AZ

Xocalıya infotur təşkil edilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Xocalı şəhərinə növbəti infotur təşkil olunub.

Bu barədə APA-ya Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

İnfoturda Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində gəlirgətirən fəaliyyətlərə cəlb olunmuş bir qrup keçmiş məcburi köçkün iştirak edib. Onlar şəhərlə tanış olub, burada aparılan bərpa-quruculuq işləri, yaradılan məşğulluq imkanları barədə məlumatlandırılıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına əsasən, şəhərdə genişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir, infrastruktur bərpa olunur, burda işləyən və yaşayan insanlar üçün zəruri şərait yaradılır. İnfotur iştirakçıları Xocalı şəhərində və Ballıca kəndində olublar. Onlar Xocalı şəhərində və kənddə Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələri üçün yaradılan şəraitlə yaxından tanış olublar. Keçmiş məcburi köçkünlər infoturun çox faydalı və maarifləndirici olduğunu qeyd ediblər. Bildirilib ki, belə infoturlar Böyük Qayıdışın gedişi, bölgədə daimi məskunlaşma və iqtisadi fəaliyyətə inteqrasiya prosesi ilə yaxından tanış olmaq, gələcək üçün planlar qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş digər ərazilərə də infoturların keçirilməsi davam etdiriləcək.

Seçilən
36
17
apa.az

10Mənbələr