AZ

Qeyri neft ixracında yeni yüksəliş

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

8 ayda 2,4 milyard dollarlıq məhsul satılıb

Azərbaycan iqtisadiyyatının inkişaf trayektoriyası artıq neftlə məhdudlaşmır. Son illər atılan ardıcıl addımlar, dövlətin qeyri-neft sektoruna verdiyi dəstək və sahibkarlığın gücləndirilməsi nəticəsində ölkənin ixrac coğrafiyası və strukturunda mühüm dəyişikliklər baş verir. Bunun ən bariz nümunəsi isə 2025-ci ilin yanvar-avqust aylarına dair göstəricilərdir.

Rəqəmlər Azərbaycanın iqtisadi sabitliyinin, diversifikasiya siyasətinin və milli brend məhsullarının dünya bazarında qazandığı etimadın aydın sübutudur. Cari ilin ilk 8 ayında qeyri-neft sektoru üzrə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,4 milyard dollar səviyyəsinə çatıb. Bu, ölkə iqtisadiyyatının neftdən kənarda da yüksəlişdə olduğunu göstərir.

Azərbaycanın kənd təsərrüfatı və aqrar-sənaye məhsulları üzrə göstəriciləri də diqqətəlayiqdir. Torpağımızın bərəkəti bu gün beynəlxalq bazarlarda layiqli yer tutur. Bu ilin yanvar-avqust aylarında aqrar məhsulların ixracı 28,2 faiz artaraq 614,4 milyon dollar, aqrar-sənaye məhsullarının ixracı isə 4,7 faiz artaraq 209,5 milyon dollar təşkil edib. Ümumilikdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3 faiz artaraq 823,9 milyon dollara yüksəlib. Bu rəqəmlərin arxasında minlərlə fermerin zəhməti, kənd təsərrüfatında tətbiq olunan müasir texnologiyalar və dövlət dəstəyinin real nəticələri dayanır.

İxrac səbətində ən çox diqqətçəkən sahələrdən biri yeyinti məhsullarıdır. 8 ayda bu sahə üzrə ixrac 22,9 faiz artaraq 774,2 milyon dollar olub. Ənənəvi məhsullar isə öz mövqelərini daha da möhkəmləndirib: şəkər ixracı 58,2, meyvə-tərəvəz 32,2, kimya sənayesi məhsulları 24,3, pambıq iplik 16,3, çay 2,1, qara metallar və onlardan hazırlanan məmulatların ixracı isə 0,2 faiz artım nümayiş etdirib. Bu artımlar Azərbaycanın daxili istehsal imkanlarının güclənməsindən, həm də dünya bazarında keyfiyyətli, rəqabətədavamlı məhsul kimi qəbul olunmasından xəbər verir.

Neft uzun illər Azərbaycan iqtisadiyyatının lokomotivi olub. Lakin bu gün ölkə yeni bir mərhələyə qədəm qoyur. Göstəricilər sübut edir ki, Azərbaycan artıq qlobal iqtisadiyyatın kənd təsərrüfatı, sənaye və digər qeyri-neft məhsulları ilə çıxış edən güclü iştirakçısıdır. İxracın artması, xüsusilə də qeyri-neft sektorunda müşahidə olunan yüksəliş ölkənin valyuta ehtiyatlarını möhkəmləndirir, yeni iş yerlərinin açılmasına zəmin yaradır və ən əsası, Azərbaycanın iqtisadi müstəqilliyini daha da gücləndirir.

Qeyd edək ki, ölkə rəhbərinin sahibkarlığın inkişafına, milli istehsalın gücləndirilməsinə verdiyi strateji dəstək nəticəsində sənaye zonaları işgüzar fəallığın mərkəzinə çevrilib. İnfrastrukturun müasirliyi, güzəştli vergi və gömrük rejimi, sürətli icazə və idarəetmə mexanizmləri sahibkarların bu məkanlara marağını daha da artırır. 2013-cü ildən bu günə qədər sənaye zonalarına 8,03 milyard manat həcmində investisiya cəlb olunub. Bu məkanlarda 160 sahibkar rezident statusu qazanıb, daha 12 sahibkar isə qeyri-rezident kimi fəaliyyət göstərir.

Yatırılan 6,88 milyard manatlıq sərmayə sayəsində 10 min 900 daimi iş yeri yaradılıb. Bu isə həm ailələrin rifahına, həm də ümummilli iqtisadi sabitliyə verilmiş töhfədir. Sənaye zonaları bu gün istehsalın genişləndirilməsi, idxaldan asılılığın azaldılması və ixracın şaxələndirilməsi baxımından diqqət çəkir. Bu zonalarda həyata keçirilən layihələr Azərbaycanın iqtisadi xəritəsini yenidən cızır, regionlarda balanslı inkişafı təmin edir və yerli resursların dəyərə çevrilməsində mühüm rol oynayır.

Azərbaycanın bu uğurları təsadüfi deyil. Onların arxasında illərlə aparılan sistemli iqtisadi islahatlar, kənd təsərrüfatına və sənayeyə yönəldilən dəstək, sahibkarlığın stimullaşdırılması və ixrac missiyalarının fəallaşması dayanır. Bu gün Azərbaycan iqtisadiyyatı öz yolunu aydın şəkildə müəyyən edib: neftlə yanaşı, qeyri-neft sektoru da inkişaf edir və ölkənin qlobal iqtisadi müstəvidə güclü imicini formalaşdırır. Rəqəmlər isə bir daha sübut edir ki, Azərbaycan gələcəyə inamla addımlayır.

Vüqar BAYRAMOV,Milli Məclisin deputatı

Neftdən kənar sektorun həm inkişafı, həm də ixrac imkanlarının genişləndirilməsi əsas iqtisadi prioritetlər sırasındadır. Nəzərə alınsa ki, iqtisadiyyatın diversifikasiyasının əsas vasitəsi daha çox məhsulların ixracının təşviqidir, bu sahədə atılan addımların önəmi daha da aydın görünür. Bir tərəfdən ümumi ixracın həcminin artırılması, digər tərəfdən isə qeyri-neft sektorunun payının yüksəldilməsi bu kontekstdə mühüm əhəmiyyət daşıyır.

Çünki ixrac ölkəyə valyuta vəsaitlərinin daxil olması deməkdir. Eyni zamanda qeyri-neft məhsullarının ixracının çoxalması iqtisadiyyatın və ixrac strukturunun şaxələndirilməsi baxımından vacibdir. Statistik göstəricilər sübut edir ki, 2025-ci ilin səkkiz ayında qeyri-neft ixracında artım tendensiyası davam edib.

Bu isə bir tərəfdən ixrac potensialının artdığını, digər tərəfdən ixrac olunan məhsullar arasında sənaye məhsullarının payının çoxaldığını göstərir. Bu fakt, təbii ki, ixracın məhsul çeşidləri baxımından zənginləşməsi və diversifikasiya siyasətinin daha da möhkəmlənməsi anlamına gəlir. Məxsusi olaraq meyvə-tərəvəz və digər konservləşdirilmiş məhsulların ixracında müşahidə olunan artımlar da bu prosesin mühüm tərkib hissəsidir. Lakin ümumilikdə, qeyri-neft ixracının strukturu sənaye məhsullarının payının artdığını nümayiş etdirir və bu artım qeyri-neft ixracının keyfiyyəti, yenilənməsi baxımından xüsusi önəm daşıyır.

Bütün bunlar göstərir ki, yeni dövrün hədəflərinə uyğun olaraq iqtisadi diversifikasiya ilə bağlı islahatlar daha da dərinləşir. Bu isə qeyri-neft ixracının həcminin artmasına, ixrac bazarlarının genişlənməsinə və nəticə etibarilə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflərə nail olunmasına gətirib çıxarır.

Nurlan ABDALOVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
xalqqazeti.az

2Mənbələr