AZ

Tural Əhmədov: "Rusiya və Ukrayna universitetlərindən diplom alan hüquqşünasların böyük əksəriyyəti uğursuz olub"

"Hüquqşünaslıq” ixtisası ilə bağlı xaricdə əldə edilmiş kvalifikasiyaların son üç imtahan üzrə peşə tanınmasında müvəffəqiyyət göstəricisi cəmi 21,5 faiz təşkil edir.

Musavat.com xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov brifində bildirib.

Onun sözlərinə görə, TKTA sifarişi əsasında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanında iştirak edən 334 nəfərdən yalnız 72 nəfəri təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək TKTA tərəfindən kvalifikasiyalarının tam (akademik və peşə) tanınması üzrə şəhadətnamələrini əldə edib.

"Uğursuz nəticə göstərən kvalifikasiya sahibləri əsasən Rusiya Federasiyası və Ukrayna ali təhsil müəssisələrinin (ATM) payına düşür. Belə ki, 6 oktyabr 2024-cü il tarixində DİM tərəfindən hüquqşünaslıq ixtisası üzrə təşkil edilən peşə imtahanında Rusiya Federasiyası ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin 70 faizi, Ukrayna ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin isə 63 faizi, həmçinin 30 yanvar 2025-ci il tarixində  təşkil edilən imtahanda Rusiya Federasiyası ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin 84 faizi, Ukrayna ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərinin isə 94 faizi uğursuz nəticə əldə edib.  

Hüquqşünaslıq üzrə peşə imtahanında uğursuz nəticə göstərən şəxslər kvalifikasiyalarını əsasən Rusiya Federasiyası üzrə Dağıstan Dövlət Universiteti, Moskva Müasir Akademik Təhsil İnstitutu, Saratov Dövlət Hüquq Akademiyası, Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyası, Tolyatti Dövlət Universiteti və Ümumrusiya Dövlət Ədliyyə Universitetindən, Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti, Regionlararası Heyətin İdarəolunması Akademiyası, Y.Mudrıy adına Milli Hüquq Universiteti, Milli Universitet “Odessa Hüquq Akademiyası” və T.Şevçenko adına Kiyev Milli Universitetindən əldə edib".   

Tural Əhmədov qeyd edib ki, bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ATM-lərə hər hansı ciddi dəyərləndirmə olmadan yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir:

"Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən şəxslərə və onların ailə üzvlərinə əvvəldə qeyd olunanları nəzərə almağı tövsiyə edirik".

Afaq Mirayiq,
Musavat.com

Seçilən
61
9
musavat.com

8Mənbələr