AZ

“Qarabağ”ın Liqa mərhələsində 5 və ya 6 xal toplayacağını düşünürəm”

 

“Hamımız bilirik ki, “Qarabağ” Çempionlar Liqasında çox ağır qrupa düşüb. Qrupdakı bütün komandalar top səviyyəli rəqiblərdir. Ona görə də hazırkı situasiyanı real dəyərləndirmək lazımdır. “Qarabağ”ın “Kopenhagen”dən başqa qrupdakı hər hansı qələbəsi sensasiya kimi qiymətləndiriləcək. Bu oyunlardan biri də sabahkı “Benfika” qarşılaşmasıdır”.

Bu sözləri İdmanxeber.az saytına “Qarabağ”ın sabiq futbolçusu Zaur Həşimov təmsilçimizin Çempionlar Liqası Liqa mərhələsi çərçivəsində bu gün keçirəcəyi “Benfika” görüşü barədə danışarkən deyib. O, daha sonra belə davam edib: 

“Benfika” hər il mütəmadi olaraq avrokuboklarda çıxış edir və Portuqaliyanın köklü klublarından biridir. Düzdür, komanda ölkə  çempionatına uğurlu start verməyib və hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Amma onların gücü hər kəsə məlumdur.

Bütün bunlara rəğmən, “Qarabağ”ın bu gün inamlı çıxış edəcəyini düşünürəm. Komanda Avropada kifayət qədər təcrübə toplamış klubdur və bu kimi oyunlarda necə oynamağı yaxşı bilir. Fikrimcə, “Benfika” ilk dəqiqələrdən pressinq edib tez qol vurmağa çalışacaq. “Qarabağ” isə öz oyun üslubunda çıxış etməyə səy göstərəcək. Təəssüf ki, təmsilçimiz yaxşı hücumçu transfer edə bilmədi və bu mövqedəki boşluq istər-istəməz komandanın oyununa təsir göstərəcək.

Ümumilikdə isə çox maraqlı qarşılaşmanın şahidi olacağıq. “Qarabağ” bu səfərdən 1 xalla dönsə, yaxşı nəticə hesab olunacaq. Ümumən komandamızın Liqa mərhələsində 5 və ya 6 xal toplayacağını gözləyirəm.

Həsən Quluzadə

 

Seçilən
18
idmanxeber.az

1Mənbələr