AZ

“2025-ci ildə pensiyalar artırılacaq"- Vüqar Bayramovdan Açıqlama

“2025-ci ilin büdcəsi iqtisadi və sosial islahatların dərinləşməsini hədəfləyir”.

Millət vəkili Vüqar Bayramov News365.az-a açıqlamasında bildirib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi növbəti ilin iqtisadi və sosial prioritetlərinə uyğun formalaşdırılıb.

Onun sözlərinə görə, əsas istiqamətlər iqtisadiyyatın dəstəklənməsi, sosial müdafiə tədbirlərinin gücləndirilməsi və dövlətin təsir imkanlarının genişləndirilməsidir.

Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası, məskunlaşdırılması və inkişafı gələn ilin də prioritetləri sırasındadır:
“İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına 22 milyard manatdan çox vəsait ayrılıb. Təkcə 2025-ci ildə bu istiqamətə 4 milyard manat nəzərdə tutulub. Bu, bölgədə sürətli məskunlaşma, infrastrukturun inkişafı və iqtisadi fəaliyyətin genişlənməsi deməkdir”.

Sosial sahədə də mühüm islahatların davam etdiriləcəyini bildirən Bayramov vurğulayıb ki, gələn ilin yanvarından pensiyalar indeksləşdirilərək artırılacaq:
“2025-ci ildə pensiyalar orta aylıq əməkhaqqının artımına uyğun indeksləşdiriləcək. Bu artım ümumilikdə 1 milyon 100 min vətəndaşı əhatə edəcək”.

Deputat əlavə edib ki, müdafiə qabiliyyətinin gücləndirilməsi və sahibkarlığın dəstəklənməsi də büdcənin prioritet istiqamətləri olaraq qalır:
“Sahibkarlar üçün güzəştlərin davam etdirilməsi, iqtisadiyyatın dəstəklənməsi, dövlət proqramlarının daha geniş icrası yeni dövrün strateji hədəflərinə uyğundur”.

Bayramovun sözlərinə görə, 2025-ci ilin dövlət büdcəsi həm mövcud strategiyaların icrasına, həm də yeni çağırışlara cavab verəcək şəkildə hazırlanıb.

Seçilən
39
1
news365.az

2Mənbələr