AZ

"Hər bir cəmiyyətin özünəməxsus yanaşması var" - MÜNASİBƏT BİLDİRİLDİ

"Təhsilin ümumi vizyonu öz-özünə yaranmır. Təhsilin vizyonuna bugündən, dünəndən və sabahdan başlamaq lazımdır və düşünürəm ki, bu istiqamətlər üzrə artıq az da olsa başlanılıb". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nurizadə deyib.

O bildirib ki, xüsusən də rəqəmsal təhsil, təhsil-IT, təhsil-texnologiya, yeni münasibətlər, təhsil və elm, təhsil və istehsal münasibətləri nəzəri də olsa müəyyən kodeks formasında hazırlanıb: "Ən əsası odur ki, bu günün təhsili sabah üçün düşünə bilən, analitik təfəkkürlü, situasiyaya görə qərar verə bilən insanlar yetişdirməlidir. Məsələn, nazir Emin Əmrullayevin istər jurnalistlərə verdiyi brifinqdə, istərsə də ondan bir gün sonra keçirilən illik hesabat konfransında dediyi məsələlər - təhsil islahatları, müəllim keyfiyyəti, tədris məzmunu - hamısı gələcək təhsil vizyonuna aiddir.

Dünya ölkələri bu vizyona çoxdan başlayıb, biz isə çoxdan bu yolda olmalı idik. Əgər təhsilin vizyonunu dəyişmək istəyiriksə, onun məzmununa olan yanaşmanı dəyişməliyik. Sovet dövründəki kimi stereotipik və standart yanaşma ilə davam edə bilmərik. Təhsil bizə özümüzü dost olaraq qazandırmalıdır, düşünə bilən fərd olaraq yetişdirməlidir.

Müasir dünyanın təhsil modelləri və trendləri artıq Azərbaycanın təhsil vizyonunda əks olunmalıdır. Amma necə? Onları olduğu kimi yox, özümüzləşdirərək. Məsələn, Koreya təhsil modelini olduğu kimi tətbiq etmək olmaz, çünki Koreya cəmiyyəti fərqlidir. Hər bir cəmiyyətin özünəməxsus yanaşması var.

Müsbət nümunələri götürərkən onları milli çalarlara uyğunlaşdırmalıyıq. Məsələn, peşə təhsilində bir model götürürüksə, o modeldə biz də olmalıyıq. Singapur modelini tətbiq edəcəksə, orada Azərbaycan elementi də olmalıdır. Bu kimi detallar bizim gələcək təhsil vizyonumuzu formalaşdıra bilər".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
64
1
sia.az

2Mənbələr