AZ

Vəkilliklə bağlı nələr dəyişir? - Bütün detallar BU YAZIDA

Vəkiliklə bağlı bir sıra yeni qaydalar müəyyənləşir.

Modern.az xəbər verir ki, Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna və Mülki Prosessual Məcəlləyə dəyişikliklər təklif edilir.

Dəyişikliyə əsasən, vəkil kassasiya instansiyası məhkəməsində özü-özünü təmsil edə bilər.

Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə görə aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs qismində vəkil çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina edə və özü-özünü təmsil edə bilər:

- təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda;

- şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə;

- şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə;

- cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə;

- təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda.

***

Vəkillərin xidməti vəsiqəsi

Vəkil andı içmiş vəkillərə xidməti vəsiqə veriləcək.

Layihəyə əsasən, xidməti vəsiqənin forması, verilməsi qaydası və etibarlılıq müddəti Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən ediləcək. Vəkilin xidməti vəsiqəsi onun Vəkillər Kollegiyasına üzvlüyünü təsdiq edəcək. Xidməti vəsiqə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparatı tərəfindən hazırlanacaq.

Vəkil fəaliyyəti dövründə xidməti vəsiqədən istifadə edəcək. Xidməti vəsiqədə göstərilən məlumatlar dəyişdikdə, məlumatların səhv olduğu müəyyənləşdirildikdə, xidməti vəsiqə itirildikdə, yararsız hala düşdükdə, habelə xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda ona yeni xidməti vəsiqə veriləcək.

Vəkilin fəaliyyəti dayandırıldıqda və ya onun fəaliyyətinə xitam verildikdə xidməti vəsiqə Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatına qaytarılacaq.

Vəkilin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunduğu gündən dayandırma müddəti bitənədək o, xidməti vəsiqəsindən istifadə etmək hüququnu itirəcək. Vəkilin fəaliyyətinə xitam verilməsi barədə qərar qüvvəyə mindiyi gündən etibarən xidməti vəsiqə öz qüvvəsini itirəcək.

***

Vəkil orderi

Vəkil orderi olacaq, sorğuları 7 iş günündən gec olmayaraq cavablandırılmalıdır.

Vəkil orderi vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən vəkilə verilən, özündə tapşırıq üzrə istintaq (təhqiqat), prokurorluq orqanında və ya bir məhkəmə instansiyasında (işin mahiyyəti ilə əlaqəli olmayan məhkəmə aktlarından apellyasiya və kassasiya instansiyasına verilən şikayətlər üzrə məhkəmə iclasları istisna olmaqla) təmsilçilik və hüquqi yardımın göstərilməsini, hüquqi şəxslərdə təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edəcək. Vəkil orderi dövlət hesabına göstərilən hüquqi yardıma görə təhqiqat, istintaq, prokurorluq orqanlarının və ya məhkəmənin müvafiq qərarı və ya müraciət edən şəxslə vəkil (vəkil qurumu) arasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar bağlanmış müqavilə əsasında veriləcək.

Dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən vəkil orderi vəkilin təmsilçilik səlahiyyətlərini müəyyən edən və vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin möhürü ilə təsdiq olunan sənəddir. Müqavilə əsasında verilən vəkil orderi vəkilin təmsilçilik səlahiyyətlərini müəyyən edən, vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin möhürü ilə təsdiq olunan və üzərində onun həqiqiliyini əks etdirən order markası olan sənəddir. Order markası özündə vəkil orderinin unikal seriya və nömrəsini əks etdirən xüsusi nişandır. Vəkil orderinin və order markasının forması, hazırlanması, istifadə qaydası və order markasına görə ödənişin məbləği Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) tərəfindən müəyyən olunacaq.

Vəkil sorğusu isə peşəkar hüquqi yardımın göstərilməsi üçün zəruri olan məlumatların (sənədlərin) əldə olunması məqsədilə dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, habelə qanuna uyğun olaraq fəaliyyət göstərən digər hüquqi və fiziki şəxslərə həmin şəxslərin səlahiyyət hədləri nəzərə alınmaqla vəkil tərəfindən verilən və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda cavablandırılmalı olan yazılı müraciətdir. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə başqa qayda nəzərdə tutulmadıqda vəkil sorğusu daxil olduğu gündən ən qısa müddətdə, lakin yeddi iş günündən gec olmayaraq cavablandırılmalıdır. Bu müddət ərzində sorğunun cavablandırılması mümkün olmadıqda, həmin müddət əlavə olaraq yeddi iş günü uzadıla bilər.

Vəkil tərəfindən göndərilən sorğuya onun sorğu göndərilən iş üzrə səlahiyyətli olduğunu müəyyən edən vəkil orderinin vəkil qurumunun rəhbəri və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən təsdiq olunmuş surəti əlavə olunmalıdır. Vəkil sorğusu vəkil qurumunun sorğu göndərən vəkili və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən müvafiq blankda çap və imza edilməklə, habelə vəkil qurumunun rəhbəri və fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən möhürlənməklə təsdiqlənməlidir.

 

***

Vəkil köməkçiləri

Vəkil köməkçilərinə dair tələblər qoyulacaq. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli pozuntularına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər vəkil köməkçisi ola bilməzlər.

Vəkil köməkçisinə dair məlumatlar vəkil reyestrinin xüsusi bölməsinə daxil ediləcək.

 

***

Kimlər vəkil ola viləcək?

Mövcud qanuna əsasən, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin II hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.

Dövlət qulluğunda çalışan şəxslər yalnız tutduqları vəzifədən azad edildikdən və bu Qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər. Vəkil dövlət qulluğuna qəbul edildikdə onun vəkillik fəaliyyəti dövlət qulluğundan azad olunanadək dayandırılır. Bu Qanunda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən vəkil adından qanunsuz istifadə olunması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Layihəyə əsasən, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə bir ildən az olmayaraq iş stajı olan və ya elmi müəssisələrdə (təşkilatlarda) və təhsil müəssisələrində hüquq sahəsində bir ildən az olmayan müddətdə fəaliyyət göstərən, Vəkillərin İxtisas Komissiyasında peşə yararlığının müəyyən edilməsi məqsədilə yazılı testdən və müsahibədən ibarət ixtisas imtahanını müvəffəqiyyətlə vermiş, müvafiq icra hakimiyyəti orqanının tədris-eim müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş Azərbaycan Respublikasının vətəndaşları bu maddənin II hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilərlər. Azərbaycan Respublikasının vətəndaşı olan, əvvəllər vəkil və ya hakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış hakimlər istisna olmaqla) olmuş şəxslər onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədən keçərək icbari təlimə cəlb olunmaqla həmin təlimi müvəffəqiyyətlə keçdikdən sonra vəkilliyə qəbul olunurlar. Azərbaycan Respublikasının vətəndaşı olan, əvvəllər vəkil və ya hakim (intizam qaydasında vəkillik və ya hakimlik fəaliyyətinə xitam verilmiş şəxslər, həmçinin Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış hakimlər istisna olmaqla) olmuş şəxslər yazılı test vermədən, müsahibədə iştirak etmək hüququndan yalnız bir dəfə istifadə edə bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquq sahəsində fəxri ad verilmiş şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər onların müraciətləri əsasında yazılı testi vermədən, müsahibədə iştirak etmədən və icbari təlimə cəlb edilmədən vəkilliyə qəbul olunurlar. Vəkil dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edildikdə onun vəkillik fəaliyyəti dövlət qulluğuna xitam verilənədək dayandırılır. Dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış və bundan sonra dövlət qulluğunda (dövlət qulluğunun xüsusi növündə) iki il və ya daha çox qulluq keçmiş şəxslər (hüquqşünaslıq ixtisası üzrə ali təhsil tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları istisna olmaqla) dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) xitam verildikdən sonra onların vəkillik fəaliyyətinə buraxılmalarına mane olan bu Qanunla müəyyən edilmiş hallar aşkar edilmədikdə onlar müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər.

Dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış və bundan sonra dövlət qulluğunda (dövlət qulluğunun xüsusi növündə) iki ildən az qulluq keçmiş şəxslər, habelə hüquqşünaslıq ixtisası üzrə ali təhsil tələb edən vəzifələrdə qulluq keçmiş dövlət qulluqçuları dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) xitam verildikdən sonra onların müraciəti olduqda. və vəkillik fəaliyyətinə buraxılmalarına mane olan bu Qanunla müəyyən edilmiş hallar aşkar edilmədikdə vəkilliyə buraxılırlar. Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən özünə münasibətdə və ya təşkilatının adında "vəkil" sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunması qadağandır.

***

Vəkillərin cəzalandırılması

Layihəyə əsasən, Vəkillərin İntizam Komissiyası intizam icraatının başlandığı gündən üç ay müddətində vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edir. Əlavə araşdırmanın aparılmasına zərurət yaranarsa, həmin müddət üç ayadək uzadıla bilər. Vəkillərin İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər:

- xəbərdarlıq;

- töhmət;

- üzvlük haqqının 10 misli həcmində cərimə;

- "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun 9-cu maddəsində göstərilən hüquqpozmalara təkrarən yol verilməsinə və ya vəkil etikasına dair tələblərin üç dəfədən artıq pozulmasına görə pozuntunun dərəcəsindən və vəkilin peşəkarlıq səviyyəsindən, stajından, əvvəllər intizam tənbehi alıb- almamasından asılı olaraq üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması;

- vəkil adına ləkə gətirməklə vəkil peşəsinin nüfuzuna xələl gətirən hərəkətə yol verilməsinə və ya icraatında olan işlə bağlı normativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi olaraq pozmaqla təmsil etdiyi şəxsin maraqlarına ziyan vurulmasına görə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə.

Vəkillər barəsində intizam icraatı aparılarkən bu Qanunla yanaşı Vəkillərin etik davranış qaydaları haqqında Əsasnamənin və Vəkillərin İntizam Komissiyası haqqında Əsasnamənin tələbləri rəhbər tutulacaq. Vəkilin hərəkətində pozuntu müəyyən edilmədikdə və ya icraata başlama müddəti keçdikdə intizam icraatı başlanılmayacaq və ya başlanılmış icraata xitam veriləcək. Barəsində vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərar qəbul edilmiş şəxs Vəkillər Kollegiyasının seçkili orqanlarında vəzifəyə seçilə bilməz.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin intizam tənbehi barədə qərarından bir ay müddətində məhkəməyə şikayət verilə bilər.

Digər dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə vəkilin fəaliyyətinə xitam veriləcək. Vəkilin fəaliyyətinə xitam verilməsi barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarından bir ay müddətində məhkəməyə şikayət verilə bilər.

Layihəyə əsasən, Vəkillərin İntizam Komissiyasının səlahiyyət müddəti də müəyyənləşir. Vəkillərin İntizam Komissiyasının səlahiyyət müddəti beş il olacaq.

Seçilən
16
4
modern.az

10Mənbələr