Olaylar.az xəbər verir ki, Politico nəşri məlumatı Avropa Parlamentinin Prezidenti Roberta Metsolanın göndərdiyi məktuba istinadla yayıb.
Mənbələrin bildirdiyinə görə, hər iki təşəbbüslə bağlı birgə debat oktyabrın 6-da keçiriləcək, səsvermələr isə oktyabrın 9-da ayrıca aparılacaq. Qeyd olunur ki, Komissiya prezidentinə eyni vaxtda iki etimadsızlıq təklifi irəli sürülməsi presedentsiz hadisədir. Proses müxtəlif siyasi spektrlərin iki zidd qütbündə olan fraksiyalar tərəfindən, Ursula fon der Leyenin sentyabrın 10-da İttifaqın vəziyyəti ilə bağlı çıxışından əvvəl başladılıb. Məlumata görə, sağçı "Patriots for Europe" qrupu öz təklifini solçuların təşəbbüsündən cəmi 20 saniyə tez təqdim edib, buna görə də onların layihəsi birinci səsverməyə çıxarıla bilər.
Bu, fon der Leyenin il ərzində ikinci etimadsızlıq səsverməsi olacaq. İyulun 10-da Strasburqda keçirilən sessiyada o, COVID-19 vaksinlərinin alınması ilə bağlı korrupsiya iddialarına görə oxşar prosedurla üzləşmişdi. Rumıniyalı deputat Georghe Piperea tərəfindən irəli sürülən həmin təşəbbüs qəbul edilməmişdi: səsvermədə iştirak edən 553 deputatdan 360-ı əleyhinə, 175-i lehinə səs vermiş, 18-i isə bitərəf qalmışdı.