AZ

YAP Nəsimi rayon təşkilatında Bilik Günü tədbiri - FOTOLAR

Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

"Unikal" xəbər verir ki, tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gəncləri Bilik Günü münasibətilə təbrik edib, onlara yenicə qədəm qoyduqları tələbə həyatlarında uğurlar arzulayıb.

Qeyd olunub ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi, xüsusən də ali məktəblərin inkişafı ilə müəyyən edilir. Ulu Öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bu sahəyə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin parlaq gələcəyini təmin edən inkişaf proqramları təsdiq olunur, bu istiqamətdə əsaslı tədbirlər görülür. Həmçinin, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüs və dəstəyi ilə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi, məktəblərin yenidən qurulması və gənc nəslin biliklərə çıxış imkanlarının genişlənməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətlərini icra edən Zahid Xəlilov isə çıxışında ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gəncləri və onların valideynlərini təbrik edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində əsası qoyulan təhsil strategiyası bu gün də öz bəhrəsini verir: “Ümummilli Liderin “Təhsil millətin gələcəyidir” ifadəsi müasir Azərbaycanın inkişaf yolunda əsas prioritetlərdən çevrilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən təhsil islahatları ölkədə müasir biliklərə yiyələnmiş gənc nəslin formalaşmasına xidmət edir”.

Sonra Nəsimi RİH başçısının birinci müavini Gülarə Verdiyeva yüksək bal toplayaraq tələbə adını qazanmış gəncləri təbrik edib. O, ölkədə elm və təhsil siyasətində həyata keçirilən islahatların, təhsil infrastrukturunun modernləşdirilməsinin və müəllim-şagird münasibətlərində yeni yanaşmaların gənclərin uğurlarında mühüm rol oynadığını vurğulayıb.

“Avra Company” MMC-nin direktoru Məsmun Quliyev çıxışında elm yolunun gənclərin həyatında əvəzsiz missiya daşıdığını qeyd edərək bildirib ki, yüksək nəticə göstərən məzunlar Azərbaycanın gələcək intellektual potensialını formalaşdıran dəyərli istedadlardır.

Şirkətin direktor müavini Oruc Əliyev də gənclərə uğurlar arzulayaraq onların gələcəkdə ölkəmizin inkişafında fəal rol oynayacağına əminliyini ifadə edib.

Tələbələr adından yüksək bal toplayan məzun Gülay Mürvətova çıxış edərək ölkə rəhbərliyinə təhsilə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib.

Sonda 2024–2025-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlara hədiyyələr və təşəkkürnamələr təqdim olunub, tədbir iştirakçıları tələbə və valideynlərlə birlikdə xatirə şəkli çəkdiriblər.

Seçilən
31
unikal.az

1Mənbələr