Balakəndə kəndin körpüsünü sel dağıdıb. Lakin alternativ yolla kəndə giriş-çıxış, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son günlər ölkənin şimal-qərb bölgəsində qeyr-sabit hava şəraiti hökm sürür. Balakən rayon ərazisinə yağan güclü leysan yağışları rayon ərazisindən axan çaylarda suyun səviyyəsini artırıb. Əsasən Katex və Hunbul çaylarında suyun səviyyəsinin artması müşahidə olunub.
Böyük Qafqazın cənub yamacları boyunca əsasən də Balakən rayonuna gecədən yağan leysan yağışları ərazidən keçən Katex, Balakən, Hunbul çaylarında suyun səviyyəsi kəskin artıb. Balakən rayonunun Gərəkli kəndi ərazisindən keçən, mənbəyini Qubek dağlarından götürən Hunbul çayında da sel-sular artıb. Nəticədə sel kəndin yuxarı hissəsində çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız hala salıb.
Körpünün dağılması ilə kəndin bir hissəsinə avtomobillərin və piyadaların gediş-gəlişində müvəqqəti fasilə yaranıb.
Sakinlərin sözlərinə görə körpünün bir tərəfi əvvəlki sel sular nəticəsində qəzalı vəziyyətə düşmüşdü. Bu dəfə isə o tamamilə dağılıb, keçilməz olub. Sakinlər 20-yə yaxın ailənin çətin vəziyyətdə qaldığını bildirir.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən çayda suyun səviyyəsi enən andan maşın və mexanizimlər cəlb olunaraq çayda təmizləmə işi aparılıb. Digər tərəfdən kəndin digər hissəsindən həmin əraziyə əvvəllər də yol olduğundan sakinlərin hərəkətində heç bir problem yaşanmayıb.
Müvafiq qurumlar hadisə yerinə baxış keçirərək körpüdə baş verən qəzanın aradan qaldırılması istiqamətində iş aparır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu