AZ

Azərbaycan qadını - əsl Azərbaycan kişisi - Araz Hüseynov yazır

Bugünki Azərbaycan qadını və kişisi təzadlıdır. Azərbaycan xanımını və kişisini görəndə mən dəhşətə gəlirəm. Çünki adi, sadə, Şərq yönümlü ailədə tərbiyə alıb, böyümüşəm. Və bu fərqi daha çox görə bilirəm. Əvvəla, cəmiyyətimiz özü əxlaqsızlıq uçurumuna gedir və bu arada mənimlə tam razılaşa bilərsiniz ki, ilk də bu uçuruma sürükləyən, məncə, az qala xəstə bir aclıqla, vəhşi bir hissə sahib "kişi"lərimizdir. Fikirlərimi müqayisələrlə davamlayıram. Belə ki 90-cı illərin əvvəllərində, necə geyinməyindən asılı olmayaraq, küçədə bir kişi çönüb nə baxmazdı, nə də söz atmazdı (99%). Fikir versək doxsanların əvvəlində orta məktəbi bitirən məzunlar qardaş-bacı münasibətində bu gün də qalırlar. 

Mən 1994- 97- 98-ci illərdə  bibim oğlu, bibim qızı, xalam qızının məktəbi bitirib evlərində qız və oğlanların tədbirdə əylənmələrini görən adamam. 2000-ci illərdə bu, yavaş-yavaş avazıyırdı. İndi isə yalnız video kasetlərdə qalıb. Məncə, cavabı məndən də yaxşı bilirsiniz. Mən hərdən təəccüb edirəm, o baxışlarla baxan gözlər nə əcəb orbitindən çıxıb düşmür )), hansı sözlər atılmır, hələ addımları demirəm... 

Bu arada bir əlavə. Niyə Azərbaycan qadını uzun illərdi, hətta Sovet dönəmində belə, mini yubka, şalvar, daha nələr geyinə bilir, amma əsl Azərbaycan kişisi bu günə qədər yayın cırhacırında bişsə də şortik geyinə bilmir??? Mən şəxsən geyinmirəm. Evimə kənar adam, qohum gələndə də əynimi dəyişirəm, yoxsa sıxılaram. Milyon müqabilində belə satın alınmayan. Lakin pula satılan qadınlar, kişilər azdırmı? (amma şükür ki, var) 

Sevgisi pul, görüşü pul, dostluğu pul, ailə qurmaq niyyəti yenə də pul! .Keçmişi ləkələrlə dolu qızlarımız daha tez ərə gedir, nəinki mələk kimi qızlarımız “qismət” və “tale” deyib evdə qalırlar. Amma “qarıyırlar” deyirlər... Məncə, bu gün Azərbaycan  qızları özünə  bu "bəla" bu sirr nədir sualını cəmiyyətə verməlidirlər. 

Azərbaycan gənci niyə axı keçmişi qaranlıqlarla daha xoşbəxt olmağa çalışır? Niyə onları seçir? İlk zahiri görkəm -  99% çox gözəl bədən quruluşuna maliklik. Bəs, intellekt? (bizdə sinifdə hətta  orta məktəbdə qızlarımız idmana girməzdi). 

Hə, yadımdaykən hədsiz botoks, bədən şəkilləndirmə xəstəliyi yaranıb. Onu vaxtından tez edənlər hisslərini gizlətməz, hədsiz nəvaziş verər, çox da gözəl olmayan adi bir kişini o qədər nəvazişli sözlərlə göylərə qaldırar ki... Amma bunun yerə çırpılmağını düşünən olubmu? Bu yetimlər də gerçəkdən göylərdə uçurlar... Bütün məsələlərdə çox rahatlıqla dil tapar, ruhu da incimədən öz istədiyini etdirəcəkdir. Əksər hallarda sənə görə hər şeyini qurban verər. Və elə ən vacib səbəblərdən biri - intim. Daha bunu izahlamıram ). Əgər bir cəmiyyətdə dul, boşanmış xanıma “seks makinası” kimi baxılırsa, o cəmiyyətdə əxlaqın “ə” hərfindən belə danışmağa dəyməz. 

Bu gün bir qədər mehribanlıqdan sonra insanlıq halı kimi sirrini bölüşən belə xanımlara “mən səni anlayıram” deyən kişilərin “anlamaq” sözünün altında belə, “mən səninlə yatmaq istəyirəm, səninlə gəzmək, qeyri-leqal macəra yaşamaq istəyirəm” arzusu yatır. Əslində isə qadının ərindən ayrılma səbəbi dinləyənlər üçün maraqlı deyil, amma diqqətlə, anlayışlı biri kimi dinləyəcək. Ən azından qadının təsəvvüründə “ərindən fərqli olaraq mən anlayışlı biriyəm” obrazı yaratmaq üçün. Hə, bilirəm, “istisnalar var” deyəcəksiniz, “mən elə deyiləm” və s.i.a... Həm də deyəcəksiniz ki, sizdən fərqli olaraq cəmiyyətin 90%-dən çoxu belədir və belə düşünür. Sizin çoxunuzun isə bu 90-lığa heç bir aidiyyatınız yoxdur. Çünki bunu oxuyan hər kəs özünü yerdə qalan 10%-dən hesab edəcək. İçinizdə bir təsəlli verəcəksiniz özünüzə. Beləcə, rahatlıq tapacaq, bəlkə kimi, nəyisə yada salıb, üzərindən bir qurtum su da içəcəksiniz. 

Bu, bilirsiniz nəyi xatırladır? Hərbi xidmətdə hansısa hadisədən sonra bir zabit çıxıb taboru söyərdi ki, 90%-niz “filan-filansınız”. Çoxunun səsi çıxmazdı. Çünki hamı özünü qalan 10%-də hesab edirdi. Və o sözün ona heç bir aidiyyatı olmadığını düşünürdü. İstisnalar nə zaman ümumi qaydanı pozur ki?! Buna görə də elə dəqiq və ümumidən danışıram.

Bu gün Rusiyaya gedən kişilərimiz yüzlərlə sifət görmüş bir rus qadınıyla (hələ onun özündən 25-30 yaş böyük olmasını, onunla bərabər ola-ola başqalarıyla gəzməklərini qeyd etmirəm) vətəndaşlıq almağa görə nigah üçün “sinov” gedir, lakin Azərbaycanda həyat yoldaşı şəhid olan, xəstəlikdən ölənlərlə evliliyi özünə şərəfsizlik bilir. Niyə? Çünki Rusiyadakı qadının hoqqalarını burada bilən olmur. Onun yatdığı azərbaycanlı kişi olmayıbsa, bu, daha da rahatdır. Çünki o, ətraf üçün yaşayır. Demək ki, məqsəd heç də şərəf, nüfuz deyilmiş.  Bir-iki qohumunu da ora aparıb, çörək sahibi etsə, arada burdakı məktəbli yaşında övladına hədiyyələr göndərsə, olacaq lap “bomba” kişi. Hətta ailəvi əxlaq məsələlərini onun sözüylə həll edəcəklər...  Amma burada dostların üzünə necə baxa bilər?  Heyvani hisslər üçün virtualdan tutmuş, adi görüşə qədər dəridən-qabıqdan çıxıb, “işlərimi yoluna qoyum, səninlə evlənəcəyəm” deyib, dostlar arasına çıxanda “bazlıqdan gəlirəm” söyləyəndir. Bu cür insanların Azərbaycanda “facebook-da olmayan” birini aramalarını demirəm. Necə deyərlər, “illuminatilər”dən, Mason lojalarından, İŞİD-dən, “Mossad”dan, CİA-dan daha təhlükəli bir güc var: Camaat. Camaat nə deyər? Çünki burada heç kim özünü yaşamır, burada hər kəs “camaat nə deyər” aksiomu üçün yaşayır. Hətta metroda yer verənlərin də əksəri başının üstündə duran xanıma onun hamilə olmasına, yaşına, qadınlığına görə deyil, “ətrafdan baxanlar nə deyər” düşüncəsinə görə edir. 

Bayaq bir dostumuz dedi ki, Rusiyada bunlara əhəmiyyət vermədikləri üçün sağlamdırlar. Qidanı, sağlam həyat tərzini demədi. Məhz bunu dedi. Hələ qadına ərindən qalanlara, özündə olanlara görə də münasibətə girənləri də az görmədik. Miras varsa  nə şərəf, nə keçmiş önəmli olmayacaq. Kasıba mühafizəkar baxan oğlanın baxışları qəfildən müasirləşir. Nə olsa da, qadının pulu ilə zatən özünə şərəf, ləyaqət toplayacaq. Qadın isə ərindən, özündən qalma obyektlərini gəzib, övladının başını tumarlayıb, özünü aldadacaq. Və özünü aldatdığının fərqində olaraq…

P.S. Siz isə, mənim özünə “maarifçi” deyən qardaş-bacılarım, durub Dostayevskinin “Cinayət və Cəza”sından yazıb, insanlara vicdan oyanışından danışırsınız. Bu format da onlar üçün tez deyilmi?

P.P.S. Heç mənim yazım da düz qurulmayıb. Bir qadının qarşısına tanıtım üçün təhsilini, savadını, peşəsini deyil, “dul”, “ayrılmış”, tənha sözləri qoyulursa, ta heç zad...

 

Seçilən
19
adalet.az

1Mənbələr