AZ

Azad olunmuş torpaqların dirçəlişi:Diplomatiya və mədəniyyətin qovuşduğu məkan

20 sentyabr Ağdərə, Xocavənd, Xankəndi və Xocalının azad edilməsinin ildönümü kimi Azərbaycan tarixində xüsusi yer tutur. Bu gün həm ərazi bütövlüyümüzün bərpasının, həm də xalqımızın milli qürurunun simvoludur. Azad edilmiş torpaqlar bu gün yalnız dirçəlmə və bərpa mərhələsindən keçmir, həm də beynəlxalq tədbirlərin mərkəzinə çevrilərək Azərbaycanın qlobal arenadakı mövqeyini möhkəmləndirir.

Bir vaxtlar faciələrin rəmzinə çevrilmiş Xankəndi bu gün artıq regional əməkdaşlıq və beynəlxalq dialoqun yeni məkanına çevrilib. Burada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti şəhərin yeni statusunu təsdiqlədi. Prezident İlham Əliyevin dediyi kimi:

“Biz azad olunmuş torpaqları bərpa etməklə yanaşı, onları beynəlxalq əməkdaşlıq məkanına çeviririk. Xankəndi bu gün regionun mühüm siyasi mərkəzi kimi formalaşır.”

Sammitdə iştirak edən dövlətlərin nümayəndələri Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etdiklərini nümayiş etdirdilər.

Beynəlxalq media forumunun Şuşada keçirilməsi, lakin Xankəndidən başlanması xüsusi məna daşıyır. Azərbaycanın mədəniyyət paytaxtı ilə Xankəndinin birgə təqdimatı milli-mənəvi dəyərlərin və müasir diplomatik təşəbbüslərin birləşdiyini göstərir. Prezident İlham Əliyevin sözləri ilə:

“Şuşa bizim mədəniyyətimizin simvoludur, Xankəndi isə bu gün yeni siyasi və diplomatik mərkəzə çevrilir. Bu şəhərlər birlikdə Azərbaycanın gücünü, həm keçmişini, həm də gələcəyini nümayiş etdirir.”

Son aylarda Xankəndidə keçirilən tədbirlər şəhərin tədricən beynəlxalq status qazanmasına dəlalət edir. Burada keçirilən görüşlər, sammitlər və forumlar Azərbaycanın yalnız region üçün deyil, həm də qlobal əməkdaşlıq üçün mühüm tərəfdaş olduğunu təsdiqləyir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki:

“Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Azərbaycanın yaratdığı reallıq bütün region dövlətlərinin maraqlarına xidmət edir.”

Bu gün Xankəndi sadəcə bərpa olunmuş şəhər deyil. O, quruculuğun, diplomatiyanın və beynəlxalq etirafın simvoluna çevrilib. Şəhərin cazibə mərkəzinə çevrilməsi Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi hərbi qələbəni davamlı siyasi və diplomatik uğurlara çevirdiyini göstərir.

20 sentyabr - azadlıq və qürur günü - bu mənada yalnız tarix deyil, həm də gələcəyin rəmzidir. Xankəndi artıq yeni bir dövrün, Cənubi Qafqazda sülhün və əməkdaşlığın simvoludur.

Sevinc Fətəliyeva,
Milli Məclisin deputatı

Seçilən
23
2
ikisahil.az

3Mənbələr