı çəkilir...

- Xeyr, B variantım yoxdur.

- Santuş Azərbaycan futboluna nə verdi?

- Onu AFFA rəhbərliyi gətirmişdi. AFFA həmişə səhv edir. Əcnəbi baş məşqçi gətirir ki, guya bizim futbolçuları daha yaxşı öyrədəcəklər. Əslində isə hazırkı futbolçuları öyrətmək lazım deyil. Uşaq futboluna güclü pul buraxmaq lazımdır. Azərbaycanda da mütləq şəkildə istedadlı uşaqlar var. Biri getdi “Barselona”ya.

- İbrahim Babayev...

- Bəli, İbrahim Babayev. Onu necə gördülər, götürdülər. Onun kimi uşaqlar var Azərbaycanda. Sadəcə yetişdirmək lazımdır, görmək lazımdır. Vicdanlı şəkildə o məşqçilər uşaq futboluna nəzər yetirməlidirlər. Nəzər yetirməlidirlər Respublikanın balaca oyunçularına. Hamısını da yenə də deyirəm, əslində o milyonlar var e, xarici məşqçilərə sərf edirlər, o pulları uşaq futboluna xərcləməlidirlər. Azərbaycanda futbol var.

- Amma tarixən də ciddi nailiyyətlər qazanılmayıb...

- Ölkədə həmişə zəngin futbol ənənələri olub. Anatoli Banişevski burdan çıxmadı? Kazbek Babayev burdan çıxmadı? Adil Babayev və Yaşar Babayev burdan çıxmadı? Mübariz Zeynalov, İsgəndər Cavadov, Maşallah Əhmədov – bunlar bizim uşaq futbolundan gəldilər də. Azərbaycan əsilli futbolçulardır bunların hamısı. SSRİ-də məşhur oldular. Valeri Bruxti var idi. Vitali Şevçenko Bakıda yetişmişdi. Lobanovski apardı ki, əlinin altında “ehtiyatda” saxlasın. Onu həmişə 10-15 dəqiqə qalmış buraxırdı. O, “Neftçi”də bütün 90 dəqiqəni oynayırdı. Amma təkcə Lobanovski onu yox, aralıqda da bir nəfəri apardı. Başqa komandaları da apardı. Yığdı “zapas” kimi əlinin altına ki, yeri gələndə bunlardan istifadə eləsin. Oynatmaya-oynatmaya Şevçenkonu məhv elədi, getdi. Bax, Bakı uşağı idi, “Neftçi”dən çıxmışdı. Bütün SSRİ-də məşhur idi. Sadəcə çox məşhur ola bilmədi, ona görə ki, Lobanovski onu oynatmadı. Hər dəfə oyun bitməsinə 10-15 dəqiqə qalmış meydana buraxdı. Yəni, Azərbaycanda uşaq futbolu var, sadəcə olaraq istifadə etmək gərəkdir. İşləmək lazımdır, onları axtarıb tapmaq lazımdır. Axtarıb tapmaqda, əlbəttə, güclü baş məşqçi lazımdır. Arada məşqçilərin özünə də sərmayə qoymaq lazımdır. Onları oxutmaq lazımdır Avropa məktəblərində, məşqçilik məktəblərində. Sonra onların ən yaxşı yetişmişini çağırıb Azərbaycanda – yenə də burda maliyyə rol oynayır – onlara yaxşı məvacib verib uşaq futbolunu inkişaf etdirmək lazımdır. Ki, qoy axtarsınlar, tapsınlar.

- Həmin futbolçuların çıxış etdiyi "Neftçi"nin keçmiş SSRİ miqyasında da cəmi bir nailiyyəti olub - bürünc medal. Sizcə, bu, daha çox hansı baş məşqçinin əməyi idi?

- Komandanın baş məşqçi var idi, Boris Arkadyev. Bütün Bakının məhəllələrini gəzirdi. Uşaqlar futbol oynayırdı. O da oturub onlara baxırdı. Onların arasından seçirdi. Özü də Arkadyev “Neftçi” bürünc medal alanda yarısına o məşqçilik etdi, yarısına Əhməd Ələsgərov. Əslində Arkadyev komandanın kökünü qoydu. Sonra onun içki içdiyi adı ilə qovdular, Əhməd Ələsgərovu gətirdilər. "Bürünc "Neftçi"nin əsasını, bax, Arkadyev qoydu.

İdman.biz

Seçilən
14
1
idman.biz

2Mənbələr