AZ

ABŞ və Çin TikTok-un gələcəyi ilə bağlı razılığa gəldilər - DETALLAR

ABŞ və Çin Xalq Respublikası arasında TikTok platformasının ABŞ ərazisində fəaliyyəti ilə bağlı uzun müddətdir davam edən mübahisəyə dair ilkin razılaşma əldə olunub.

BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, razılaşmanın detalları Madrid şəhərində keçirilən görüşlər zamanı formalaşdırılıb və indi sənədin Prezident Donald Tramp və Çin lideri Si Cin pin tərəfindən bu cümə günü keçiriləcək telefon danışığında təsdiqlənməsi gözlənilir.

ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, TikTok-un ölkədə 17 sentyabra qədər tam bloklanması ilə bağlı təhdid, Çin tərəfini razılaşmaya gəlməyə vadar edən əsas amillərdən biri olub. Onun sözlərinə görə, ilkin razılaşma qüvvəyə mindikdən sonra, platformanın tənzimlənməsi və uyğunlaşdırılması üçün əlavə 90 günlük möhlət verilə bilər.

Amerikalı rəsmilər bildirirlər ki, Çin tərəfi üçün əsas şərt TikTok-un "çin kimliyinin" qorunub saxlanması olub və razılaşmanın ilkin şərtləri buna imkan verir. Digər tərəfdən, Vaşinqton milli təhlükəsizlik zəmanətlərinin təmin olunmasında israrlıdır.

Prezident Tramp razılaşma barədə danışarkən, Çin tərəfinin TikTok-un ABŞ-dəki aktivlərində pay sahibi olub-olmayacağının hələlik dəqiqləşmədiyini, bu məsələnin Si Cin Pinlə danışıqlar zamanı əsas müzakirə mövzularından biri olacağını qeyd edib.

Razılaşmanın qüvvəyə minməsi üçün həmçinin ABŞ Konqresinin də təsdiqi tələb olunacaq. Tramp ABŞ və Çin arasında mövcud olan münasibətləri "möhkəm və qarşılıqlı anlayışa əsaslanan" kimi dəyərləndirib.

Çinli rəsmilərin bəyanatına görə, razılaşma TikTok-un tövsiyə (rekomendasiya) alqoritminin ABŞ tərəfinə lisenziya ilə ötürülməsini də nəzərdə tuta bilər. Bu alqoritm platformanın ən mühüm texnoloji üstünlüklərindən biri hesab olunur və TikTok-un populyarlığında əsas rolu oynayır.

Mənbələrin bildirdiyinə görə, əgər bu razılaşma əldə olunmasaydı, ABŞ və Çin liderlərinin payıza planlaşdırılan görüşü sual altına düşə bilərdi. Hazırkı anlaşma, iki ölkə arasında ticarət və texnoloji münasibətlərdə gərginliyin azaldılması baxımından mühüm bir addım kimi qiymətləndirilir.

Seçilən
26
far.az

1Mənbələr