Kameralı eynəklərin istifadəsi qanunla qadağan edilsə də bu məhsulların satışı hələ də davam edir. İlk baxışda adi bir aksesuar kimi görünən bu eynəklər, əslində şəxsi məxfiliyi pozmaq və gizli müşahidə aparmaq məqsədilə istifadə olunur. Sosial şəbəkələrdə açıq şəkildə "çatdırılma" xidməti ilə təklif olunan bu eynəkləri almaq istəyən şəxslər sadəcə nömrəyə zəng etməklə onları əldə edə bilirlər.
Bəs, satışı qadağan edilən məhsul necə hələ də satılır? Bu eynəklərin satışına necə nəzarət edilir? Şəxsi məxfiliyi pozan hallara görə hansı cəza nəzərdə tutulur?
Məsələ ilə bağlı vəkil Şəms Mirzəyeva SİA-ya açıqlamasında bildirib ki, sözügedən cihazlar çox vaxt adi aksessuarlar kimi kamuflyaj olunur:
"Lakin əslində şəxsi həyatın toxunulmazlığını pozmaq və gizli müşahidə aparmaq məqsədilə dizayn edilib. Bu cihazların satışı, istehsalı, idxalı nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsi pozulur. Sözügedən maddəyə əsasən öz razılığı olmadan həmin şəxsin məlumatlarının toplanılmasına, saxlanılmasına, istifadəsinə yol verilmir. Qanunla müəyyən edilmiş istisna hallar olmaqla heç kəs həmin şəxsin xəbəri olmadan izləyə bilməz. Bu cür texniki vasitələrin ölkəyə gətirilməsi üçün xüsusi icazə alınmalıdır. Bu icazənin alınması qaydaları və icazəni verən dövlət orqanlarının siyahısı mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il 292 nömrəli fərmanı ilə tənzimlənir. Qanunvericiliyə əsasən, şəxsi məxfiliyin pozulması, gizli müşahidə aparılması və şəxsin xəbəri olmadan onun görüntülərinin və ya səsinin qeydə alınması cinayət məsuliyyəti yarada bilər.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı və 177-1-ci maddələri bu sahədə məsuliyyət müəyyən edir. Belə hallarda şəxslər həm inzibati cərimələr, həm də cinayət məsuliyyəti ilə üzləşə bilərlər. Əgər bu texniki vasitələr vasitəsilə toplanan məlumatlar başqa şəxslərə ötürülürsə və ya ictimailəşdirilirsə, cəza daha da ağırlaşdırıla bilər. Nəticə olaraq, kameralı eynəklər kimi cihazların nəzarətsiz satışı və istifadəsi həm hüquqi, həm də etik baxımdan ciddi risklər yaradır. Bu səbəbdən müvafiq dövlət orqanlarının bu sahədə nəzarəti gücləndirməsi, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və vətəndaşların da bu cür hallara qarşı diqqətli olması olduqca vacibdir. Hər kəs şəxsi həyatın toxunulmazlığının qorunması hüququna malikdir və bu hüququn pozulması heç bir halda əsaslandırıla bilməz".