ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Dünyada yeni müharibələr, münaqişələr yaranmaqdadır. Yəni hazırkı çalxalanan dünyamız yeni müharibələrlə alovlanmaqdadır. Bu dəfə Misir, Türkiyə və digər ərəb, müsəlman ölkələri ilə İsrail üz-üzə gələ bilər. Çünki hazırda İsraillə Türkiyə arasında münasibətlər gərgin durumdadır. Hər an xırda bir qığılcım amansız müharibəyə çevrilə bilər. Xüsusilə də, İsrailin sentyabrın 9-da Qətərin paytaxtı Dohaya endirdiyi gözlənilməz hava zərbəsi mümkün toqquşmaların baş verə biləcəyi ehtimalları yaradır.
Türkiyə İsraili qısa müddətdə çıxılmaz duruma sala biləcəyi proqnozlaşdırılır. Çünki Türkiyə hərbi sənaye baxımından İsraildən qat-qat üstündür. Digər tərəfdən psixoloji üstünlükdə Türkiyənin tərəfindədir. Ən azı ona görə ki, yüz illər hazırkı İsrail torpaqları, eləcə də Qüds Tükrkiyənin varisi olduğu Osmanlı əraziləri olub. Hələ də yerli əhali Osmanlı imperiyasının zamanında tətbiq edilən müəyyən qayda və qanunlara riayət edir, mədəniyyətlərini yaşadırlar. Bunu şübhəsiz ki, İsrailin siyasi hakimiyyəti də anlayır. Ona görə də, Türkiyəyə qarşı ABŞ-ın təqdim etdiyi proqramdan kənara çıxan fikirlərin səslənməsinə və addımların atılmasına yol vermir. Sadəcə özləinin qürurlarını qorumağa xidmət edən fikirlər səsləndirirlər. Məsələn, İsrailin baş naziri Benyamin Netenyahu bəyan edib ki, onlar Türkiyə ilə münaqişəyə girmək istəmirlər, lakin bu baş versə, onlar geri çəkilməyəcəklər.
Onu nəzərə almaq lazımdır ki, bədəvi ərəblərlə druzlar arasında baş verən qarşıduma zamanı İsrail ikincilərin yanında yer almağa çalışdı və Suriya ordusunu hədəfə aldı, bədəvi ərəblərin yaşadıqları əraziləri bombaladı. Bu zaman Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyanı tək qoymayacaqlarını və qardaşlarımıza yardım edəcəklərini bəyan etdi. Eyni zamanda nazir Hakan Fidan Suriya Türkiyənin milli təhlükəsizlik məsələsi olduğunu bildirincə İsrail eyni soy-kökdən olduqlarını iddia etdikləri druzlara hərbi dəstək verməkdən imtina etdilər. Hətta İsrail Suriyanın ərazisində olan ordusunu geri çəkdi. Bütün bunlar onu deməyə əsas verir ki, İsrail Türkiyə ilə münaqişəyə girməkdən ehtiyat edir. Sadəcə yuxarıda qeyd etdiyim kimi qürurunu və özü haqqında formalaşmış imici çirkləndirməmək üçün siyasi rəhbərlik adından populist fikirlər səsləndirilir. Türkiyə isə fikrində ciddi görünür. Yəni İsraili Dohaya endirdiyi hava zərbələrinə görə peşman etməyə çalışır.
"Kim danışıqlar apardığı tərəfi öldürmək üçün səylə və sistemli şəkildə çalışırsa, danışıqlara mane olmaq məqsədi daşıyır"
Sentyabrın 14-ü və 15-də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Qətərin paytaxtı Dohada dövlət başçıları səviyyəsində fövqəladə Birgə Zirvə Toplantısı keçirilib. Sammitin İsrailin sentyabrın 9-da Dohaya hücumundan sonra keçirilməsi də Türkiyənin İsraili cəzalandırmaq fikrində qərarlı olduğunu göstərir. Toplantı Türkiyənin sədrliyi və dəstəyi ilə keçirilib. Sammit İsrailin 7 oktyabr 2023-cü il tarixindən Qəzzaya hücumları və onun Livan, Suriya, hazırkı fars-molla rejimini və Yəməni əhatə etməsindən sonra keçirilən İƏT-Ərəb Liqasının üçüncü Fövqəladə Birgə Zirvə toplantısıdır.
Qətər Əmiri Təmim bin Həməd Al Tani sammitə ev sahibliyi edib və açılış nitqi ilə çıxış edib. Al Thani, "Kim danışıqlar apardığı tərəfi öldürmək üçün səylə və sistemli şəkildə çalışırsa, danışıqlara mane olmaq məqsədi daşıyır", - deyə bildirib və əlavə edib ki, və ölkəsinin suverenliyini qorumaq əzmindədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili ittiham edən sərt açıqlamalarla çıxış edib.
Zirvə görüşündən sonra 25 maddədən ibarət birgə bəyannamə dərc edilib. İsrailin şiddətlə qınandığı bəyanatda, "İsrailin Qətərin paytaxtı Dohada həyata keçirdiyi qorxaq və qeyri-qanuni hücumu ən şiddətli şəkildə qınayırıq. Bu hücumun bütün ərəb və İslam dövlətlərinə qarşı bir hücum olduğunu bir daha təsdiqləyirik." Bəyanatda Qətərin BMT Nizamnaməsinə uyğun olaraq İsrailin hücumuna cavab vermək üçün atılan bütün addımlarda yanında olacağı vurğulanıb və İsrailin Qətəri və ya hər hansı ərəb və ya İslam ölkəsini yenidən hədəfə ala biləcəyi ilə bağlı təhdidləri birmənalı olaraq rədd edilib.
Qətərə hücumu suverenliyin açıq şəkildə pozulması və regional sülhə ciddi təhdid kimi qiymətləndirən bəyanatda Qətərə bu təcavüzlə mübarizədə yekdil dəstək mesajı paylaşılıb. Bəyanatda deyilir: “Bir daha bildiririk ki, İsrailin regionda yeni faktiki vəziyyət tətbiq etmək planlarına qarşı çıxmaq və buna qarşı mübarizə aparmaq lazımdır”. Dünyaya çağırış edən bəyanatda “Bütün dövlətləri İsraillə diplomatik və iqtisadi əlaqələri nəzərdən keçirməyə və ona qarşı hüquqi addım atmağa dəvət edirik” ifadəsi yer alıb.
Tramp hücumdan xəbəri olub-olmaması ilə bağlı suala “yox” cavabını verib
Dohada keçirlən sammitdə İsrailin Qətərə hücumunda ABŞ-ın əlinin olmasından təəssüf hissi ifadə olunub. Çünki ABŞ daim Qətəri özünün yaxın müttəfiqi hesab edib. ABŞ prezidenti Donat Tramp Qətəri səfəri zamanı ona dəyəri milyon dollar olan hədiyyə bağışlanmışdır. İndi isə ABŞ İsarilə Qətərə hücumuna dəstək verir. ABŞ rəsmiləri isə məsələ ilə bağlı ziddiyyətli açıqlamalar verirlər.
ABŞ Dövlət Departamentinə istinadən verilən məlumata görə, rəsmi Vaşinqton İsrailin Qətərə hücumdan “son anda deyil, əvvəlcədən” məlumatlandırılıb. Məlumata görə, İsrail rəsmiləri Netanyahunun ABŞ vaxtı ilə səhər saat 8:00-da Trampa zəng etdiyini, Qətərə hücumun səhər saat 8:51-də baş verdiyini və Trampın hücuma “yox” demədiyini qeyd edib. ABŞ prezidenti Tramp hücumdan xəbəri olub-olmaması ilə bağlı suala “yox” cavabını verib və Qətəri “vacib tərəfdaş” kimi xarakterizə edib.
ABŞ rəsmiləri raketləri havada gördüklərini və İsraildən izahat istədiklərini, hücumdan xəbərdar olduqlarını bildiriblər. ABŞ hücumdan xəbərdar olduqdan sonra Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Qətərə məlumat verməyə cəhd etdiyi, lakin çox gec olduğu iddia edilir.
Məlumdur ki, sentyabrın 9-da İsrail ordusu Dohada Həmas danışıqlar qrupunun yerləşdiyi binaya döyüş təyyarəsi ilə hücum edib.
HƏMAS-ın rəhbərliyini xilas edən hücum 6 nəfərin ölümü ilə nəticələnib: Həmas Siyasi Bürosunun üzvü Xəlil əl-Həyyanın oğlu, 4 Həmas üzvü və bir Qətər polisi öldürülüb. İsrailin baş naziri Benyamin Netanyahu 10 sentyabrda verdiyi açıqlamada Qətəri yeni hücumla hədələyərək, "Ya onları deportasiya edin, ya da məsuliyyətə cəlb edin. Əgər etməsəniz, edəcəyik", - deyə bidirib.
ABŞ prezidenti Donald Tramp isə bildirib ki, İsrail Qətərə növbəti hücum etməyəcək.Tramp Oval kabinetdə jurnalistlərin suallarını cavablandırarkən İsrailin Qətərə endirdiyi hava hücumundan danışıb.Qətərin “çox yaxşı müttəfiq olduğunu və çoxlarının bunu bilmədiyini” şərh edən Tramp, İsrailin baş naziri Binyamin Netanyahunun Qətərə bir daha hücum etməyəcəyini bildirib. Prezident Tramp İsrailin HƏMAS-a qarşı başqa tədbirlərə əl atacağına eyham vuraraq, “Netanyahu Qətəri vurmayacaq, bəlkə də onların arxasınca gedəcək”, - deyə qeyd edib.
Tramp bu cür açıqlaması ilə Qətəri, xüsusilə də Türkiyəni sakitləşdirməyə çalışır. Lakin Türkiyəni Trampın mövqeyi qane etmir. Rəsmi Ankara Netanyahuda Qətərə endirilən zərbələrə görə, üzhaqlıq gözləyir. Əks halda İsraili sonu yaxşı olmayan nəticələr gözləyir. Artıq bəzi Avropa dövlətləri Türkiyənin İsrailə qarşı hərbi əməliyyatlar keçirəcəyini qeyd edirlər. Almaniya, Fransa, eləcə də İsrail mətbuatı yaxın vaxtlarda Türkiyənin İsrailə hücum edə biləcəyindən yazır.
Türkiyə Qəzzada davam edən müharibəyə görə Təl-Əvivə qarşı ticarət embarqosu tətbiq etməklə yanaşı, İsrail təyyarələri üçün hava məkanını da bağladığını rəsmən açıqlayıb. Xarici işlər naziri Hakan Fidanın Böyük Millət Məclisində verdiyi bu bəyanat, iki ölkə arasında diplomatik gərginliyi yeni səviyyəyə daşıyıb.
Türkiyənin həm Qəzzada baş verənlərə, həm də Suriyada İsrailin artan hava zərbələrinə qarşı sərt mövqeyi, xüsusilə də İsrailin Dohaya hava zərbələri endirilməsinə rəsmi Ankaranın sərt münasibəti bir daha Yaxın Şərqdə yeni münaqişə ocağının yarana biləcəyindən xəbər verir. Analitiklərə görə, xüsusilə Suriyanın hava məkanında son zamanlar müşahidə edilən aktivlik fonunda, iki ölkənin maraqları daha tez toqquşa bilər.
Fələstini dövlət olaraq tanıyanların siyahısı genişlənir
Yaxın Şərqdə vəziyyətin gərginləşdiyi bir vaxtda İsrail yeni təhddidlərlə çıxış edir. “The Jerusalem Post”un yazdığına görə, İsrail ordusu Qəzzaya qarşı yeni qurudan hücuma başlayıb. Nəşrin iddiasına görə, İsrail tankları artıq şəhərə daxil olmağa başlayıb. ABŞ-da yerləşən X hesabında bir yazıda müdafiə naziri Katz qeyd edib ki, İsrail ordusu işğalın ardınca Qəzza şəhərinə qarşı şiddətli hücumlara başlayıb. İsrailin müdafiə naziri Katz X hesabında “Qəzza yanır” yazısı ilə status paylaşıb. Katz ordunun HƏMAS-ı “məğlub etmək” və israilli məhbusların azad edilməsini təmin etmək üçün şəhərə hücum etdiyini bildirib. İslam ölkələri bir daha İsrailin Qəzzaya hücumunu pisləyən bəyanatla çıxış edib. Bəyanatda vurğulanır ki, İsrailin “hərbi əməliyyat” kimi qələmə verdiyi hücumlar Qəzzada humanitar böhranı dərinləşdirir və beynəlxalq ictimaiyyətin artan tənqidinə səbəb olur.
Bu arada İsrailin Qəzzaya qarşı quru əməliyyatlarına başlaması dünyanın bir sıra ölkələrində hiddət və qəzəblə qarşılanıb. Almaniyanın kansleri Fridirix Mertz İsrailin hərəkətlərini məsuliyyətsiz addım adlandırıb. F.Mertz İsrailə qarşı silah embarqosu tətbiq ediləcəyini bəyan edib. Bəzi ölkələr isə Fələstini dövlət olaraq tanımaqla İsraili cəzalandırmağa çalışırlar.
Fələstin 1988-ci il noyabrın 15-də müstəqilliyini elan edəndən bəri BMT-yə üzv olan 147 ölkə Fələstini dövlət olaraq tanıyır. Yaxın vaxtlarda Fələstini dövlət olaraq tanımağa qərar verən ölkələr hüquqi prosesləri başa vurduqdan sonra bu rəqəmin 150-ni keçəcəyi gözlənilir. NATO üzvü olan 32 ölkədən 14-ü və G20-dən 10-u Fələstini tanıyır. Fələstini tanıdığını elan edən ölkələr arasında Böyük Britaniya və Fransa önə çıxır. Hər iki ölkənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olması bu qərarların xüsusi əhəmiyyətini verir.
Rusiya və Çin Fələstini 1988-ci ildə müstəqillik elan etdikdən sonra tanıyıblar. 2024-cü ilin yazında Barbados, İrlandiya, Yamayka, Norveç və İspaniya kimi ölkələr Fələstini tanıdı. İrlandiyanın baş naziri Simon Harris İsrailin baş naziri Benyamin Netanyahunu “dünyaya qulaq asmağa və Qəzzada gördüyümüz humanitar fəlakəti dayandırmağa” çağırıb.2025-ci ilin sentyabrında Avstraliya, Belçika, Kanada və Fransa Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında (BMGK) Fələstini tanımaq planlarını açıqlayacaqlarını elan ediblər. İspaniya, Finlandiya, İslandiya, İrlandiya, Norveç və Sloveniya daha əvvəl Fələstini tanıdıqlarını elan etmişdilər. Andorra, Avstraliya, Fransa, Kanada, Lüksemburq, Malta, Yeni Zelandiya, Portuqaliya və San Marino Fələstini hələ də rəsmi olaraq tanımayan Avropa ölkələri arasındadır.
Əgər Fransa və Böyük Britaniya Fələstini dövlət olaraq tanısalar, bu, İsrailə böyük zərbə olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 4-ü Fələstini tanıyacaq. Artıq Böyük Britaniya İsrailə xəbərdarlıq edib ki, Qəzzada atəşkəsə nail olunsun, əks halda Fələstini dövlət kimi tanıyacaqlar. Fransa Baş Assambleyası da yaxın günlərdə Fələstini tanıyacaqlarına dair bəyanatla çıxış edib. Bunun İsrailə qarşı qətnamələrə veto qoyan ABŞ-a təzyiq göstərəcəyi gözlənilir. Məlumdur ki, ABŞ daimi üzvlüyün verdiyi veto hüququndan istifadə etməklə Fələstinin müşahidəçi statusundan tam üzvlüyə keçməsinin qarşısını alır. Nəticədə BMT Təhlükəsizlik Şurasını bir çox qərarları icra olunmur. Əgər Fələstini dövlət olaraq tanıyan ölkələrin sayı 4-dən 3 hissəni keçərsə, o zaman Qəzzaya qurudan hücuma başlayan İsrailin bölgəni işğal etmək planlarını pozulacaq.
İLHAM ƏLİYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.