AZ

TKTA: Bu il qeyri-formal və informal təhsilin tanınması sahəsində 226 müraciət daxil olub

Bakı, 16 sentyabr, AZƏRTAC

Cari il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyət istiqamətinə uyğun olaraq qeyri-formal və informal təhsilin tanınması sahəsində müxtəlif peşə ixtisasları (aşpaz, qənnadıçı-şirniyyatçı, bərbər-vizajist-manikürçü, bərbər, dərzi, kompüter operator, avtomobil mühərriklərinin yığıcısı, mühafizəçi, zərgər, elektrik qaz qaynaqçısı və təmirçi-çilingər) üzrə Agentliyə ümumilikdə 226 müraciət daxil olub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, müraciət edən vətəndaşlardan 200 nəfəri tərəfimizdən ilkin mərhələ olan nəzəri imtahanlara cəlb olunub: “Onlardan 167 nəfəri məqbul, 33 nəfəri isə qeyri-məqbul nəticə göstərib. Növbəti mərhələdə praktiki imtahanlara cəlb olunan 145 nəfərdən 138 nəfəri uğurlu nəticə göstərərək müvafiq peşə sənədi əldə edib, 7 nəfəri isə qeyri-məqbul nəticə göstərib. Hazırda 22 nəfər praktiki imtahanı gözləmə mərhələsindədir”.

Tural Əhmədov qeyd edib ki, qeyri-formal və informal təhsil üzrə qiymətləndirmə və tanınma müxtəlif qurumlarla birgə əməkdaşlıq və layihələr çərçivəsində, həmçinin şəxsi vəsait hesabına həyata keçirilib:

“bp Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə “Sənətin varsa, sənədin olacaq!” layihəsi çərçivəsində 95 nəfər nəzəri imtahanlara cəlb edilib. Onlardan 77 nəfəri məqbul, 18 nəfər isə qeyri-məqbul nəticə göstərib. Praktiki imtahanlarda iştirak edən 77 nəfərdən 76 nəfəri uğurlu nəticə əldə edərək peşə sənədinə sahib olub, 1 nəfər isə uğursuz nəticə göstərib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” çərçivəsində 45 nəfərin bilik və bacarıqları qiymətləndirilib. Nəzəri imtahanlarda 34 nəfər uğurlu, 11 nəfər isə uğursuz nəticə əldə edib. Praktiki imtahanlarda isə 34 nəfərdən 14-ü iştirak edib, onlardan 9 nəfəri uğurlu nəticə əldə edərək müvafiq peşə sənədi əldə edib. Digər 20 nəfərin yaxın zamanda praktiki imtahanlara cəlb edilməsi nəzərdə tutulur.

“Azerbaijan International Mining Company” MMC ilə əməkdaşlıq çərçivəsində 15 nəfər elektrik qaz qaynaqçısı və təmirçi-çilingər ixtisasları üzrə keçirilən nəzəri və praktiki imtahanlarda iştirak edərək uğurlu nəticə əldə etdikləri üçün onların hər birinə müvafiq peşə sənədi təqdim edilib.

“AzərGold” QSC-nin maliyyə dəstəyi ilə “Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafına dəstək” layihəsi çərçivəsində 14 nəfər müvafiq imtahanlarda iştirak edib. Həm nəzəri, həm də praktiki imtahanda uğurlu olduqları üçün onlara müvafiq peşə sənədi təqdim edilib”.

Qurum rəsmisi əlavə edib ki, şəxsi vəsait hesabına müraciət edən vətəndaşlardan 31 nəfəri nəzəri imtahanlarda iştirak edib, onlardan 27 nəfəri uğurlu, 4 nəfəri isə uğursuz nəticə əldə edib: “Praktiki imtahana cəlb olunan 25 nəfər dən 24 nəfəri uğur qazanaraq müvafiq peşə sənədi əldə edib, 1 nəfəri isə uğursuz nəticə göstərib. Qeyd edək ki, 2 nəfər praktiki imtahanı gözləmə mərhələsindədir.

Cari ildə qeydi-formal və informal təhsil üzrə təmirçi-çilingər peşə ixtisası əlavə olunmaqla qiymətləndirilməsi və tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 27-yə çatdırılıb”.

Seçilən
50
3
azertag.az

4Mənbələr