AZ

Qəzzada İsrailin yeni strategiyası: müvəqqəti nəzarət, yoxsa daimi ilhaq?

İsrailin Qəzzada başladığı yeni əməliyyatlar bölgədə vəziyyəti yenidən kəskinləşdirib. Əməliyyatların əsas hədəfi kimi Qəzzanın tam nəzarətə götürülməsi göstərilir.

Tarixi xatırlatmaq yerinə düşər: İsrail 1970-ci illərdə də bu ərazini nəzarətdə saxlayıb, daha sonra idarəçiliyi Misirə təhvil verib. Bu fakt göstərir ki, bölgəyə daimi nəzarət yalnız hərbi üstünlüyə deyil, həm də siyasi-diplomatik amillərə bağlıdır.

Qəzzanın tam olaraq İsrailin idarəsinə keçməsi bu gün reallıqdan daha çox siyasi ritorikadır.

Əvvəla, bölgə uzun illərdir davamlı müqavimət ocağı kimi formalaşıb və burada möhkəmlənmək İsrail üçün həm maddi, həm də mənəvi baxımdan ağır nəticələr doğura bilər.

İkincisi, Misir başda olmaqla ərəb ölkələri və beynəlxalq ictimaiyyət bu cür addımı dəstəkləməyəcək. Belə bir qərar İsrailin regional təcridini artırar və Fələstin məsələsini daha da qlobal böhrana çevirər.

Eyni zamanda, Qəzzada tam nəzarət ideyası İsrail cəmiyyətinə ünvanlanmış daxili mesaj daşıyır. Rəsmi dairələr xalqı əmin etmək istəyir ki, təhlükəsizlik bərpa olunacaq və radikal qruplar neytrallaşdırılacaq. Amma əməliyyatların gedişinə baxanda bu nəzarət daha çox müvəqqəti hərbi zonalar, əməliyyatların intensivləşdirilməsi və məhdud inzibati müdaxilə ilə nəticələnə bilər.

Nəticə etibarilə, Qəzzanın İsrail tərəfindən tam ilhaqı yaxın perspektivdə real görünmür. Daha çox ehtimal olunan ssenari bölgənin hərbi və siyasi təzyiq altında saxlanılması, lakin idarəetmə məsələsinin beynəlxalq vasitəçilərin iştirakı ilə həll olunmasıdır. Bu isə həm İsrailin, həm də region dövlətlərinin qarşılıqlı güzəştlər etməsini tələb edəcək.

Ruslan Zəngəzur

Seçilən
12
1
bakivaxti.az

2Mənbələr