AZ

COVID 19 infeksiyası 2 il davam edən kişi tarixə DÜŞDÜ

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İmmuniteti zəif olan 41 yaşlı bir kişidə COVID-19-un aktiv infeksiya mərhələsi 750 gündən artıq davam edib. Bu müddət ərzində xəstədə nəfəs darlığı şikayətləri müşahidə olunub və o, beş dəfə xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, araşdırma "The Lancet" jurnalında dərc olunub.

Mütəxəssislər bildiriblər ki, bu hal “uzun COVID” ilə qarışdırılmamalıdır. Çünki söhbət virus tam təmizləndikdən sonra davam edən simptomlardan deyil, SARS-CoV-2-nin iki ildən çox müddətdə bədəndə aktiv qalmasından gedir.

Boston Universitetindən Joseline Velasquez-Reyes və komandası 2021-ci ilin martı ilə 2022-ci ilin iyulu arasında xəstədən götürülmüş nümunələri araşdırıb. Analizlər virusun cəmiyyətdəki mutasiya sürətinə bənzər şəkildə dəyişdiyini və hətta “omikron” variantında müşahidə olunan bəzi spike mutasiyalarının həmin xəstədə inkişaf etdiyini göstərib. Harvard Universitetinin epidemioloqu Uilyam Hanage isə qeyd edib ki, uzunmüddətli infeksiyalar virusa hüceyrələri daha effektiv yoluxdurma yollarını sınaqdan keçirmək imkanı verir: “Daha yoluxucu variantların məhz bu cür hallardan çıxdığına dair sübutlar artır”.

Xəstənin ağır HIV-1 daşıyıcısı olduğu, immunitet üçün həyati əhəmiyyət daşıyan T-hüceyrələrinin sayının isə hər mikrolitr qanda cəmi 35 olduğu açıqlanıb. Normal göstərici isə 500–1500 arasındadır. Onun 2020-ci ilin mayında COVID-19-a yoluxduğu, lakin bu dövrdə nə antiretroviral müalicə aldığı, nə də lazımi tibbi yardıma çıxışının olduğu bildirilib.

Araşdırma müəllifləri virusun bu şəxsdə yoluxduruculuğunu itirmiş ola biləcəyini, lakin bütün halların eyni şəkildə keçmədiyini vurğulayıb. Onların sözlərinə görə, belə infeksiyalar həm fərdi sağlamlıq, həm də ictimai təhlükəsizlik baxımından diqqətlə izlənilməli və müalicəsi prioritet sayılmalıdır.

Mütəxəssislər əlavə ediblər ki, yoluxmaların qarşısını almaq üçün vaksinasiya davam etdirilməli, qapalı və sıx məkanlarda maskadan istifadə edilməlidir.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
redaktor.az

2Mənbələr