Çinin Yunnan əyalətinin paytaxtı Kunmin şəhərində ikigünlük “Bir kəmər, bir yol - 2025” Media Əməkdaşlıq Forumunun açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Çin Kommunist Partiyasının Yunnan əyalət komitəsi, Yunnan əyalət hökuməti və “Jenmin Jibao” nəşrinin birgə təşkilatçılığı ilə keçirilən “İpək Yolunun yeni istiqaməti” adlı tədbirdə 87 ölkədən dövlət və hökumət rəsmiləri, 150-dən çox jurnalist və ekspert, o cümlədən 3 beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.
Forum iştirakçıları iki gün ərzində müxtəlif mövzularda müzakirələr aparacaq, tədbirin gündəliyində duran məsələləri praktik layihələr üçün real həllərə çevirmək məqsədilə öz təcrübələrini bölüşəcəklər.
Forumun açılış mərasimində çıxış edən Çin Xalq Nümayəndələr Komitəsinin sədr müavini Çjen Tsyanban, “Jenmin Jibao” nəşrinin sədri Yu Şaolyan, Çin Kommunist Partiyasının Yunnan əyalət komitəsinin katibi Van Nin, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat şöbəsinin müdir müavini Van Qan, Çin nəqliyyat nazirinin müavini Li Yan və başqaları Qlobal Cənub daxil olmaqla, narahatlıq doğuran məsələlərin müzakirəsi, əməkdaşlığın yeni yollarının tapılması, inkişafı dəstəkləmək və xalqlar arasında dialoqu gücləndirmək üçün birgə media fəaliyyətinin vacibliyini xüsusi qeyd ediblər. Böyük İpək Yolu üzərində yerləşən xalqlar arasında iqtisadi-ticari, mədəni və humanitar əlaqələrin inkişafında “Bir kəmər, bir yol” təşəbbüsünün mühüm rolu da qeyd olunub.
Sonra qlobal media nümayəndələrinə “İpək Yolu” media mükafatının təqdim edilməsi mərasimi keçirilib.
Forum çərçivəsində, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlı hekayələrin təqdimatları, Çin siyasətçilərinin, qlobal media və bu ölkənin iri müəssisələrinin nümayəndələrinin əsas çıxışları, habelə Regional Əməkdaşlıq Forumu və Mədəniyyət və Turizmin İnkişafı Forumu keçiriləcək.