AZ

Vəkilliyə qəbula dair yeni prosedur müəyyənləşir KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hakimlər, dövlət qulluqçuları və hüquq elmləri doktorlarının vəkilliyə qəbuluna dair yeni prosedur müəyyənləşir.

KONKRET.az xəbər verir ki. bu, Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, li hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin II hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.

Dövlət qulluğunda çalışan şəxslər yalnız tutduqları vəzifədən azad edildikdən və bu Qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər. Vəkil dövlət qulluğuna qəbul edildikdə onun vəkillik fəaliyyəti dövlət qulluğundan azad olunanadək dayandırılır. Bu Qanunda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən vəkil adından qanunsuz istifadə olunması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Layihəyə əsasən, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə bir ildən az olmayaraq iş stajı olan və ya elmi müəssisələrdə (təşkilatlarda) və təhsil müəssisələrində hüquq sahəsində bir ildən az olmayan müddətdə fəaliyyət göstərən, Vəkillərin İxtisas Komissiyasında peşə yararlığının müəyyən edilməsi məqsədilə yazılı testdən və müsahibədən ibarət ixtisas imtahanını müvəffəqiyyətlə vermiş, müvafiq icra hakimiyyəti orqanının tədris-eim müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş Azərbaycan Respublikasının vətəndaşları bu maddənin II hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilərlər. Azərbaycan Respublikasının vətəndaşı olan, əvvəllər vəkil və ya hakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış hakimlər istisna olmaqla) olmuş şəxslər onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədən keçərək icbari təlimə cəlb olunmaqla həmin təlimi müvəffəqiyyətlə keçdikdən sonra vəkilliyə qəbul olunurlar. Azərbaycan Respublikasının vətəndaşı olan, əvvəllər vəkil və ya hakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış hakimlər istisna olmaqla) olmuş şəxslər yazılı test vermədən, müsahibədə iştirak etmək hüququndan yalnız bir dəfə istifadə edə bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquq sahəsində fəxri ad verilmiş şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədə iştirak etmədən və icbari təlimə cəlb edilmədən vəkilliyə qəbul olunurlar. Vəkil dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edildikdə onun vəkillik fəaliyyəti dövlət qulluğuna xitam verilənədək dayandırılır. Dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış və bundan sonra dövlət qulluğunda (dövlət qulluğunun xüsusi növündə) iki il və ya daha çox qulluq keçmiş şəxslər (hüquqşünaslıq ixtisası üzrə ali təhsil tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları istisna olmaqla) dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) xitam verildikdən sonra onların vəkillik fəaliyyətinə buraxılmalarına mane olan bu Qanunla müəyyən edilmiş hallar aşkar edilmədikdə onlar müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər.

Dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış və bundan sonra dövlət qulluğunda (dövlət qulluğunun xüsusi növündə) iki ildən az qulluq keçmiş şəxslər, habelə hüquqşünaslıq ixtisası üzrə ali təhsil tələb edən vəzifələrdə qulluq keçmiş dövlət qulluqçuları dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) xitam verildikdən sonra onların müraciəti olduqda. və vəkillik fəaliyyətinə buraxılmalarına mane olan bu Qanunla müəyyən edilmiş hallar aşkar edilmədikdə vəkilliyə buraxılırlar. Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən özünə münasibətdə və ya təşkilatının adında “vəkil” sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunması qadağandır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
12
konkret.az

9Mənbələr