AZ

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Polşa Ticarət Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb

Finss.az - Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Polşa Ticarət Palatası (PTP) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumu imzalanıb.

Özəl sektor arasında iqtisadi əməkdaşlıqda yeni mərhələ hesab olunan imzalanma mərasimində çıxış edən ASK prezidenti Məmməd Musayev Azərbaycan ilə Polşa arasında iqtisadi əlaqələrin daha geniş imkanlara malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazdakı əlverişli coğrafi mövqeyi, tranzit və logistika imkanları Polşanın regiona, eləcə də Türk və İslam dünyalarına çıxışında körpü rolunu oynaya bilər.

Məmməd Musayev həmçinin Polşanın Azərbaycan məhsullarının Avropa bazarlarına daha rahat çıxışı üçün mühüm tərəfdaş ola biləcəyini diqqətə çatdırıb. O, Varşavada açılışı keçirilmiş “Azərbaycan ticarət evi”nin ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm addım olduğunu qeyd edib və Azərbaycan məhsullarının Polşa bazarına ixracı üçün böyük potensialın mövcudluğunu bildirib. Konfederasiyanın Polşadakı nümayəndəsi Tural Rüstəmovun əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini daha da gücləndirəcəyi vurğulanıb.

Polşa Ticarət Palatasının vitse-prezidenti Andrzej Şumovski isə Azərbaycanı unikal aqrar məhsullara, zəngin mətbəxə və sürətli inkişaf dinamikasına malik ölkə kimi xarakterizə edib. O, iki ölkə arasındakı dostluq münasibətlərinin iqtisadi əməkdaşlığın yeni mərhələyə keçidinə şərait yaradacağını bildirib. Szumovski əlavə edib ki, imzalanan memorandum özəl biznes arasında tərəfdaşlığa yeni impuls gətirəcək, qarşılıqlı investisiya və ticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.

Qeyd edək ki, memorandumun əsas istiqamətləri arasında Azərbaycan və Polşa arasında biznes missiyaların təşkili, qarşılıqlı sərgi və yarmarkaların keçirilməsi, ticarət və investisiya layihələrinin dəstəklənməsi, sahibkarlar arasında birbaşa əlaqələrin gücləndirilməsi kimi məsələlər vardır.

Yeni anlaşma memorandumu Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə, sahibkarların yeni bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət edəcək. Bu əməkdaşlıq həmçinin Azərbaycan məhsullarının Avropa bazarında tanıdılmasına və ixrac potensialının artırılmasına mühüm töhfə verəcək.

Seçilən
46
2
fins.az

3Mənbələr