AZ

“Avroviziya-2026" boykot olunur - Azərbaycanın qərarı nə olacaq?

Niderland “Avroviziya-2026”nı boykot etməyi düşünür. Modern.az xəbər verir ki, ölkənin "AVROTROS" yayım şirkəti müsabiqədən imtina barədə məlumat yayıb. 

Bildirilib ki, buna səbəb Qəzza zolağında davam edən münaqişə fonunda İsrailin iştirak etməsi olub. “Mövcud şəraitdə baş verənlərin ciddi humanitar nəticələrini nəzərə alaraq, biz artıq İsrailin iştirakına haqq qazandıra bilmərik”, - məlumatda yazılıb. Bundan əlavə, Niderland tərəfi mətbuat azadlığının məhdudlaşdırılmasından və İsrail hakimiyyətinin “Avroviziya-2025"in təşkilinə müdaxiləsindən narahatlığını bildirib. Yayımçının sözlərinə görə, müsabiqədən siyasi məqsədlər üçün istifadə edilib və bu da onun ruhuna ziddir.

İspaniya hakimiyyəti də analoji mövqedən çıxış edib. Mədəniyyət naziri Ernest Urtasun və baş nazir Pedro Sançes açıq şəkildə İsraili iştirakçılar siyahısından çıxarmağa çağırıblar. Madriddən sonra İrlandiya və Sloveniyadakı televiziya şirkətləri mümkün boykotu dəstəkləyiblər. İrlandiyanın RTE telekanalı İsrailin iştirakını “əxlaqsızlıq” adlandırıb. 

70-ci yarışması keçiriləcək “Avroviziya” müsabiqəsi 2026-cı ilin mayına planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq. Avstriyanın paytaxtı üçüncü dəfə bu yarışmaya ev sahibliyi edəcək.

Zaman-zaman Azərbaycanın da bu yarışı boykot etməsi çağırışları səslənib. Xatırladaq ki, ölkəmiz artıq üçüncü ildir ki, ard-arda bu mötəbər yarışın final mərhələsinə yüksələ bilmir. O cümlədən son “Avroviziya-2025" müsabiqəsində ölkəmizi səhnədə təmsil edən "Mamagama" qrupu elə birinci yarımfinaldan müsabiqəni tərk etmişdi. Əksər mütəxəssislər ölkələrin bir-birinə verdiyi səslərdə siyasi və regional loyallığın açıq-aşkar hiss olunduğunu bildirirlər. Məsələn, Yunanıstan heç vaxt Türkiyəyə yüksək xal vermir. Skandinaviya və Balkan ölkələri isə öz aralarında sanki bir “blok” quraraq bir-birini dəstəkləyirlər.

Azərbaycanın ən çox xal verdiyi və aldığı ölkələr siyahısında Türkiyə, Rusiya, Ukrayna, Moldova, İsrail və Gürcüstan ilk sıralarda yer alır. Bu da göstərir ki, “Avroviziya” artıq bir növ beynəlxalq münasibətlər barometrinə çevrilib.

Son illər müsabiqənin ideoloji kontenti də ciddi müzakirələrə səbəb olur. Xüsusilə LGBT təbliğatının yarışmanın mərkəzi elementinə çevrilməsi tənqid olunur.

Bəs ölkəmizin tanınmış siyasət və sənət adamları bu haqda necə düşünür? 

Tənzilə

Tənzilə Rüstəmxanlı

Mövzu ilə bağlı millət vəkili Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, “Avroviziya” musiqi festivalı artıq bir musiqi festivalı və yarışmasından daha çox siyasi xarakter daşıyır: “Biz illərlə Türkiyəyə münasibətdə bunun şahidi olmuşuq. 

Hesab edirəm ki, Qəzzada baş verənlər, uzun illərdir davam edən münaqişə, son illərdə daha da kəskinləşən vəziyyət, orada uşaqların öldürülməsi və böyük bir dramın yaşanmasının fonunda İsrailin bütün bunları dünyanın gözü qarşısında etməsinə baxmayaraq, hələ də musiqi yarışmasında iştirak etməsi və bəzi ölkələrin buna etirazı onu göstərir ki, insanlıq tam ölməyib. Həmin ölkələr bu məsələyə insani tərəfdən yanaşır, bu cür fikirlər səsləndirirlər. Mən bu fikirləri haqlı hesab edirəm. Düşünürəm ki, kimsə onlara “dur” deməlidir. 

Məlum olduğu kimi, Türkiyənin bu məsələdə mövqeyi birmənalıdır. Çox istərdim ki, belə musiqi festivalları və yarışmaları siyasiləşməsin, siyasi xarakter daşımasın. Amma hər halda, bu münasibətlərin özü də insanlığa qarşı işlənən bir cinayətə, günahsız insanların qanının tökülməsinə qarşı bir etiraz əməliyyatı kimi qəbul edilməlidir.

Əlbəttə, İsrail Azərbaycanın müttəfiqidir və Azərbaycan da bütün bunları nəzərə alır. Amma İspaniyanın mövqeyi, Niderlandın bu cür düşüncədə olması, habelə bəzi dövlətlərin və şirkətlərin mövqeləri insanlıq adına atılan addımlar kimi dəyərləndirilə bilər və mən də bunu o cür qarşılayıram".

Elza

Elza Seyidcahan

Əməkdar artist Elza Seyidcahan mövqeyini açıqlayaraq bildirib: “Mənim fikrimcə, Azərbaycan hər bir beynəlxalq festivalda, o cümlədən də "Avroviziya" beynəlxalq musiqi yarışmasında mütləq iştirak etməlidir. Çünki ölkəmizin adı, bayrağı və mədəniyyəti hər zaman dünyada görünməlidir. Bu, təkcə musiqi yarışı deyil, həm də Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, milli kimliyimizin təqdim olunması üçün mühüm bir vasitədir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Seçilən
0
musavat.com

1Mənbələr