Yadımdadır, hələ uşaq olanda hər “hüzn” günlərində içimdə qəribə bir qorxu olurdu. Tərslikdən hava da elə bozar, sanki faciəni yenidən yaşayacağıq. Əslində, Xocalının ağırlığı elə həm də adındadır. Nəsə bir vahimə, bir qorxu var bu adda.
İllər keçdi və biz bu qorxu hissindən azad olduq. Sonralar isə tək mən deyil, bütün millətimiz bu qorxu və kədər hissindən az da olsa qurtula bildi. Belə ki, qələbə qazandıq, torpaqlarımızı işğaldan azad etdik, bir olduq, tam olduq. Amma bu tamlığımızın da natamam tərəfləri qaldı – “Xocalı” kimi.
Soyuq bir qış gecəsində orada öldürülən qadınlarımızın, körpələrimizin ah-naləsi qulaqlarımızdan getmədi. Hər damla qan, hər itirilmiş həyat Xocalının torpağında iz qoyub. Xocalı işğaldan azad olsa da, torpağının hər damlasında qanımız var. Bu faciə, ölüm və qanla birləşən bir hadisə olaraq tariximizə həkk olundu, amma bu qan izləri Xocalının azad ruhunu heç vaxt məğlub etmədi. Dördpendirli pizza
Rəsmi desək belədir:
Fevralın 25-dən 26-na keçən gecə, Ermənistan silahlı qüvvələri və onlara dəstək verən rus hərbi birləşmələrinin iştirakı ilə Xocalı şəhəri düşmən qüvvələr tərəfindən hücuma məruz qaldı. Şəhər mühasirəyə alındı, evlər yandırıldı, insanlar öldürüldü, işgəncələrə məruz qaldı. Nəticədə qadınlar, uşaqlar və yaşlılar həyatını itirdi. Yüzlərlə insan yaralandı və ya itkin düşdü.
Qeyri-rəsmi ifadələr isə heç vaxt bu dəhşəti tam əks etdirə bilməz. Xocalı faciəsi xalqımızın tarixində, mədəniyyətində, yaddaşında dərin izlər buraxdı. Lakin bütün ağrılara baxmayaraq, Xocalı şəhərinin və qurbanlarının ruhu heç vaxt məğlub olmadı. Əksinə, Xocalı azadlığın, mübarizənin və milli birliyin simvoluna çevrildi. Bu faciə göstərdi ki, heç bir işğal və zorakılıq xalqımızın ruhunu əzməyə qadir deyil.
Xocalı heç vaxt unudulmayacaq, bu şəhərin azad ruhu yalnız bu faciəni yaşayanların deyil, bütün Azərbaycan xalqının ürəyində və qəlbində əbədi olaraq qalacaq.
Qarabağ zəfərindən sonra faciələrimizin yaddaşdan silindiyini düşünsək də, Xocalını unuda bilmərik. Çünki Xocalı, qələbə qazansaq belə, ruhən məğlub olduğumuz yerdir. İllərdir ədalət tələb etdik, harayımızı dünyaya çatdırmağa çalışdıq, amma eşidən olmadı. Nə səsimizə, nə də ah-naləmizə cavab verildi. Onsuz da orada hansı ədaləti təmin etmək olardı? Harayımızın işgəncələrlə öldürülmüş körpələrimizə nə xeyri olacaqdı?
İndi, Xocalının azad olmasından sonra, şəhərə qayıdış və yenidənqurma məsələsi gündəmə gəlib. Bu, təkcə əraziyə sahib olmaq deyil, həm də itirilmiş həyatları, dağıdılmış evləri və əbədi ağrıları yenidən canlandırmaq deməkdir. Qayıdacaq hər bir ailə, təkcə yeni evlər tikmək və infrastrukturu bərpa etmək üçün deyil, həm də tarixi yaddaşı yaşatmaq, ruhları yad etmək üçün ora gedəcək. Hər ev, hər küçə, hər daş azad Xocalının hekayəsini danışacaq və bu hekayəni gələcək nəsillərə çatdıracaq.
Amma azad Xocalıya ayaq basmaq asan deyil. Şuşaya, Füzuliyə, Laçına gedərkən yaşadığımız sevinci və qüruru burada hiss etmək çətindir. Adama elə gəlir ki, bu dünyada Xocalıdan bir nəfər də qalmayıb. Uşaqlar gülmür, küçələr boşdur, səma həmişə boz görünür. Hər addımda torpağın altında qalanların xatirəsini duymaq olur, hər bir köhnə divar, dağıdılmış ev və tərk edilmiş meydan faciənin acı izlərini xatırladır.
Bu köç prosesi həm də mənəvi sınaqdır. İnsanlar oraya evlərini tikmək üçün deyil, həm də yaddaşı yaşatmaq üçün qayıdır. Onlar özlərini və övladlarını, gələcək nəsilləri faciənin ağrısını unutmamağa borclu hiss edirlər. Xocalıya köç etmək, təkcə evə sahib olmaq deyil, həm də tarixi və milli vəzifəni davam etdirməkdir. Hər bir ailə, hər bir sakin həm şəhərin fiziki bərpasına, həm də ruhunun sağalmasına töhfə verir. Burada tikilən hər yeni divar, bərpa edilən hər ev, faciənin yaddaşını yaşadaraq gələcək nəsillərə bir öyüd kimi ötürüləcək.
Yenidənqurma prosesi təkcə ev və infrastrukturla məhdudlaşmır. Məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri, parklar və uşaq meydançaları da yenidən qurulacaq. Bu, Xocalının həm fiziki, həm də mənəvi həyatını bərpa etmək deməkdir. İnsanlar burada yenidən normal həyatı yaşayacaq, amma heç bir zaman faciənin izlərini unutmayacaqlar. Burada böyüyəcək uşaqlar həm azadlığı, həm də itkiləri öyrənəcək, şəhərin ruhunu və tarixini daşıyacaq.
Beləliklə, Xocalı həm azadlıq, həm qələbə, həm də hələ tam sağalmamış ağrılarla bağlıdır. Biz qələbə qazandıq, amma şəhərin ruhu hələ də sızlayır. Qayıdış, bərpa və həyatın yenidən qurulması bu ağrını yüngülləşdirə bilər, amma heç vaxt unutdura bilməz. Hər addım, hər ev, hər küçə bizi həm qələbəyə, həm də keçmişin acı xatirələrinə bağlayır. Xocalıya qayıdan hər bir insan, təkcə öz evi üçün deyil, bütün millət üçün bir missiyanı, həm də faciənin unudulmaması və ruhun yaşadılması vəzifəsini daşıyır.
Aydan Hacı
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır.
Telegram kanalımız