AZ

Kənd təsərrüfatı xərcləri AZALDILIR: Kiçik təsərrüfatların ayaqda qalması çətinləşə bilər...

2026-cı ildə Azərbaycanda kənd təsərrüfatı xərclərinin 1 milyard 92,1 milyon manat olması nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9,3% azdır.

Bəs görəsən, bu azalmanın səbəbi nədir və azalma kənd təsərrüfatı sahəsinin inkişafına necə təsir edəcək?

Mövzu ilə bağlı aqrar sahə üzrə ekspert Akif Nəsirli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, maliyyə prioritetlərinin dəyişməsi azalmaya vəsilə ola bilər. Ekspertin sözlərinə görə, müdafiə və sosial sahələrdə artan xərclər fonunda kənd təsərrüfatı üçün ayırmaların müəyyən qədər ixtisar olunması ehtimalı var.

Müsahibimiz qeyd edib ki, kənd təsərrüfatı xərclərinin azaldılması bir neçə amillə izah oluna bilər:

“İlk növbədə, subsidiya siyasətində dəyişikliklər buna təsir edə bilər. Son illərdə kənd təsərrüfatına dövlət dəstəyi əsasən subsidiya formasında həyata keçirilirdi. Subsidiya mexanizmlərinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması nəticəsində bəzi vəsaitlərə qənaət edilməsi mümkündür”.

Ekspertə görə, bundan başqa, infrastruktur layihələrinin azalması digər səbəblərdən biri ola bilər. Dediyinə görə, son illərdə meliorasiya, suvarma sistemlərinin modernləşdirilməsi, kənd yolları və logistik bazaların qurulması üçün böyük vəsait ayrılırdı:

“Bu layihələrin əhəmiyyətli hissəsi tamamlandıqca, dövlətin büdcə yükü nisbətən azalır. Eyni zamanda özəl sektorun rolunun artırılması da təsir edən amillərdəndir. Hökumət kənd təsərrüfatına investisiya yatıran özəl şirkətləri stimullaşdırmaqla, dövlət xərclərini azaltmağa çalışa bilər. Yəni, daha çox "özəl kapitala dayalı inkişaf" modeli nəzərdə tutula bilər. Amma bu istiqamətdə o qədər də ciddi cəhdlər nəzərə çarpmır".

Akif Nəsirli: Daha çox "özəl kapitala dayalı inkişaf" modeli nəzərdə tutula bilər

Nəzərdə tutulan azalmanın mümkün təsirlərinə toxunan A.Nəsirli hesab edir ki, dövlətin prioritetli sahələrə (suvarma, toxumçuluq, texnika) fokuslanması səmərəliliyi artıra bilər. Onun fikrincə, özəl sektorun daha aktiv iştirakı bazar münasibətlərini gücləndirər.

"Ancaq subsidiya vəsaitlərinin azalması fermerlər üçün riskləri artıra bilər. Kiçik təsərrüfatların ayaqda qalması çətinləşə, kənd yerlərində məşğulluq problemləri arta bilər. Xərclərin azalması ilə innovasiya və texnoloji yeniliklərin tətbiqi ləngiyər”.

Müsahibimiz qeyd edib ki, ümumilikdə azalma tamamilə mənfi tendensiya deyil:

“Əgər dövlət siyasəti məhsuldarlığı artırmağa, rəqəmsal kənd təsərrüfatını genişləndirməyə və özəl investisiyanı stimullaşdırmağa yönəlibsə, bu, sahənin dayanıqlı inkişafına xidmət edə bilər. Lakin kiçik fermerlərin müdafiəsi zəifləsə, onların bazarda rəqabət qabiliyyəti ciddi şəkildə azalacaq".

Gülşən Şərif

Seçilən
38
1
bakivaxti.az

2Mənbələr