AZ

Vəkil orderi olacaq, sorğuları 7 iş günündən gec olmayaraq cavablandırılmalıdır

Vəkil orderi olacaq, sorğuları 7 iş günündən gec olmayaraq cavablandırılmalıdır.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, vəkil orderi vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən vəkilə verilən, özündə tapşırıq üzrə istintaq (təhqiqat), prokurorluq orqanında və ya bir məhkəmə instansiyasında (işin mahiyyəti ilə əlaqəli olmayan məhkəmə aktlarından apellyasiya və kassasiya instansiyasına verilən şikayətlər üzrə məhkəmə iclasları istisna olmaqla) təmsilçilik və hüquqi yardımın göstərilməsini, hüquqi şəxslərdə təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edəcək. Vəkil orderi dövlət hesabına göstərilən hüquqi yardıma görə təhqiqat, istintaq, prokurorluq orqanlarının və ya məhkəmənin müvafiq qərarı və ya müraciət edən şəxslə vəkil (vəkil qurumu) arasında hüquqi yardımın göstərilməsi ilə əlaqədar bağlanmış müqavilə əsasında veriləcək.

Dövlət hesabına göstərilən hüquqi yardıma görə verilən vəkil orderi vəkilin təmsilçilik səlahiyyətlərini müəyyən edən və vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin möhürü ilə təsdiq olunan sənəddir. Müqavilə əsasında verilən vəkil orderi vəkilin təmsilçilik səlahiyyətlərini müəyyən edən, vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin möhürü ilə təsdiq olunan və üzərində onun həqiqiliyini əks etdirən order markası olan sənəddir. Order markası özündə vəkil orderinin unikal seriya və nömrəsini əks etdirən xüsusi nişandır. Vəkil orderinin və order markasının forması, hazırlanması, istifadə qaydası və order markasına görə ödənişin məbləği Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) tərəfindən müəyyən olunacaq.

Vəkil sorğusu isə peşəkar hüquqi yardımın göstərilməsi üçün zəruri olan məlumatların (sənədlərin) əldə olunması məqsədilə dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, habelə qanuna uyğun olaraq fəaliyyət göstərən digər hüquqi və fiziki şəxslərə həmin şəxslərin səlahiyyət hədləri nəzərə alınmaqla vəkil tərəfindən verilən və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hallarda cavablandırılmalı olan yazılı müraciətdir. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə başqa qayda nəzərdə tutulmadıqda vəkil sorğusu daxil olduğu gündən ən qısa müddətdə, lakin yeddi iş günündən gec olmayaraq cavablandırılmalıdır. Bu müddət ərzində sorğunun cavablandırılması mümkün olmadıqda, həmin müddət əlavə olaraq yeddi iş günü uzadıla bilər.

Vəkil tərəfindən göndərilən sorğuya onun sorğu göndərilən iş üzrə səlahiyyətli olduğunu müəyyən edən vəkil orderinin vəkil qurumunun rəhbəri və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən təsdiq olunmuş surəti əlavə olunmalıdır. Vəkil sorğusu vəkil qurumunun sorğu göndərən vəkili və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən müvafiq blankda çap və imza edilməklə, habelə vəkil qurumunun rəhbəri və fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən möhürlənməklə təsdiqlənməlidir.

Seçilən
43
5
apa.az

10Mənbələr