AZ

Azərbaycanın beş illik Zəfər tarixi

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Pərvanə SULTANOVA[email protected]

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurda ən müasir infrastruktur layihələri reallaşdırılır, uzun illər sonra öz yurduna geri dönən insanların rahat yaşayışı üçün bütün şərtlər təmin edilir, iş yerləri yaradılır. Dövlət başçısı mütəmadi olaraq azad olunmuş ərazilərə səfərlər edərək həm görülmüş işlərlə tanış olur, yeni layihələrin təməlini qoyur, eyni zamanda, sakinlərlə görüşür.

Qeyd edək ki, 2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Vətən müharibəsindən ötən müddətdə işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb. Qarabağ iqtisadi rayonunun və Şərqi Zəngəzur iqtisadi rayonunun çox geniş inkişaf potensialı var və burada sürətli işlər həyata keçirilir.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilə qədərki 5 milli prioritetindən biri kimi müəyyən edilib.

Bu günlər Azərbaycan üçün mühüm tarixi hadisənin - lokal antiterror əməliyyatlarının aparılmasının ikinci ildönümü tamam olur. Azərbaycan 44 günlük müharibə nəticəsində 30 ilə yaxın Ermənistanın işğalı altında qalan 20 faiz torpağını azad edərək, ərazi bütövlüyünü təmin etdi. Təxminən üç il sonra - 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni erməni hərbi birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri aparıldı. Bu əməliyyat 23 saata yaxın davam edib və Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələnib.

Dövlət başçısının bu ərəfədə yenidən azad olunmuş ərazilərə səfər etməsi xüsusi önəm daşıyır. Prezident Xocavənddə, Xocalıda inşası başa çatmış bir sıra tikililərin açılışında iştirak edib, sakinlərlə görüşüb.

Dövlət başçısı bəyan edib ki, elə bu günlərdə - sentyabrın 19-20-də şanlı ordumuz separatçılığa son qoydu. Onunla da separatçılığın kitabı bağlandı və Azərbaycan tam suverenliyini bərpa etdi: "Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir və şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır".

Dövlət başçısının dediyi kimi, Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur, sakinlər üçün bütün şərait təmin edilib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı "525"ə deyib ki, torpaqlarımızı işğaldan azad etdikdən sonra Böyük Qayıdışın geniş miqyasda icrasının qarşısında duran əsas maneə hələ də ərazilərimizdə erməni separatçılarının, terrorçularının yaşaması idi: "Coğrafi baxımdan Xankəndi, Ağdərə, Əsgəran rayonlarının ərazisi daha yüksəklikdə yerləşdiyi üçün Ağdam, Füzuli, Zəngilan və Qarabağın digər düzənlik əraziləri üçün məskunlaşmada problemlər yarana bilərdi. Çünki ermənilər sonadək öz separatçı, terrorçu hərəkətlərindən əl çəkmədilər. Çox təəssüf ki, kənar qüvvələrin də dəstəyini almaqla daim təhlükəsizliyimiz üçün təhdid yaratdılar. Ona görə də Qarabağın birdəfəlik azad olunması üçün, 200 illik işğaldan sonra tamamən öz nəzarətimizə keçməsi üçün 20 sentyabr 2023-cü ildə keçirlən antiterror əməliyyatı mühüm əhəmiyyət daşıyırdı. Bu əməliyyat keçirilməsəydi, bu gün də ərazilərimizdə terrorçular qalacaqdı və bu gün də biz öz torpaqlarımızın tam sahibinə çevrilə bilməyəcəkdik. Ona görə də məhz lokal antiterror əməliyyatlarının ildönümü ərəfəsində Azərbaycan Prezidentinin Qarabağa səfər etməsi, vətəndaşlarımızla görüşü, yeni kəndlərin salınması üçün təməlqoyma mərasimləri bir daha bu hadisənin bizim üçün nə dərəcədə əlamətdar olduğunu göstərir. Son günlərdə Xankəndidə baş verən terrora cəhd hadisəsi də onu göstərir ki, Azərbaycan dövləti nə qədər vaxtında, nə qədər qətiyyətli, cəsarətli bir qərar qəbul edərək bir həmlədə öz suverenliyini bərpa etdi, ölkəmizin ərazisindəki terrorçuları və separatçıları könüllü şəkildə Azərbaycanı tərk etməyə sövq etdi".

Milli Məclisin deputatı Arzuxan Əlizadə "525"ə deyib ki, iki il əvvəl keçirilən lokal antiterror əməliyyatı ilə Azərbaycan terrorçuları tam olaraq ərazilərindən çıxara bildi və öz torpaqları üzərində suverenliyini təmin etdi. Bununla da 91-ci ildən sonra suverenliyimiz və ərazi bütövlüyümüz tam təmin edildi: "Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfəri antiterror əməliyyatlarının ildönümə təsadüf edirdi. Məlumdur ki, artıq Qarabağda, işğaldan azad olunmuş ərazilərimizdə çox böyük bərpa və quruculuq işləri, infrastruktur layihələri həyata keçirilir. Yeni yollar çəkilir, dəmir yolları, avtomobil yolları salınır, qısa müddətdə üç beynəlxalq hava limanı istifadəyə verilib, yeni yaşayış binaları, sənaye obyektləri tikilir, sənaye parkları salınır. Faktiki olaraq 30 il ərzində işğala məruz qalmaqla yanaşı, xarabalığa çevrilmiş ərazilərimiz yenidən canlanıb. Qısa müddət ərzində sözün həqiqi mənasında çox böyük işlər görülüb. İnsanlarımızın geri qayıtmaları üçün minalanmış ərazilər təmizlənir və dədə-baba torpaqlarından didərgin düşmüş məcburi köçkün həyatı yaşayan Azərbaycan insanı öz doğma el-obasına qayıtmaqdadır. Dövlət başçısı həmin sakinlərin bir qrupu ilə görüşdü, çox mühüm mesajlar verdi. Əslində bu cür səfərlər hər dəfə yeni obyektlərin açılması, yeni infrastruktur layihələrinin ya təməlinin qoyulması, ya da başa çatması, Prezidentin açılış mərasimlərində iştirakı ilə yadda qalır. Eyni zamanda, Azərbaycan Prezidenti geri qayıdan sakinlərlə görüşdə həm dostlarımıza, həm düşmənlərimizə çox ciddi mesajlar vermiş oldu. Bu, əslində Azsərbaycanın gücünü, qüdrətini göstərən amildir. Hər belə səfərdən, insanlarımızın geri qayıdış prosesindən sonra Azərbaycan vətəndaşları güclü dövlətin vətəndaşı olaraq bundan qürur duyur, əminliklə deyə bilərik ki, bu proses uğurla davam edir. Proses davam etdikcə torpaqlarımız tam olaraq məskunlaşdırılacaq, abadlaşdırılacaq, tam yeni görkəm almış olacaq".

Deputat əlavə edib ki, iki il əvvəl tarximiz üçün çox böyük əhəmiyyətə malik olan hadisə baş verdi, hətta bir çoxlarının gözləmədiyi hadisəyə şahidlik etdik: "Biz inanırdıq ki, torpaqlarımız işğaldan azad olunacaq, ərazi bütövlüyümüz təmin ediləcək. Amma bir çox məsələlər var idi ki, sözün həqiqi mənasında bəlkə də gözlənilməz oldu. Çünki orda 10 mindən artıq erməni terrorçu, silahlı birləşmələri var idi. Az vaxt ərzində onların ərazidən çıxarılması ilə sözün həqiqi mənasında mühüm bir addım atılmış oldu. Bunun əlbəttə ki, çox mühüm əhəmiyyəti var. Azərbaycan həm ərazilərini işğaldan azad etməklə, həm də terrorçuları ərazidən çıxarmaqla dünyaya yeni bir nümunə göstərmiş oldu.  Terrorçuluqdan, separatçılıqdan qurtulmağın Azərbaycan nümunəsi. Bu gün dünyanın bir çox ölkələri separatçılıqdan, terrorçuluqdan əziyyət çəkir, terror qruplaşmaları ilə mübarizə davam edir. Amma Azərbaycan ərazilərini xüsusi olaraq vurğulamaq lazımdır ki, öz gücünə qısa müddət ərzində həyata keçirdiyi əməliyyatla terrorçulardan, separatçılardan təmizlədi. Bununla da bir Azərbaycan nümunəsi ortaya qoydu, bu, misli görünməmiş bir əməliyyat idi. Bu əməliyyat tam bir sutka da çəkmədi. 23 saat ərzində 10 mindən çox erməni qanunsuz silahlıları, terrorçular zərərsizləşdirildi. Böyük əksəriyyəti də təslim oldu".  

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
525.az

1Mənbələr