AZ

Ağa körpüsü: ulularımızın yadigarına diqqət ayıraq

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Maddi mədəniyyət abidələri tariximizin səhifələridir. Bu səhifələr vərəqləndikcə ulu babalarımızın keçdiyi böyük həyat yolu gözlərimiz qarşısında canlanır. Tarixi abidələri öyrəndikcə yaddaşımız daha da güclənir, möhkəmlənir, vətənin hər qarış torpağına olan məhəbbətimiz daha da artır. Bu abidələr vasitəsilə babalarımızın yaşayışını, təsərrüfat həyatını və mədəniyyətini öyrənmək olur. Bütün bunlarla yanaşı, tarix və mədəniyyət abidələrimiz mənəvi həyatımızın, tariximizin daşlaşmış  yadigarı olaraq xalqımızın əsrlər boyu bu torpaqlarda yaşadığını sübut edir.  

Bu cür tarix və mədəniyyət abidələrimizdən biri də Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin sonbeşik qızı, xeyirxahlığı ilə özünü hamıya sevdirməyi bacaran, bütün Qarabağda "mərhəmət carçısı" kimi tanınan Gövhər ağa tərəfindən 1825-ci ildə inşa etdirilmiş Ağa körpüsüdür. Uzunluğu 25 metr, eni isə 7 metr olan bu birtağlı körpü dairəvi şəkildə olaraq xalqın vacib ehtiyacını təmin etmək məqsədilə tikilib. Bu körpü  indiki Xankəndinin ərazisində  - Xəlifəli çayının Daşaltı çayına qovuşduğu yerdə inşa olunub və Qarabağ xanlığının yadigarı kimi həmişə sevilib və diqqət mərkəzində olub.

Azərbaycan əraziləri işğal altında olarkən abidələrimizin erməniləşdirilməsi, azərbaycanlıların izlərinin itirilməsi, yer-yurd adlarının və toponimlərinin dəyişdirilməsi istiqamətində aparılan işlərə Ağa körpüsü də məruz qalıb. 2009-cu ildə İrəvanda erməni, rus və ingilis dillərində nəşr olunmuş Samvel Karapetyanın müəlllifi olduğu "Mostı Arüaxa" ("Arsakın körpüləri") kitabında Gövhər ağanın tikdirdiyi Ağa körpüsü "Most Mazi" kimi qeyd olunub.

 İri çay daşlarından hörülmüş, yaxşı və səliqəli yonulan sal daşlarla üzlənmiş, həm memarlıq, həm də sənətkarlıq baxımından əvəzsiz bir sənət əsəri olan, Qarabağ tikinti mədəniyyətinin yüksək səviyyəsini, yerli bənna və inşaatçıların peşəkar mühəndislik qabiliyyətini nümayiş etdirən və nəhayət, ulularımızdan  yadigar qalan, ermənilərin "özəlləşdirmək" istədiyi "Ağa körpüsü" təəssüf ki, bu gün diqqətdən kənarda qalıb. Xankəndinin işğaldan azad olunmasından 2 il ötməsinə baxmayaraq, Ağa körpüsünün ətrafı işğal dövrünün tör-töküntülərindən,    qamış və ot-alaqdan təmizlənməyib. 

Unutmamalıyıq ki, Ağa körpüsü kimi maddi mədəniyyət abidələri ulu babalarımızın yadigarı olmaqla, bu abidələr üzərində qurulduğu torpaqların məhz Azərbaycan xalqına məxsus olduğunu sübut edir. Bu baxımdan bu gün xarici turist və qonaqlara Xankəndinin məhz azərbaycanlılar tərəfindən qurulduğunu təşviq etmək üçün restoran və kafeləri deyil, əsrlərin yadigarı olan Ağa körpüsü kimi tariximizn yadigarlarını göstərməliyik. Təbii ki, bugünkü görkəmində yox.

Bu gün Qarabağda həyata keçirilən nəhəng bərpa və quruculuq prosesindən qürur hissi keçirərək, ümidvarıq ki, göz oxşayan yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış məhəllələri, inzibati binalar, müasir infrastrukturlar sırasında Xankəndidəki Ağa körpüsünün abad edilməsi də bölgədəki genişmiqyaslı işlərin sırasında olacaq.

Əminik ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda turizmin inkişaf etdirilməsinin vacibliyi ilə bağlı müddəalar  diqqətdən kənarda qalmayacaq və ulu babalarımıza ehtiram əlaməti olaraq müvafiq qurumlar tərəfindən Ağa körpüsünün baxımsız vəziyyətinə diqqət ayrılaraq,  turizmin inkişafını töhfə veriləcək.

Hikmət XUDİYEV,

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
525.az

1Mənbələr