İspaniyanın paytaxtı Madrid şəhərində ilk sürücüsüz elektrik avtobusu sınaqdan keçirilir. Maraqlıdır, yaxın illərdə belə bir yeniliyin Azərbaycanda tətbiqi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, sürücüsüz elektroavtobuslar artıq təkcə İspaniyada deyil, bir sıra Avropa və Asiya ölkələrində də sınaqdan keçirilib:
“Burada əsas məsələ onların sınaq müddətində necə nəticə verəcəyidir. Tesla və digər şirkətlərin istehsalı olan bu nəqliyyat vasitələri hələlik özlərini pis göstərməyib. Lakin əsas sual onların real yol şəraitində hərəkət qaydalarına uyğun olaraq necə işləyəcəyindədir”.
Ekspertin sözlərinə görə, sürücüsüz avtobusların təhlükəsizlik baxımından tam sınaqdan keçməsi vacibdir:
“Yanğın, alışma və ya batareyanın sıradan çıxması kimi risklər mövcuddur. Belə halların qarşısını almaq üçün ciddi nəzarət mexanizmləri və tədbirlər görülməlidir. Əks halda bu texnologiya hələ ki, tam tətbiq üçün meyarları doğrultmaya bilər”.
Əsədov hesab edir ki, Azərbaycanda sürücüsüz elektroavtobusların tətbiqi qısa müddətdə real görünmür. Bunun üçün həm texniki sınaqlar, həm də hüquqi-tənzimləmə bazası formalaşdırılmalıdır.
Aynurə İsmayıl
KONKRET.az