Bakı, 16 sentyabr, AZƏRTAC
Cənubi Qafqazın siyasi gündəmində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi mərkəzi yer tutur. Son aylar ərzində tərəflər uzunmüddətli münaqişəyə son qoymağa və yeni reallıqlar formalaşdırmağa hazırlıqlı olduqlarını göstərən addımlar atıblar. Əsas məqamlardan biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından qətiyyətlə imtinanın zəruriliyini qəbul etməsi və bununla bağlı atdığı simvolik addımlar olub. Lakin diplomatiya yalnız jestlərlə məhdudlaşmır. Dayanıqlı sülhün təmin olunması üçün hüquqi bazada, o cümlədən konstitusiyada dəyişikliklər edilməli, gələcəkdə mübahisələrə əsas verə biləcək bütün müddəalar aradan qaldırılmalıdır. Əks halda, müqavilə imzalansa belə, daxili maneələr prosesin ləngiməsinə gətirib çıxara bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, avqustun 8-də keçirilmiş Vaşinqton görüşü sülh prosesinin gedişində yeni səhifə açdı: tərəflər ikitərəfli formata sadiq olduqlarını təsdiqlədilər və tərəqqini onilliklər boyu əngəlləyən vasitəçilikdən imtina etdilər. Bu qərar regional siyasətin yetkinliyini və müstəqilliyini nümayiş etdirən mühüm siqnal oldu.
“Bununla yanaşı, gündəmdə həlledici praktiki məsələlər qalır. Buraya sərhədlərin dəqiqləşdirilməsi, Naxçıvana çıxışı da nəzərdə tutan nəqliyyat marşrutlarının razılaşdırılması, təhlükəsizlik mexanizmləri və yeni insidentlərin qarşısının alınması daxildir. Ancaq gələcək müqavilənin real dayanıqlılığı məhz yalnız texniki və praktiki məsələlərin həllindən deyil, həm də daxili və xarici siyasi amillərdən asılı olacaq. Ermənistanda konstitusiya dəyişikliklərinə qarşı çıxan müəyyən qüvvələr mövcuddur. Azərbaycanda isə diqqət əldə olunmuş Qələbənin möhkəmləndirilməsinə və nəticələrin hüquqi cəhətdən rəsmiləşdirilməsinə yönəlib. Hər hansı bir gecikmə və ya öhdəliklərdən yayınma mövcud fürsətin itirilməsinə, etimadsızlığın dərinləşməsinə səbəb ola bilər. Cənubi Qafqaz böyük dövlətlərin maraqlarının toqquşduğu məkan olaraq qalır və buradakı hər bir gərginlik dərhal beynəlxalq səviyyədə əks-səda doğurur. Məhz buna görə də sülh müqaviləsi xüsusi dəyərə malikdir: o, regionu qarşıdurma yox, əməkdaşlıq məkanına çevirə bilər”, - deyə deputat əlavə edib
S.Fətəliyeva bildirib ki, bütün bunların mümkün olması Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsindədir. Dövlətimizin başçısının müharibə illərində sərgilədiyi qətiyyətli mövqe, ardıcıl diplomatik addımları və xarici təzyiqlərə rəğmən milli maraqları qorumaq bacarığı yeni reallıqların formalaşmasına zəmin yaratdı və ədalətli şərtlər əsasında sülh prosesinə start verdi.
“Yaxın perspektivdə ən real ssenari tərəflərin sərhədlərin qarşılıqlı tanınmasını, gücdən istifadədən imtinanı və mübahisəli məsələlərin birgə həll mexanizmlərini ehtiva edən saziş imzalamalarıdır. Belə bir sənəd həm iki ölkə arasında münasibətlərin normallaşmasına yol açacaq, həm də daha geniş regional kontekstdə, o cümlədən Ermənistan-Türkiyə münasibətlərində yeni imkanlar yaradacaq. Sülh müqaviləsinin imzalanması müharibənin başa çatmasından və antiterror əməliyyatlarının keçirilməsindən sonra qət edilən uzun yolun məntiqi nəticəsi olacaq. Bu, yalnız yeni reallığın hüquqi təsdiqi deyil, bütün region üçün sabitlik, əməkdaşlıq və qarşılıqlı fayda əsasında gələcək qurmaq imkanıdır”, - deyə deputat qeyd edib.