AZ

“Paşinyan sülh sazişini imzalamadan blokadadan çıxa bilməyəcək” – ÖZƏL

"Paşinyan hakimiyyəti hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasının vacibliyini anlayır. Bunun da hamıdan çox məhz Ermənistana vacib olduğunu bilir. Ona görə də hazırda Paşinyan hakimiyyətinin təbliğat kampaniyasında sülh sazişinin imzalanması məsələsi ön planda yer alır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçinin sözlərinə görə, Paşinyan hakimiyyəti yaxşı bilir ki, yekun sülh sazişi imzalanmasa, Ermənistan indiki blokada şəraitindən heç bir halda çıxa bilməyəcək. Bu isə ölkənin inkişaf perspektivlərini ciddi sual altında qoyur. Hakimiyyət anlayır ki, sülh sazişi imzalansa, həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlər normallaşacaq və nəticədə Ermənistan bu ölkələrlə iqtisadi-ticari əlaqələr qurmaq imkanı əldə edəcək. Bu da Ermənistana əlavə maliyyə və iqtisadi gəlir mənbəyi rolunu oynayacaq. Digər tərəfdən, rəsmi İrəvan yaxşı anlayır ki, Zəngəzur dəhlizinin açılmasında da məhz yekun sülh sazişinin imzalanması xüsusi yer tutur. Bu layihə Ermənistan üçün həyati əhəmiyyət daşıyan geo-iqtisadi layihədir.

Siyasi şərhçi qeyd edib ki, ABŞ ilə artıq bu məsələyə dair sənəd imzalanıb. Ona görə də həm ABŞ, həm də Ermənistan sülh sazişinin imzalanmasında maraqlıdırlar. Böyük ehtimalla, ABŞ də rəsmi İrəvana bu istiqamətdə müəyyən təzyiqlər göstərir. Yekun sülh sazişinin razılaşdırılmış mətninin Vaşinqtonda paraflanması da bu baxımdan simvolik xarakter daşıyır. Beləliklə, aydın olur ki, hazırda sülh sazişinin imzalanması Ermənistan üçün çox böyük əhəmiyyətə malikdir. Ancaq bu sənədin imzalanması üçün Ermənistan ilk növbədə öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ifadə edən bütün müddəaları aradan qaldırmalıdır. Bu isə yalnız referendum yolu ilə mümkündür.

"Paşinyan hakimiyyəti artıq yeni konstitusiya layihəsinin hazırlanması prosesinə başlayıb. Lakin Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, çünki növbəti parlament seçkiləri sürətlə yaxınlaşır.
Rusiya isə Paşinyan hakimiyyətini dəyişmək planını işə salmış kimi görünür. Ermənistanda Rusiyaya bağlı qüvvələr, erməni kilsəsi, erməni oliqarxiyası və radikal revanşist düşərgə hərəkətə gətirilib. Yəni Rusiya kəşfiyyatının agentura şəbəkəsi hazırda Paşinyan hakimiyyətini devirmək üçün əlindən gələni edir. Buna görə də Paşinyan hakimiyyəti konstitusiya dəyişikliklərini seçkidən əvvəl həyata keçirə bilməz. Əvvəlcə seçkilərdə qalib gələrək hakimiyyətdə qalmalıdır, daha sonra referendum keçirib konstitusiyanı dəyişə bilər. Yəni bu ardıcıllığı qorumaq məcburiyyətindədir. Əgər bunu bacararsa, seçkilərdə qalib gəldikdən sonra referendum vasitəsilə konstitusiya dəyişikliklərini həyata keçirə bilər. Ardınca yekun sülh sazişi imzalanacaq və bundan sonra həm sərhədlərin delimitasiya və demarkasiya prosesi, həm də Zəngəzur dəhlizinin açılması sürətlənə bilər. Bu səbəbdən prosesi hələ bir müddət davam edəcək bir mərhələ kimi qiymətləndirmək olar", - deyə E. Xalidbəyli vurğulayıb.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanda cərəyan edən daxili siyasi proseslərə Rusiyanın müdaxiləsi də müşahidə olunur. Bu müdaxilənin hansı səviyyədə həll edici olacağı, böyük ehtimalla, Paşinyan hakimiyyətinin də gələcək taleyini müəyyən edəcək. Ümumilikdə isə Paşinyan hakimiyyətini olduqca çətin bir mərhələ gözləyir. Əgər bu mərhələdən qalib çıxarsa, Cənubi Qafqazda bütün proseslərin pozitiv istiqamətdə inkişaf edəcəyi və Azərbaycanla yekun sülh sazişinin imzalanacağına şübhə yoxdur.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr