ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Türkiyə ilə Ermənistan arasında sərhədin açılması məsələsi uzun illərdir regionun ən həssas mövzularından biri olaraq qalır. Qarabağ münaqişəsi və onun doğurduğu siyasi nəticələr iki ölkə arasında divarların qalxmasına səbəb oldu. O vaxtdan bəri sərhədin bağlı qalması yalnız iqtisadi əlaqələrdə deyil, həm də bölgədə sabitliyin və inteqrasiyanın önündə ciddi maneə kimi dayanır. Bu günlərdə Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçın Ermənistana səfəri və Ermənistan tərəfdən Ruben Rubinyanla sərhəd məntəqəsində görüşü diqqətlə izlənilir. Çünki sərhədin açılması məsələsi təkcə ikitərəfli münasibətlərin istiləşməsi deyil, həm də bütün Cənubi Qafqaz üçün yeni mərhələnin başlanğıcı ola bilər. Qapalı qapılar arxasında illərlə davam edən gərginliklərin, sərt bəyanatların, qarşılıqlı ittihamların yerini indi ehtiyatlı optimizm və diplomatik jestlər tutur”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib.
Deputat əlavə edib ki, ancaq reallıq odur ki, sərhədin açılması prosesinə Qarabağ münaqişəsinin nəticələri, eləcə də Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları birbaşa təsir göstərir: “Türkiyə hər zaman Azərbaycanla strateji tərəfdaşlıq xəttini qoruyub və bu gün də Bakının mövqeyi Ankaranın qərarlarında mühüm rol oynayır. Əgər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanarsa, sərhədin açılması ehtimalı daha da yüksələcək”.
A.Hüseynovun bildirdiyinə görə, bununla yanaşı, iqtisadi məntiq sərhədlərin açılmasını diktə edir: “Ermənistan uzun illərdir regional layihələrdən təcrid olunub, Türkiyə isə Qafqazdan Orta Asiyaya uzanan yeni nəqliyyat xətlərinə xüsusi önəm verir. Sərhədin açılması həm Ermənistan üçün iqtisadi nəfəs, həm də Türkiyə üçün əlavə tranzit imkanları deməkdir. Sosial baxımdan isə illərdir bir-birindən ayrı düşmüş insanların əlaqələri bərpa oluna bilər. Məlumdur ki, danışılan mövzular artıq gələcəyin qapısını aralamaqdadır. Bəlkə də ilk dəfədir ki, sərhədin açılması sözü bu qədər real səslənir. İndi əsas məsələ odur ki, diplomatiya yarımçıq qalmasın və uzun illərin bağlı qapıları həqiqətən də açılsın”.
Röya İsrafilova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.