AZ

Sonuncu dəfə 8 il əvvəl dünya çempionu olmuşuq...

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, sərbəst güləşçilərin mübarizəsi artıq başa çatıb. Təəssüf ki, Azərbaycan güləşçiləri bu dəfə də mundialda qızıl medal qazana bilməyiblər. 

Yığmamız çıxışını bir gümüş və üç bürünc medalla başa vurub. Azərbaycan komandasına gümüşü gürcü legioner Georgi Meşvildişvili (125 kq), bürünc medalı Nurəddin Novruzov (61 kq), həmçinin daha iki milliləşdirilmiş güləşçi - Arseni Djioyev (86 kq) və Osman Nurməhəmmədov (92 kq) qazanıb.

Daha bir məqam odur ki, bu çəki dərəcələrindən yalnız ikisi 86 kq və 125 kq Olimpiya çəki dərəcəsidir. Olimpiya çəki dərəcəsində olmayan medalların dəyəri də yüksək qiymətləndirilməməlidir.

Azərbaycan sərbəst güləşçiləri sonuncu dəfə qızıl medalı 2017-ci ilin dünya çempionatında qazanıblar. Həmin vaxt ölkəmizin ən titullu idmançılarından olan Hacı Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, bununla 3-cü dəfə dünya çempionluğunu rəsmiləşdirmişdi. Həmin vaxt komandanın baş məşqçisi Firdovsi Umudov idi. Məhz onun rəhbərliyi altında Hacı Əliyev Azərbaycan idman tarixinə adını yazdırmışdı. 

Lakin sərbəst güləş komandamız bundan öncə də böyük uğurlara imza atmışdı. 2012-ci ildə Azərbaycan yığması London Olimpiadasında iki qızıl medal qazanmışdı. Firdovsi Umudovun böyük məşqçisi olduğu komandamız Toğrul Əsgərov və Şərif Şərifovun uğurlu çıxışı ilə iki qızıl medal qazanmağı bacarmışdı. 

Bu cür uğrulardan sonra güləş ölkələri siyahısında yer alan Azərbaycanın bu növdə son illərdəki uğursuz çıxışı diqqətdən qaçmamalıdır. 8 ildir ki, sərbəst güləşdə dünya çempionluğu olmaması bir yana, ölkəmizə bu növdə medal qazandıran idmançıların da əksəriyyətinin əcnəbi olması düşündürücü məqamdır. 

Ümumi olaraq bizim güləş növündə 4 Olimpiya çempionumuz var. Onlardan biri – Fərid Mansurov yunan-Roma növündə bu uğura nail olubsa, digər üçü – Namiq Abdullayev, Toğrul Əsgərov və Şərif Şərifov sərbəst güləş növündə dünyanın ən böyük idman yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onlardan yalnız Şərif Şərifov milliləşdirilmiş idmançıdır. Digərləri isə məhz Azərbaycan güləş məktəbinin yetirməsidir. 

Son illərdə bir çox federasiyalarda olan dəyişikliklər kimi Azərbaycan Güləş Federasiyasında da dəyişikliklər oldu. Təəssüf ki, böyük idman yarışlarında gedən sərbəst güləşçilərimiz ciddi uğurlar əldə edə bilmirlər. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
qafqazinfo.az

2Mənbələr