AZ

Yolumuza düşən inam işığı

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin "Qərbi Azərbaycan repressiya və soyqırımı qurbanlarının tədqiqi" layihəsi çərçivəsində növbəti tədbir Abşeron rayonunda keçirilib. Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən görüşdə Abşeron rayonunda məskunlaşmış Qərbi azərbaycanlı ziyalılar, rayon gəncləri, Masazır, Qobu, Saray, Ceyranbatan, Mehdiabad ictimaiyyətinin nümayəndələri və rayon könüllülərindən ibarət yeniyetmələr iştirak ediblər.

Layihənin məqsəd və məramı barədə məlumat verən "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu qeyd edib ki, layihənin məqsədi Azərbaycan tarixindən ayrı salınmış Qərbi azərbaycanlı repressiya, soyqırımı və deportasiya qurbanlarını tədqiq etmək, gənc nəsli ata yurduna qayıtmağa təşviq etməkdir.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bildirib ki, Abşeron rayonunda 800 min nəfərdən artıq insan məskunlaşıb: "Onların 40 mindən çoxu Qərbi Azərbaycandan, öz tarixi torpaqlarından qovulanlardır. Deportasiyanın, müharibələrin insanlarımıza vurduğu yaraları mümkün qədər sarımağa, onlara dəstək olmağa çalışırıq. Rayonumuzun 16 inzibati ərazisi I Qarabağ müharibəsində 229, 44 günlük Vətən müharibəsində isə 200-ə yaxın şəhid verib. Aprel döyüşlərində, antiterror əməliyyatı vaxtı da şəhidlərimiz olub. Şəhidlərimizin dövlətimizə əmanət olan övladlarının 150-si bizim rayondadır. 500-dən çox qazimiz var. Qanlı müharibələrin Azərbaycanımıza vurduğu yaralar vətəndaş olaraq hamımızı ağrıdır, acıdır. Amma şükürlər olsun ki, yaralarımıza rəğmən, 5 ildir ki, xoşbəxtik, torpaqlarımız işğaldan azad edilib. Qaçqınlarımızın, məcburi köçkünlərimizin bir qərinəlik yurd həsrətinə son qoyulub. Yurddaşlarımız mərhələ-mərhələ yurda qayıdırlar. Mən əminəm ki, bir gün Qərbi azərbaycanlı soydaşlarımız da 37 ildir həsrət qaldıqları ata yurdlarına qayıdacaqlar. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası istiqamətində fəaliyyət göstərənlərin hamısına uğur arzulayıram".

Vaxtilə Azərbaycan Radiosunda Qərbi Azərbaycan kəndləri barədə silsilə verilişlər hazırlayan jurnalist Bəxtiyar Bəxtiyarov orda qalan yurdlarımızdan ürək yanğısı ilə söhbət açıb. Qeyd edib ki, Qərbi Azərbaycan mövzusunda yazmaq çox çətindir: "Mən Qərbi Azərbaycanın 530 kəndi haqqında məlumat toplayıb, radioverilişlər hazırlamışam. Tədbirimizdə gənc nəslin nümayəndələrinin çox olmasından istifadə edib bildirirəm ki, 1918-20-ci illərdə Qərbi Azərbaycanda 575 min türk yaşayıb. O qanlı hadisələrdən sonra - 1920-ci ildə cəmi 20 min Azərbaycan türkü siyahıya alınıb. Qalan 555 min nəfərin qaçanı qaçıb canın qutarıb, qaça bilməyənlərini daşnaklar qırıblar. O illərdə 499 kənd yerlə-yeksan edilib".

Layihənin eksperti, tarixçi Bəxşeyiş Ələmşahov çıxışında Zəngəzurda öz başına gələnlərdən, gecə ikən azərbaycanlı sürücü ilə öz yaratdığı muzeyi necə "oğurlamasından" söhbət açıb.

Zəngəzur mahalının zəngin tarixini əks etdirən çoxsaylı eksponatlardan yaratdığı Tarix-diyarşünaslıq muzeyini 1988-ci ildə Azərbaycana köçürməklə göstərdiyi fədakarlığa görə Bəxşeyiş Ələmşahova "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin Fəxri diplomu təqdim edilib.

Tədbirin rəsmi hissəsindən sonra görüş iştirakçılarına son 200 ildə xalqımıza vurulan maddi və mənəvi zərərlərin əks olunduğu bukletlər paylanıb. Tamxil Ziyəddinoğlu Abşeron Rayon İcra Hakimiyyətinin kitabxanasına bağışladığı "Güllə səsinə açılan qapı" kitabını icra başçısının müavini Gülnar xanım Rəhimovaya təqdim edib, arzu edənlərə aftoqraflı kitablar verilib. Beləcə, İrəvana, Göyçəyə, Zəngəzura uzanan yollara düşən inam işığnda hərə öz yoluna çıxıb.

S.QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
525.az

2Mənbələr