AZ

Parlamentdə şəhid adlarının məktəblərə verilməsi müzakirə edildi

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisdə şəhid adlarının müəssisələrə verilməsi ilə bağlı məsələ müzakirə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Vasif Qafarov Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb. 

“Birinci və İkinci Qarabağ müharibəsi və anti-terror əməliyyatlarında şəhidlərimizin adlarının təkcə yerlərə, meydanlara deyil, eyni zamanda həmin yerlərdəki təhsil müəssisələrinə verilməsi üçün Nazirlər Kabinetinin müəyyən etdiyi normalar var ki, ən azı iki orden alan şəhidin adı müəssisələrə verilə bilər. Amma elə kəndlərimiz var ki, orada cəmi 1 şəhid var, amma bir medalı və ya ordeni çatmır. Orada ikinci bir şəhid yoxdur ki, müqayisə edib üstünlük tanıyasan. Belə kəndlərdə o bir şəhid üçün istisnalıq tanınsa, çox yaxşı olar”, - deyə deputat qeyd edib.

Məsələyə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov reaksiya verib: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun var. Həmin qanunda hansı yerlərə şəhid adlarının verilməsi nəzərdə tutulur. Qanunvericiliyə əsasən, Milli Qəhrəmanların, Vətən Müharibəsi Qəhrəmanlarının adı məktəblərə, tədris müəssisələrinə verilə bilər.

Elə yerlər var ki, bir kənddə 5 şəhid, bir məktəb var. Ona görə də adın verilməsi çətinlik yaradacaq. Bu o demək deyil ki, həmin şəhid ailəsinə qayğı göstərilmir. Onun adına park, küçə verilə bilər. Azərbaycanda təxminən 5 minə yaxın məktəb var. Şəhidlərimizin sayı 15 minə yaxındır. Elə olur ki, bir məktəbə 3 nəfər düşür. Bu məsələ ətrafında dəfələrlə müzakirə olunub. Şəhid ailələri ilə söhbət zamanı bunu izah etməyə çalışırıq”.

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
13
qafqazinfo.az

10Mənbələr