Vəkilliyin vəzifələri artırılır.
Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir.
Layihədə həmçinin dövlət orqanlarının (qurumlarının) hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinin də vəkilliyin əsas vəzifəsi olması təklif edilir.
Vəkillik fəaliyyəti fərdi qaydada və ya Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) müəyyən etdiyi qaydalara əsasən yaradılmış vəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə biləcək. Vəkil qurumu qeyri-kommersiya hüquqi şəxsi olacaq.
Yuxarıda müəyyən edilmiş qaydalara uyğunluğu Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə təsdiqlənmiş vəkil qurumu seçilmiş təşkilati-hüquqi forma üzrə dövlət qeydiyyatından keçdikdən sonra fəaliyyətə başlayacaq.
Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər yalnız öz fəaliyyətinin təbliği ilə bağlı vəkilliyin rəmzlərindən istifadə edə biləcəklər.