AZ

20 sentyabr: “Bəs Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran?” deyənlərə CAVAB TƏHLİL

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2020-ci il noyabrın 10-da 44 günlük Vətən müharibəsi üçtərəfli bəyanatın imzalanması ilə başa çatanda, xalq Qarabağın işğaldan azad olunmasını toy-bayram edəndə bəzi qüvvələr ölkə başçısının rəhbərliyi altında milli ordumuzun zabit və əsgərlərinin qəhrəmanlığı ilə əldə olunan Zəfəri ismin altı halının hər birində hallandırmaqla narazı qaldıqlarını bildirdi, böyük qələbəyə kölgə salmağa çalışdılar. Hansı ki, onlar hər zaman narazıdırlar. Razı qalacaqları gün nə vaxt olacaq, bu da məlum deyil.

Zəfər günündən etibarən yeni mövzu atdılar meydana: bəs Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran? Bunlar qaldı axı. Hansı Zəfərdən danışırsınız? Nə üçün müharibə yarımçıq dayandı? Bu necə müharibədir? Bu söz-söhbət o zaman danışılırdı ki, hələ Laçın, Kəlbəcər, Ağdam qarşıdakı mərhələdə qaytarılacaqdı. Və buna da həmin dairələrin nümayəndələri tərəfindən böyük inamsızlıq vardı.

Lakin düşməni 44 gün ərzində tamamilə çökdürmüşdük. Elə bu səbəbdən də ağ bayraq qaldırıb təslim olduğunu bildirmişdi. Laçın, Kəlbəcər və Ağdamın boşaldılması üçün vaxt istəmişdi. Azərbaycan dövləti isə bütün dünyaya humanistliyini nümayiş etdirərək qonşu düşmən dövlətə bütün bu olanlardan, yaşananlardan sonra yenə də insanpərvərliklə yanaşdı və onlara torpaqlarımızdan çıxmaq üçün zaman verdi.

Düşmən 20 noyabrda Ağdamı, 25 noyabrda Kəlbəcəri, 1 dekabrda isə Laçını tərk etdi, torpaqlarımızı geri qaytardı. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurun böyük bir hissəsi işğaldan azad edildi. Və həmin torpaqlarda dərhal bərpa işlərinə başlandı ki, 30 il yurd-yuvasından məcburi şəkildə köçkün düşən soydaşlarımız torpaqlarına qayıda bilsin, bir qərinəyə yaxın dövrün hicranının vüsal anı yetişsin.

Cəhənnəmə gedən status-kvo

Bir məsələni-“status-kvo”nun cəhənnəmə getdiyini anlamaq bu qədərmi çətin idi, yoxsa buna inamsızlıqdan doğurdu həmin söz-söhbət? Axı “Dağlıq Qarabağ Muxtar Vilayəti” artıq yox idi, dövlətimizin başçısı bunu ləğv etmişdi. Deməli, bu pərdə arxasında gizlənənlərin xülyaları da darmadağın edilmişdi. Qalırdı bircə onların Azərbaycan qanunlarına tabe olmaları-Azərbaycan torpaqlarında bu qanunlar çərçivəsində yaşamaları. Buna isə təbii ki, torpaqlarımızı qurd kimi basmış separatçı-terror qruplaşmaları imkan vermirdi. Onlar yeni münaqişələr yaratmaqla bizim torpağımızda at oynatmaq meyilində idilər.

3 il idi ki, müharibə bitsə də, problemlər davam edirdi: minalanmış ərazilərin xəritəsi verilmirdi, atəşkəs pozulurdu, Qarabağ və Şərqi Zəngəzurda tez-tez terror hadisələri törədilirdi. Bu hadisələrə isə içimizdən olan bəzi ünsürlər yenə də rəngarəng don geyindirir, hələ üstəlik, ermənilərin tərəfində dayanaraq onların nahaq səsinə səs verirdilər.

Bir tərəfdən də Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgərana guya ki, canıyananlıq edirdilər. Anlamaq istəmirdilər ki, bu torpaqlar da azad edilən torpaqların sırasındadır. Sadəcə zaman çatmalıdır ki, o yurdlara da bayrağımız sancılsın.

Necə ki, ötən 30 ilə qədər dövrə son qoymağın məqamı yetişmişdi, biz torpaqlarımızı azad etmək üçün hazır olduğumuzu hiss edib müharibə meydanına atılmışdıq, 44 gündə Qarabağın dastanını yazmışdıq, eləcə də zamanın yetişməsi, hadisələrin öz axarı ilə cərəyan etməsi lazım idi ki, bu torpaqlarda da bayrağımız dalğalansın. Lakin bunu anlamayan, bütün bunları hər gün müzakirə edib don geyindirənlər sakitləşmək bilmirdi. Barmaqla sayılacaq qədər olanların hər biri siyasətçiyə, siyasi ekspertə çevrilmişdi. Ağıllarına və ağızlarına gələni danışmaqla guya özlərini xalqa ürəyi yanan kimi qələmə verirdilər. Lakin xalqın onların kim olduğunu əsla unutmayacağını nə üçün yadlarından çıxarmışdılar, bunu da anlamaq bir qədər çətin idi. Bəlkə də bu kimi sayıqlamaları ilə xalqın ürəyini yenidən qazanmaq fikrinə düşmüşdülər, bu da anlaşılmayan bir məsələ idi.

Dövlətimizin başçısı nəyi nə zaman və necə etməyi özünün də vurğuladığı kimi, çox gözəl bilir. Elə bu yüksək bacarığa görə də Azərbaycan xalqı ötən beş il ərzində son 300 ilə yaxın tarixdə olmayanı edə, qazana bildi: torpağını azad etdi, düşməndən geri aldı.

Budur, Xankəndi

30 il idi ki, Qarabağdan söz düşəndə başımızı aşağı dikirdik. Çünki biz məğlub xalq idik. Məsələ bizim namus və şərəfimizlə bağlı idi. Süfrəmizin artığı ilə aclığını dəf edən erməni adlı qonşu yanımızdaca özünə yer edə-edə torpaqlarımıza göz dikmiş və məqamı gələndə onu bizdən qoparmışdı. Düşmən 30 il ərzində torpaqlarımızın yeraltı-yerüstü sərvətlərini də daşıyıb dünya bazarlarına çıxarmış, satıb, sovmuşdu.

30 il idi ki, minlərlə soydaşımız köçkün həyatı yaşayırdı. Erməni isə onların evlərini daşıyıb dağıtmış, od vurub yandırmışdı. Soydaşlarımız yurd həsrətlisinə çevrilmişdi. Dövlət tərəfindən 30 ildə nə qədər qayğı ilə əhatə olunsalar da, torpaqlarını, öz yurdlarını arzulayır, buna görə də üzlərindən kədər əskik olmurdu.

Torpaqlarımız işğaldan azad olunandan sonra xeyli vaxt səsi çıxmayan erməni terrorçuları isə torpaqlarımızda peyda olub yeni əməliyyatlara başlamışdılar ki, artıq bunun qarşısı alınmalı idi.

2023-cü ilin 15 oktyabrda Xankəndidə Azərbaycan bayrağını qaldıran dövlətimizin başçısı da bu məsələyə münasibət bildirmişdi: Keçən ay antiterror əməliyyatı qaçılmaz idi. Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.

Budur, bu da nəticə, Azərbaycan xalqı öz torpaqlarında erməni terrorçularına qarşı antiterror əməliyyatı həyata keçirdi və onları məhv etdi.

Bu gün Xankəndidə dalğalanan Azərbaycan bayrağı bu xalqın birliyinin, həmrəyliyinin, qəhrəmanlığının nümayişi, göstəricisidir.

Budur, Xocalı

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni quldurları Xocalıda soydaşlarımıza qarşı dünyada analoqu olmayan faciə törətdi. Xocalılılar bir gecənin qurbanına çevrildilər. Onlar qışın qılınc kimi kəsən şaxtalı bir gecəsində öz isti ocaqlarından zorla çıxarılıb dağa-daşa salındı, səsini çıxaran ailəsinin gözü qarşısında güllələndi, uşaqlar süngülərə keçirildi. Ən acınacaqlısı isə odur ki, səhəri gün öldürülmüş insanlara düşmən tərəfindən işgəncə verildi, onların burun-qulaqları, əl-ayaqları kəsildi, dəriləri soyuldu.

Bütün bunlar bax, 2023-cü ilin 15 oktyabrında dövlətimizin başçısının Azərbaycan bayrağını dalğalandırdığı Xocalıda baş vermişdi. O zamandan ta ötən illərədək Xocalının haqq səsinin dünyaya yayılması uğrunda dövlətimiz yorulmadan mübarizə aparmışdır. Ondan çox ölkə Xocalı soyqırımını tanımış, “Xocalıya ədalət!” hərəkatı geniş beynəlxalq vüsət almışdır.

Ötən günlərədək Xocalıdakı o müdhiş gecədə sağ qalan soydaşlarımız torpaq həsrəti ilə alışıb-yanırdı. Dövlətimizin başçısının Xocalıda Azərbaycan bayrağını qaldırması bütün xalqın qüruru oldu. Eyni zamanda, bununla həyatlarını 1992-ci ildə faciəli şəkildə itirmiş xocalıların qisası alındı.

Çox keçmədi, bütün zad edilmiş torpaqlarımız kimi, Xocalıda da bərpa işlərinə başlanıldı, bu əzəli yurd yerinə yeni həyat gəldi və hazırda xocalılıların bir hissəsi doğma torpağına qayıdıb. Yaxın gələcəkdə isə onların hər biri yurduna-evinə qayıdacaq. Bunun üçün işlər sürətlə həyata keçirilir.

Budur, Ağdərə, Xocavənd, Əsgəran

Qarabağın dilbər guşələrindən olan Ağdərə, Xocavənd və Əsgəran da illərlə erməni işğalı altında inləyən yurd yerlərimizdən idi. Bu torpaqlarda yaşayan soydaşlarımız da erməni vəhşiliyinə uğramış, uzun illər torpaq dərdi sağalmaz yaralarına çevrilmişdi.

Erməni işğalına qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Ağdərə rayonu keçmiş Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Birinci Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşulur. Bundan məharətlə istifadə edən erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal edir.

19 sentyabr 2023-cü ildə başlanan lokal xarakterli antiterror əməliyyatlarının nəticəsində Ağdərə rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan ordusu tərəfindən azad olunub.

Xocavənd 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocavənd şəhəri Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçdi. 26 sentyabr 2023-cü ildən şəhərə Azərbaycan silahlı qüvvələri nəzarət edir.

Xocalı rayonunun Əsgəran qəsəbəsi də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1992-ci ildə işğal olunmuşdu. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əsgəran qəsəbəsi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdi.

19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Əsgəran qəsəbəsinə nəzarəti ələ keçirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi və Xocalı kimi, Ağdərədə, Xocavənddə və Əsgəranda da dövlət bayrağını ucaldıb.

20 ildən artıq zamanın təntənəsi

Həm 44 günlük İkinci Vətən müharibəsi, həm 2020-ci ildən Qarabğda və Şərqi Zəngəzurda həyata keçirilən böyükmiqyaslı quruculuq işləri, məcburi köşkünlərimizin artıq bir qisminin ata-baba yurdlarına geri dönməsi, həm də 2023-cü ildə həyata keçirilən 23 saatlıq antiterror tədbirləri ötən 20 ildən artıq zamanın təntənəsidir. Ölkəmizin hərtərəfli inkişafını təsdiq edən Zəfərdir. Bu illərdə iqtisadi gücümüzün artmasının, dünyada tanınmağımızın, milli ordumuzu yaratmağımızın, dövlət-xalq birliyininə nail olmağımızın, milli vətənpərvər ruhlu gənclərin yetişdirilməsinin, onların torpaq sevgisi ilə böyüdülməsinin, ümumilikdə torpaqlarımızı azad etməyə qadir olduğumuzu və bunu bütün dünya qarşısında nümayiş etdirə bildiyimizin təntənəsidir.

2023-cü ilin 15 oktyabrda dövlətimizin başçısının Qarabağın digər bölgələrində də Azərbaycan bayrağını qaldırması 20 illik yekun dəyərində idi. Prezident cənab İlham Əliyevin Xankəndidəki çıxışında vurğuladığı kimi: Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.

Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.

İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır...

Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.

Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda, keçən ay cəmi 23 saat davam edən antiterror tədbirləri bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik.

Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

Haradasınız “Bəs Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran?” deyənlər...

Bir neçə vaxtdır ki, 30 ildən artıq bir dövrdə susmayan, görülən işlərə kölgə salmağa çalışan bir qrup ünsürün nədənsə səs-sədası gəlmir. Bu nə səssizlikdir belə? Bəlkə utanmaq hissidir, irəli sürülən fikirlərin, uydurulan yalanların əsassızlığına peşman olmaqdır. Bəlkə əsassızcasına arxalarında dayandıqları nahaqların biz haqlı insanlardan üstün tutulmasına görə xəcalət hissidir. Bəlkə arzuladıqlarının əksinə baş verən hadisələrə təəssüf hissidir. Bəlkə də illərlə danışdıqları boş-boş sözlərin puç olmasının susqunluğudur. Bəlkə də növbəti uğursuzluqlarının susqunluğudur. Bilmirəm bunlardan hansıdır, lakin çox susqundur dünənədək dil-dil ötənlər. Düşünürəm ki, bir vaxtlar “bəs Laçın, Kəlbəcər, Ağdam?” deyənlər çox keçmədən necə susdularsa, sonra “Bəs Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran, bu, qələbədirmi?” deyərkən və nəticəni görərkən də eyni qaydada susdular.

Susmaqdan başqa əlacı olmayan başqa nə edə bilər ki?.. Çox güman ki, danışmağa yeni mövzu axtarışına çıxıblar, tapan kimi yenə də varlıqlarını hiss etdirəcəklər. Lakin bir məsələ unudulmamalıdır ki, onlar da Qarabağın azadlığı ilə şərəf, ləyaqət və namusu xilas olan, başını artıq dik tutan xalqa mənsubdurlar. Nə qədər özlərini kənara çəksələr də...

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
sesqazeti.az

1Mənbələr