AZ

Müstəqilliyimiz əbədidir: Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır

Bakı, 16 sentyabr, AZƏRTAC

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 9-cu kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, bu kitabda yer alan materiallar 1995-ci il sentyabrın 20-dən noyabrın 26-dək olan dövrü əhatə edir. Nəşrdə Ulu Öndər Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və məktubları toplanıb.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın iclaslarında iştirak edirdi. Komissiyanın iclaslarından biri də 1995-ci il oktyabrın 3-də keçirilmişdi. Həmin iclasda çıxış edən Ulu Öndər Heydər Əliyev demişdi: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni, dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin Konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq. Demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu proseslərini və bunu təmin etmək üçün bütün şərtləri, müddəaları Konstitusiya özündə əks etdirməlidir”.

Bu cilddə Ulu Öndərin 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasına və Milli Məclisə seçkilərə səsvermədə iştirakı zamanı mətbuata bəyanatı, Milli Məclisin ilk iclasında geniş nitqi də verilib. Həmin nitqində Ümummilli Lider Azərbaycanda hakimiyyətin mənbəyinin xalq olduğunu bir daha vurğulayaraq demişdi: “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və hər bir hakimiyyət ancaq xalqın iradəsi əsasında əldə oluna bilər. Hakimiyyətin təşkil olunması Konstitusiyada hakimiyyətin səlahiyyət bölgüləri əsasında nəzərdə tutulubdur: qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə hakimiyyəti. Bu prinsip XVIII əsrdə fransız filosofları Jan-Jak Russo, Monteskye, Didro və digərləri tərəfindən sübut olunub, əsrlərin sınağından keçib, dünyanın demokratiya sahəsində inkişaf etmiş ölkələrində hökm sürür və biz də bu prinsipi demokratik hüquqi dövlət yaratmaq üçün və respublikamızda demokratiyanı inkişaf etdirmək üçün, vətəndaşların, insanların hüquqlarını qoruyub təmin etmək üçün əsas götürmüşük”.

Oxucu bu kitabda Heydər Əliyevin BMT-nin 50 illik yubileyi ilə əlaqədar Nyu-Yorkda BMT Baş Məclisinin xüsusi təntənəli iclasında çıxışının mətni ilə də tanış ola bilər.

Ümummilli Lider müstəqilliyini yeni əldə etmiş Azərbaycanın xarici ölkələrlə ikitərəfli əlaqələrinin inkişafını daim diqqət mərkəzində saxlayırdı. Ulu Öndərin 1994-cü ildə Çinə rəsmi səfəri zamanı iki ölkə arasında bir sıra sənədlər imzalanmışdı. 1995-ci il sentyabrın 29-da isə Çin Xalq Respublikasının yaranmasının 46-cı ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirildi. Qəbulda iştirak edən Ulu Öndər iki ölkə arasında dostluq əlaqələrinin yarandığını söyləmiş, həmçinin Çinin BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyətini yüksək qiymətləndirərək demişdi: “Çin Xalq Respublikası ilə Azərbaycan arasında dostluq əlaqələri yaranıbdır. Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Çin bu beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasında həmişə ölkələrin, xalqların milli azadlıq və öz dövlət müstəqilliyini əldə etmək səylərinə tərəfdar olubdur. Azərbaycan Respublikası yaranandan Çin respublikamızın milli azadlığını, dövlət müstəqilliyini tanıyıb və beynəlxalq təşkilatlarda, xüsusən BMT-də ölkəmizlə sıx əməkdaşlıq edib”.

Heydər Əliyev müstəqillik əldə etmiş türk respublikalarının xoşbəxt sabahına inanır, Türk dünyasının yeni yüksəliş mərhələsi yaşadığını söyləyirdi. 1995-ci il sentyabrın 30-da Türk Xalqlarının III Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının iştirakçılarına təbrik məktubunda Ulu Öndər bildirirdi: “Tarixin ağır sınaqlarına zaman-zaman sinə gərmiş türk xalqları qarşılıqlı elmi, mədəni, iqtisadi və siyasi əlaqələrini qoruyub saxlamış, bəşər tarixində daim önəmli mövqe tutmuşlar. Müasir Türk dünyası yeni yüksəliş mərhələsini yaşayır. Bu gün suverenlik əldə etmiş gənc türk cümhuriyyətlərinin bir sırada inamlı addımları Türk dünyasının xoşbəxt sabahından soraq verir. Əminəm ki, türk xalqlarının III qurultayı da bu müqəddəs arzu və istəklərin həyata keçirilməsində mühüm rol oynayacaq.

Müstəqil inkişaf yoluna qədəm qoyan Azərbaycan Cümhuriyyəti də suverenliyini əldə etdiyi ilk gündən Türk dünyasının möhkəmlənməsinə sədaqətlə xidmət etmiş və bundan sonra da edəcəkdir”.

Kitabın buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.

Seçilən
22
3
azertag.az

4Mənbələr