AZ

Vəkillər barəsində fəaliyyətlərinə xitam verilməsi qaydası təkmilləşdirilir

Vəkillər barəsində tətbiq edilən intizam tənbehləri dəqiqləşdirilir və fəaliyyətlərinə xitam verilməsi qaydası təkmilləşdirilərək, həmin qərardan və həm də intizam tənbehlərindən məhkəməyə şikayət vermək hüququ müəyyən edilir. SİA xəbər verir ki, bu, Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən altı ay, törədildiyi gündən isə bir il müddətində tətbiq edilə bilər. Layihəyə görə, vəkil haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən bir il, törədildiyi gündən isə iki il müddətində tətbiq edilə biləcək.

Hazırda İntizam komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər:

- irad tutma;

- töhmət;

- üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması;

Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatına xitam verilir. Barəsində vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərar qəbul edilmiş şəxs Vəkillər Kollegiyasının seçkili orqanlarında vəzifəyə seçilə bilməz. Üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərardan məhkəməyə şikayət vermək olar. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər.

Layihəyə əsasən, Vəkillərin İntizam Komissiyası intizam icraatının başlandığı gündən üç ay müddətində vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edir. Əlavə araşdırmanın aparılmasına zərurət yaranarsa, həmin müddət üç ayadək uzadıla bilər. Vəkillərin İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər:

- xəbərdarlıq;

- töhmət;

- üzvlük haqqının 10 misli həcmində cərimə;

- "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun 9-cu maddəsində göstərilən hüquqpozmalara təkrarən yol verilməsinə və ya vəkil etikasına dair tələblərin üç dəfədən artıq pozulmasına görə pozuntunun dərəcəsindən və vəkilin peşəkarlıq səviyyəsindən, stajından, əvvəllər intizam tənbehi alıb- almamasından asılı olaraq üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması;

- vəkil adına ləkə gətirməklə vəkil peşəsinin nüfuzuna xələl gətirən hərəkətə yol verilməsinə və ya icraatında olan işlə bağlı normativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi olaraq pozmaqla təmsil etdiyi şəxsin maraqlarına ziyan vurulmasına görə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə.

Vəkillər barəsində intizam icraatı aparılarkən bu Qanunla yanaşı Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin və Vəkillərin İntizam Komissiyası haqqında Əsasnamənin tələbləri rəhbər tutulacaq. Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatı başlanılmayacaq və ya başlanılmış icraata xitam veriləcək. Barəsində vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərar qəbul edilmiş şəxs Vəkillər Kollegiyasının seçkili orqanlarında vəzifəyə seçilə bilməz.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin intizam tənbehi barədə qərarından bir ay müddətində məhkəməyə şikayət verilə bilər.

Digər dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə vəkilin fəaliyyətinə xitam veriləcək. Vəkilin fəaliyyətinə xitam verilməsi barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarından bir ay müddətində məhkəməyə şikayət verilə bilər.

Layihəyə əsasən, Vəkillərin İntizam Komissiyasının səlahiyyət müddəti də müəyyənləşir. Vəkillərin İntizam Komissiyasının səlahiyyət müddəti beş il olacaq.

Seçilən
43
3
sia.az

10Mənbələr