AZ

Türkiyə nümayəndəsi BMT-nin qaçqınlar üzrə ali komissarı vəzifəsinə namizəd göstərilib

Ankara, 16 sentyabr, AZƏRTAC

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rəhbəri vəzifəsinə namizəd göstərilib.

AZƏRTAC xəbər verir ki, BMT-nin hazırkı qaçqınlar üzrə ali komissarı Filippo Qrandinin onillik səlahiyyət müddəti başa çatıb və bununla əlaqədar digər şəxslərlə yanaşı, Türkiyə nümayəndəsinin də namizədliyi baxılması üçün təşkilatın Baş katibi Antonio Quterreşə təqdim edilib.

A.Yıldız Türkiyənin BMT-dəki daimi nümayəndəsi təyin olunana qədər uzun müddət Bosniya və Herseqovina, İraq, Liviya və Suriyada qaçqın və məcburi köçkünlərin problemləri ilə məşğul olub, həmçinin Türkiyə Prezidentinin müşaviri və xarici işlər nazirinin müavini vəzifələrində çalışıb.

Türkiyənin daimi nümayəndəsi Ankaranın qeyri-qanuni miqrasiya ilə mübarizə və qaçqınlara dəstək təcrübəsinə diqqət çəkib.

O, UNHCR-in üzləşdiyi maliyyə problemlərinə diqqət çəkərək qeyd edib ki, son on ildə dünyada qaçqın və köçkünlərin sayı iki dəfə artaraq 120 milyon nəfərə çatıb.

“BMT Baş katibinin hansı qərarı verəcəyindən asılı olmayaraq, Türkiyə BMT və digər beynəlxalq strukturlarla əməkdaşlığı davam etdirəcək”, - deyən daimi nümayəndə BMT Ali Komissarlığının missiyasını yerinə yetirməyə hazır olduğunu vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

Seçilən
27
1
azertag.az

2Mənbələr