AZ

Sabiq icra başçısının oğlu sahibkarın obyektini mənimsəyib - FOTO

Əbdürrəhim Cuvarlı: “Mən səlahiyyətli qurumlara sual verirəm: mənə və ailəmə məxsus obyekti Xəqani Əhmədov necə özəlləşdirib?”

“Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik”

Beyləqan rayonu, Munis Abbasov küçəsi sakini Cuvarlı Əbdürrəhim Tariyel oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Baş prokuror Kamran Əliyevə müraciət edir:

“Cənab Prezident!

Cənab Baş prokuror!

Mən, Cuvarlı Əbdürrəhim Tariyel oğlu, yazaraq Sizdən kömək istəyirəm.

Bu il, iyun ayının ortalarında Beyləqan rayonunda yerləşən “Beyləqan” bazarında güclü yanğın oldu. Sahibkarlara külli miqdarda ziyan dəydi. Hər bir sahibkar başına necə çarə qılacağını fikirləşərkən rəhbərlik tərəfindən böyük “surprizlə” qarşılaşdıq.

Belə ki, rayonun keçmiş icra başçısı Xasay Əhmədovun oğlu Xəqani Əhmədov tərəfindən obyektlərimiz mənimsənilib. Bütün bu proses yanğından sonra olub.

Hazırda bazarın bir hissəsinin sahibi keçmiş əmlak müdiri Məhəmmədə, qalan hissəsi isə keçmiş icra başçısı Xasay Əhmədovun oğlu Xəqani Əhmədova aiddir.

Əhmədov Xəqanıya məxsus bazar ərazisində baş vermiş yanğın nəticəsində tamamilə sıradan çıxmış obyektlərin yerində hal-hazırda tikinti prosesi aparılır.

Bizim ailəyə məxsus obyekt də həmin bazarın içində yerləşirdi. Anam çoxuşaqlı olduğu üçün verilmişdi. Sənəddə də var ki, obyektin maya dəyəri ödənildikdən sonra yer bizə qalmalı idi. Yerin maya dəyəri ödənildikdən sonra hərraca çıxmadan, bizə təklif olunmadan Xəqani öz adına keçirib.

Biz bu qanunsuzluğun əziyyətini çəkirik. İllərdir ailəmizin qazanc yeri əlimizdən alınıb.

Bütün lazımi sənədlər və müqaviləmiz olub. Saxtakarlıqla mənimsəyiblər. Xasay Məmmədov hazırda məhkəmə sisteminədə müdaxilə edir. Belə ki, əlimizdə olan sübutlara baxılmadan qərar verilir. Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik.

Hörmətli Prezident!

Hörmətli Baş prokuror!

Böyük oyun qurub, saxtakarlıq edirlər. Zərərçəkənlər çoxdur. Hazırda bazarın 2 qapısını da bağlı saxlayırlar. Orada gedən tikinti işi də qanunsuz aparılır. Şəkillərdə də görəcəksiniz ki, yüngül tikinti apararaq, növbəti sahibkarların həyatını təhlükəyə atırlar. Adını da qoyublar ki, sahibkarlara dəstək oluruq. Halbuki orda bir daha yanğın olsa, 2-ci mərtəbədə olanlar sağ qalmayacaq.

Tikinti layihəsi belə, yoxdur. Bəzi suallar var ki, onların hamısı cavabsız qalıb:

1. Tikintiyə hansı qurum icazə verib və hansı əsaslarla? 

2. Tikinti layihəsi FHN və Şəhərsalma orqanları tərəfindən təsdiqlənibmi? 

3. Bu tikintiyə cavabdeh olan icra strukturları təhlükəsizliklə bağlı hansı tədbirləri görüb?

Əgər bu işlər qanunsuz və nəzarətsiz şəkildə aparılırsa, dərhal dayandırılmalı və məsul şəxslər barədə tədbir görülməlidir. 

Hesab edirəm ki, bu, təkcə bir vətəndaşın deyil, bütün ictimaiyyətin narahatlığına səbəb ola biləcək məsələdir. Bütün sahibkarlar səhv danışa bilərmi, Sizcə?

Biz obyekti işlətdiyimiz müddətdə dövlətin vergisindən heç vaxt boyun qaçırmamışıq. Bu yanğın sanki bazara sahib çıxmaq istəyənlərə fürsət oldu. Maraqlıdır, dövlət qurumlarında işləyənlər üçün qanun yoxdur? Biz dinc sakinlərin əlindən alınmalıdır mülkümüz?

Mən səlahiyyətli qurumlara sual verirəm: mənə və ailəmə məxsus obyekti Xəqani Əhmədov necə özəlləşdirib?

Heç vaxt geri çəkilməyəcəyik. Axıra kimi, səsimizə səs verilənə kimi müraciətlər edəcəyik. Təəssüf ki, bu gün hakimlər haqlı olduğumuz halda bizim haqqımızı tapdalayır. Hakimin özü də bəzi suallara cavab tapa bilmir. Amma yenə də qərarı onların xeyrinə verir.

Cənab Prezident!

Cənab Baş prokuror!

Sizdən artıq dərəcədə xahiş edirik, bizi qəbul edin, problemimizi daha ətraflı çatdıraq. İstəyirik ki, başımıza açılan saxtakarlıqları öz gözünüzlə görəsiniz. Çoxuşaqlı anaya dövlət tərəfindən verilən obyekt mənimsənilib, bizə kömək edin”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Seçilən
19
1
hurriyyet.az

2Mənbələr